- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi bahadırlarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Həmişə də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir.
Bu milli idman növümüzün əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən sərbəst güləş dünyada Amerika güləşi kimi qəbul edilsə də, əslində, bunun tarixi çox qədim, Azərbaycana bağlıdır. Sadəcə, elmi sübutlarla bunu dünyaya isbatlamaq lazımdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatda rast gəlinir. Güləşin qədimliyini sübut edən digər faktlardan biri, Azərbaycanda toy və bayram şənliklərində insanların özlərini sınayan xüsusi yerlər – Zorxanalardır.
Milli güləşin inkişaf etməsi, gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən öz irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gələn peşəkar məktəblərlə əlaqədardır. Azərbaycanda sərbəst güləşin kütləviliyi 2-ci Cahan savaşından sonra başlayıb. «Qosturud» idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə bu idman növünün banilərindən sayılır. Onun məktəbinin yetirmələri, dəfələrlə SSRİ çempionları və mükafatçıları – Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Sovetlər Birliyininin ilk dəfə qatıldığı olimpiya oyunları, Helsinki- 1952-də yarımyüngül çəkidə gümüş medal qazanan Rəşid Məmmədbəyovu misal gətirmək olar. Sonradan Azərbaycan sərbəst güləşində iz qoyan insanlar çoxdur. Bunlardan biri bu gün 70 yaşını qeyd edən Cavanşir Qurbanovdur. Çoxları onu Güləş federasiyasının vitse-prezidenti kimi tanıyır. Amma mütəxəssisin idman sahəsindəki fəaliyyətini təkcə bununla məhdudlaşdırmaq düzgün olmazdı. Azərbaycanın əməkdar məşqçisi, idman ustası, beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman xadimi, fəxri bədən tərbiyəsi və idman işçisi, xalq maarifi əlaçısı, MOK üzvü professor Cavanşir Qurbanov Azərbaycan güləşinin inkişafı sahəsindəki çoxillik fəaliyyətini yorulmadan davam etdirməklə yanaşı, həm də “Təfəkkür” universitetinin bədən tərbiyəsi kafedrasının müdiri kimi ölkədə tələbə idmanının, gənclərimizin hərtərəfli, harmonik inkişafına da zəhmət payını qatır.
Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. O, idmana erkən yaşlarında, güləşə olan böyük sevgisi ilə gəlib. İki gündən sonra 7-ci onilliyi başlanacaq böyük həyat yolunun güləşə həsr olunmuş hissəsi uzun bir dövrü əhatə edir. Güləş xalçası üzərinə ilk dəfə 1962-ci ildə Ordu İdman Klubunda çıxan Cavanşir 4 ildən sonra artıq idman ustası normasını yerinə yetirib. Dəfələrlə Azərbaycan çempionu olub, Ümumittifaq və beynəlxalq turnirlərdə mükafata layiq yer tutub.
1972-ci ildə Xalq Təsərrüfatı İnstitutunu (indi İqtisadiyyat Universiteti) bitirib. Amma özünü idmandan ayrı təsəvvür etməyən C.Qurbanov idman sahəsi üzrə ali təhsil almaq üçün Bədən Tərbiyəsi institutuna (indi-ADBTİA) daxil olub. Təhsilini davam etdirməklə yanaşı, Bakı Xalq Maarifi şöbəsinin güləş idman məktəbində məşqçi, eləcə də məktəbin müdiri vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi 1990-cı ilə qədər orada sərbəst güləş üzrə SSRİ, dünya və Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, gənclər arasında SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov kimi tanınmış pəhləvanlar yetişib. Onun özünün şəxsi məşqçilik fəaliyyətinin məhsulu 10-a yaxın idman ustası və müxtəlif dərəcəli idmançılardır. Onların arasında 2003-cü ilin sərbəst güləş üzrə bürünc mükafatçısı, Afina olimpiadasında 5-ci olmuş Rüstəm Ağayevi xüsusi qeyd etmək lazımdır.
Cavanşir Qurbanovla tanışlığım idman mətbuatına gəlişimizn ilk illərinə, 2002-ci ilə təsadüf edir. Bu işdə Gənclər və İdman Nazirliyinin o vaxtkı mətbuat katibi Raqif Abbasovun rolu olub. Onda federasiya əməli olaraq 1 saylı ETK-nın binasında yerləşirdi. Dərnəgülə yollanıb mütəxəssislə görüşdüm. Elə orda özəl, mühüm məlumat verdi. Dedi ki, qadın güləşi olimpiya proqramına salınıb. Sonradan çox söhbətlərimiz oldu. İsti münasibət dostluq əlaqəsinə çevrildi. 2009-2010-cu illərdə AGF-də birgə çalışdıq, daha yaxın olduq, birgə çox səfərə çıxdıq. Belə bir məsəl var: Dostunu yolda tanı. Cavanşir müəllimin gözəl insan və gözəl yol yoldaşı olmasını bir daha gördüm.
Onun federasiyanın 1-ci vitse-prezidenti kimi fəaliyyət dövrü Azərbaycan güləşinin şanlı səhifələrini təşkil edir. Bu illər ərzində pəhləvanlarımız, 2 qızıl və 1 gümüş olmaqla, 3 olimpiya medalına sahib olublar.
Cavanşir Qurbanovun əməyinə verilən qiymət yuxarıda sadaladığımız fəxri adlarda öz əksini tapıb. Beynəlxalq Güləş Federasiyası da, ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrin əvəzində, onu özünün qızıl medalına layiq bilib. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında o vaxtkı FİLA prezidenti Rafael Martinetti daha bir mükafatı –
Senatorlar klubunun qızıl medalını ona təqdim edib.
Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Professorun idman nəzəriyyəsi və tədris metodikası sahəsindəki yarıdıcılığı da təqdirəlayiqdir. İndiyə kimi onun qələmindən 20-yə yaxın elmi məqalə və metodiki vəsait çıxıb. Onun Azərbaycan idmanına lazım olan əməyi hələ bundan belə də öz əvəzsiz bəhrəsini verəcək.
Cavanşir Qurbanovun 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Kamran HACI