Elmar Baxşıyev: “Favorit “Neftçi”dir, digərləri təxminən eyni səviyyəlidir”

Mövsümlərarası fasilədə növbəti futbol ilinə yaxşı hazırlaşan və keçirilən yoxlama oyunlarında ardıcılı qələbələr qazanan “Qəbələ”nin əvəzedici komandasının çempionata uğurlu başlayacağı gözlənilsə də, əksinə oldu. Allsport.az xəbər verir ki, gənc kollektiv ilk 2 oyunda meydanı məğlub tərk edib.

“Qəbələ İK” qəzetinin əməkdaşları uğursuz startın səbəblərini aydınlaşdırmaq məqsədilə komandanın məşqçisi Elmar Baxşıyevlə əlaqə saxlayıb. Gənc mütəxəssis belə startın onlar üçün də gözlənilməz olduğunu bildirib: “Bəzən gözlənilməz nəticələrdə də futbolu daha maraqlı edir. Lakin biz çalışırıq ki, uğursuz start futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərməsin. Futbolçularımıza inanırıq. Başlanğıcdakı məğlubiyyətləri unudub
qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

“Qəbələ”nin əvəzediciləri 2 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıblar. Baş məşqçinin köməkçisi hesab edir ki, hazırda əsas problemləri qol vəziyyətlərindən istifadə edə bilməməkdir: “Hər iki matçda çoxlu qol şanslarımız olub. Sadəcə, bunların reallaşdırılmaması bizi geri salır. Futbolçularımız son nöqtəni qoya bilmirlər. Fikrimcə, bu, təcrübəsizliklə əlaqədardır və onun üzərində işləyirik. Adi epizodda bir toxunuşla topu qapıya göndərmək lazım olanda, futbolçularımız bunu iki ötürməylə edir və nəticədə epizodu qaçırırlar. Rəqiblərimizdən “Neftçi”nin oyununu görmüşük. Hazırda lider olan bu komandanı favorit sayıram. Digərləri təxminən eyni səviyyəlidir”.

İlk turlarda nəticə qaneedici olmasa da, məşqçilər korpusu oyun baxımından futbolçulardan narazı deyil: “Futbolçularımız məzmunlu, kombinasiyalı oyun göstərirlər. İlk turda “Qarabağ”a qarşı çox yaxşı oynadıq. Deyərdim ki, yalnız şanssızlıq istəyimizə çatmağa mane oldu. AZAL-la matçda lazımı qədər qol vəziyyətləri yaratsaq da, bundan istifadə edə bilmədik. Üstəlik, aldığımız qırmızı vərəqə ilə özümüz oyunun gedişatını əleyhimizə dəyişdirdik. Hər 2 matçda xeyli qol şanslarımız olub. Sadəcə, futbolçularımız son nöqtəni qoya bilmədilər”.

Əvəzedici heyət hazırlıq matçlarında “Rəvan”ın əsas komandasına 6:3 hesabıyla qalib gəlib. Hətta ilk hissədən sonra “Qəbələ” hesabda 5:0 irəlidə olub. Bəlkə bu cür nəticələr futbolçularda yaranan arxayınlıqdan irəli gəlib? Baxşıyevi dinləyək: “Yoxlama matçları əsas oyunlara hazırlıq xarakteri daşıyır. Ola bilər “Rəvan”la oyun bizim üçün çox uğurlu alınmışdı. Əvəzedicilərin çempionatında ən gənc komanda bizdədir. Heyətimizdə 1998-ci il təvəllüdlü futbolçular da var. Onlar yaxşı potensiala malikdir. Müdafiəçilərimiz, orta sahə, cinah oyunşularımız yaxşı təsir bağışlayırlar. Hazırda əsas diqqəti ön xətt oyunçuları ilə çalışmalara yönəltmişik. Ardıcıl məğlubiyyətlər bizim zəif olduğumuz anlamına gəlməməlidir. Yola davam edirik. Əminəm ki, növbəti oyunlarda ardıcıl qələbələr qazanıb, zəhmətimizin bəhrəsini görəcəyik”.

Əvəzedici heyətlərin əsas məqsədi əsas komanda üçün futbolçu hazırlamaq olsa da, məşqçi nəticə qazanmağı da vacib sayır: “Çünki nəticə olmayanda, futbolçu da yetişmir. Komanda qələbə qazanmalıdır ki, futbolçu da səviyyəsini artırsın. Hazırkı vəziyyətdə biz məşqçilərin də üzərinə böyük iş düşür. Mən də “Qəbələ”nin yeni məşqçisi kimi böyük həvəslə çalışıram”.

Həmin kateqoriyadan