- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
“Synergy Group” ASC-nin müşahidə şurasının sədr müavini, “Shamkir Chess-2016” superturnirinin direktoru Fərid Hüseynov Vüqar Həşimov memorialının başa çatmasından sonra jurnalistlərlə görüşüb. Allsport.az saytı sizi in sual-cavabla tanış edir:
– Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başa çatdı. Yarışın yekunu olaraq təəssüratlarınızı bilmək istərdik?
– “Shamkir Chess-2016” 10 gün ərzində şahmat həvəskarları üçün əsl bayram yaşatdı. Şəmkirdə qələbə uğrunda dünyanın aparıcı şahmatçıları mübarizə apardı. Təşkilatçı olaraq qonaqların, iştirakçıların turnirdən razı qalmasını bizim işimizə verilən ən yüksək qiymət hesab edirəm. Yarış baxımından maraqlı mübarizənin şahidi olduq. Həm Azərbaycan, həm də əcnəbi şahmatçılar qələbə uğrunda sona qədər yarışdı. Bu amil yarışı daha da maraqlı etdi. Ən əsası isə Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovun uğur qazanması bizlərə böyük sevinc bəxş etdi.
– Ümumilikdə əsas mübarizənin ABŞ təmsilçisi Fabiano Karuana və Hollandiya şahmatçısı Aniş Giri arasında gedəcəyi gözlənilirdi. Amma Şəhriyar Məmmədyarov son 3 turda uğur qazanmaqla yarışın qalibi oldu. Yəqin, Məmmədyarovun qələbəsi sizin üçün də gözlənilməz oldu?
– Hər zaman Azərbaycan şahmatçılarına inanmışıq. Turnirdən əvvəl də söyləmişdim ki, Şəmkirdə Azərbaycan şahmatçısının çempion olmasını arzulayırıq. Əvvəlki iki yarışda norveçli Maqnus Karlsen birinci yeri tutub. Bu dəfə isə biz Şəmkirdə sözün əsl mənasında triller izlədik. Fabiano Karuana ilk turdan çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Bütün rəqiblərlə görüşdə güzəştsiz mübarizə sərgiləyirdi. Aniş Giriylə yanaşı dünya çempionluğuna iddialı Sergey Karyakin də Karuanaya rəqabət yaratmağa çalışırdı. Şəhriyar 7-ci turda Eltac Səfərlini məğlub edəndən sonra yekun haqda danışaraq bildirdi ki, nəticə haqda sonda fikir bildirmək olar. Bu sözlərdən sonra bizim hər birimizin ona inamı daha da artmışdı. Lakin əsas işi şahmatçı görür. Şəhriyar əvvəlcə Fabiano Karuana və Aniş Girini məğlub etdi, sonra tay-brekdə ABŞ-ı təmsil edən şahmatçını üstələdi. Bütün Şəmkir son partiyada ona dəstək olurdu. Təsəvvür edin, Heydər Əliyev Mərkəzində mühafizəçidən başlayaraq hər bir rəsmi qonaq, yeniyetmə şahmatsevərlər Məmmədyarova görə həyəcan keçirirdi. Son gedişi edəndən sonra zalda sevinc göz yaşlarını da görmək olardı.
– “Shamkir Chess-2016” nəticəsinə görə də tarixə düşəcək. Çünki, bu yarışda ilk dəfə Azərbaycan şahmatçısı qələbə qazandı.
– Azərbaycanda çox güclü şahmat ənənələri var. Kişi şahmatçılarımız iki dəfə Avropa çempionu olub. Fərdi yarışlarda da çoxlu sayda uğurlar əldə edilib. Amma indiyə qədər 20-ci kateqoriyalı yarışda heç bir şahmatçımız çempionluq sevinci yaşamayıb. Şəhriyar bu mənada da ilkə imza atdı. Məmmədyarov sübut etdi ki, şahmatçılarımız heç kimdən geri qalmır. Bu qələbə Bakı Şahmat Olimpiadası ərəfəsində Azərbaycan millisinə böyük ruh yüksəkliyi verəcək. Ən vacib məqamlardan biri isə xatirə turnirinin Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovla bağlı olmasıdır. Vüqar hər zaman şahmatımızın qələbəsini istəyib. Ona görə Şəhriyarın uğuru ikiqat əhəmiyyətlidir.
– Şəmkirdə ilk dəfə xanım şahmatçı da mübarizə apardı. Hou Yifanın turnirə qatılması nəyi dəyişdi?
– Qadınlar arasında dünya çempionu Hou Yifanın Şəmkirdə yarışması maraqlı anlarla yadda qaldı. Turnir ərzində çoxlu sayda şahmat həvəskarları partiyaları canlı izləmək üçün Heydər Əliyev Mərkəzinə gəlməklə şahmata olan diqqəti göstərdi. Məktəblilər üçün Hou Yifanı canlı görmək xüsusən maraqlı idi. Hər zaman adını eşitdikləri xanım dünya çempionu onların yaşadığı şəhərdə yarışırdı. İstirahət günündə şahmatçılar yeniyetmələr üçün seans keçirtdi. 2014-cü ildə seansda Sergey Karyakinlə heç-heçə oynayan şəmkirli yeniyetmə Xəyalə Nağıyeva bu dəfə Hou Yifanla yarışdı. Qeyd edim ki, Xəyalə ötən il həmyaşıdları arasında məktəblilərin turnirində çempion olub. Ardınca isə Azərbaycan birinciliyində ikinci yeri tutub. Əsas məqsədimiz Şəmkirdə şahmata olan marağı artırmaq və yeniyetmələrin inkişafına kömək olmaqdır. Çox istərdik ki, gələcəkdə belə superturnirlərdə Şəmkir də öz şahmatçılarıyla təmsil olunsun.
– Azərbaycan şahmatçılarının Şəmkirdəki çıxışını necə qiymətləndirirsiniz?
– Ölkənin dörd ən güclü şahmatçısı Şəmkirdə iştirakçılar sırasında idi. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərlini hər dəfə eyni yarışda izləmək imkanı olmur. Fikrimcə Şəmkir turniri Bakı Şahmat Olimpiadası ərəfəsində onlar üçün əsl sınaq oldu. Biz şahmatçılarımıza və Azərbaycan yığmasına olimpiadada uğurlar arzu edirik.
– Şəmkir turniri artıq dünya şahmat yarışları arasında özünəməxsus yer tutub. Təşkilatçı kimi yəqin bu amil sizi sevindirir…
– Əsas məqsədimiz Azərbaycanın istedadlı oğlu Vüqar Həşimovun adına layiq turnir təşkil etmək idi. Hədəfimizə nail olduq. Ardıcıl üçüncü dəfə təşkil olunan superturnir yüksək təşkilatçılıqla yeni standartlar nümayiş etdirdi. Həm iştirakçılar, həm də qonaqlar Şəmkirdə Vüqarın adına yığışmışdı. Bu mənada biz fəxr edirik ki, Vüqar Həşimovun Memorialını onun adına layiq səviyyədə keçirə bildik. Bu işdə bizə dəstək olan yerli mətbuata təşəkkür edirik. Synergy Group özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil və idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Gələcəkdə də Azərbaycan idmanının yanında olmağa çalışacağıq.