- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycanın müstəqillik qazandıqdan sonra, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyulurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, dövlətin simasına çevrilən aparıcı növlərinə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən ümummilli lider Heydər Əliyev etdi. Dahi siyasətçinin yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün hər cür dəstək verdi. Onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev, öz növbəsində, əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini üçün, bu sahəyə böyük qayğı göstərir. Bu işdə olimpiya hərəkatına da geniş yer verilib. Çünki olipmizm idealları ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzinin, təfəkkürünün, eləcə də milli-mədəni, sosial-ictimai baxışları birləşdirir. Hər 4 ildən bir keçirilən olimpiadalar özündə bir dövrün müxtəlif regionundakı hadisələrin annotativ təhlili və hesabatıdır. O, cəmiyyətimizdə baş verənlərin inikası, zamanın sülh nəbzidir.
Bu gün elə «dördilliy»in bizə bəxş etdiyi qəhrəmanların birindən söhbət açacağam. Fərid Mansurov – gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri, olimpiya, 2-qat dünya çempionu. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında da hamı ondan qızıl medal gözləyirdi. Bu da əbəs deyildi. Axı, onun titulları sırasında yalnız Avropa çempionluğu yox idi. Özü də əla formadaydı. Təəssüf ki, o bu dəfə də arzusuna çatmadı. İspan rəqibi ilə görüşdə publikaya işləyən effektli fəndlə 4 xal qazanması ona baha başa gəldi, ağır zədə aldı. Çənəsinin 2 yerdən sınmasına rəğmən, sonrakı görüşə də çıxdı. Qoruyucu dəbilqəylə isveçli rəqibi önünə çıxan Fərid arenaya toplaşanları növbəti qələbəsiylə ayağa qaldırdı. Dözülməz ağrılarla 1/8 final görüşündən qələbəylə ayrılan müasir yunan- Roma güləşimizin «səraslanı» həkimlərin məsləhətiylə sonrakı mübarizədən imtina etdi. Arenada, ciddi zədəyə görə, onun Avropa çempionatında çıxışını dayandırması elan olunanda, azarkeşlərin «FƏRID – ÇEMPION!» sədalarıyla idmançıya dəstəyi özü də bir zirvədir.
İlk tanışlıq
Fərid Mansurovla əyani tanışlığım 2004-cü ilin yayına təsadüf edib. İdmançılarımız Afina olimpiadasına hazırlaşırdılar, vəsiqə qazananlar məlumdu. Onda «Futbol+qol» qəzetində çalışırdım – qızmar istidə işin qızğın vaxtıydı – həftədə ən azı, 2 dəfə lisenziyaçılardan müsahibə götürməliydim. Elə oldu növbə Fəridə çatdı. Görüş üçün Tofiq Bəhramov adına stadionun güləş zalına yollandım. «Klassiklər» orda təlim-məşq keçirdi. Məni adəti üzrə millininin o vaxtkı baş məşqçisi Elçin Cəfərov qarşıladı. Çox mehriban, qonaqpərvər, sülhsevər, ağıllı, işini və yerini bilən insandır və sözsüz ki, güclü mütəxəssisdir – bu günlərdə 60-illik yubileyini qeyd etdi. Güləşçilərimizin fotoları onun otağında dolu olardı. Hamısını səliqəylə saxlayırdı. Komanda üzvlərinə ata kimiydi. Həmin dövrdə internet elə də geniş yayılmamışdı. Şəkil lazım olanda, qaytarmaq şərtiylə ondan istəyirdim.
Xülasə, zalda bir az söhbət etdikdən sonra, nə üçün gəldiyimi dedim. Uzaqdan Fəridi səslədi. Gələndə, əmiranə tərzdə bildirdi ki, bu oğlan jurnalistdir, məşqdən sonra ona müsahibə verməlidir. Komandanın hazırlığını sonadək izlədim. İdmançımız yuyunub çıxdıqdan sonra birgə birinci mərtəbəyə, çayxanaya düşdük. İndi onun yerində kikboks və boks məşğələləri keçirilir. Fəridlə söhbətdə kim bilərdi ki, təqribən bir aydan sonra, o, olimpiya millimizin yeganə qızıl medalını qazanacaq? Hələ o vaxtdan söhbətcildi. Elə idmançılar vardı ki, ondan cavabı maqqaşla dartırdın, amma Fəridlə danışmaq rahat idi, suala ətraflı cavab verirdi.
Onunla güləş federasiyasında işlədiyim ilyarım müddətində (2009-2010) daha yaxından tanış oldum. Məlum zədədən sonra, artıq karyerasını başa vurmuşdu. Ona AGF-də gənclər üzrə vitse-prezidentlik həvalə edilmişdi. Tez-tez bizim media və ictimaiyyətlə əlaqələr departamentə gəlirdi. Qurumun rəhbəri Aysel Osmanlı ilə dost idilər. Tanınmış həmkarımın nəvəsi onun pərəstişkarlarındandı, güləşməsinə heyrandı. Ailə qurması da o dövrə təsadüf etdi. Toyuna məni də çağırmışdı. Təşəbbuskar, artıq o dövrdə vitse-prezident olan Elçin Cəfərov idi. «Madonna»ya 800 nəfər güclə sığırdı. Bəy-gəlin fotosunun satışına qadağa qoymuşdu. Məqamına uyğun yüksək səviyyəli yığıncaq, şadyanalıq oldu. 1-ci vitse-prezident Namiq Əliyev federasiya rəhbərliyi adından bəyi toyda təbrik edərkən, qulağına nəsə pıçıldamışdı. Nəydi? Bunu yazmayım, sözsüz ki, Fəridin adına layiq AGF tərəfdən gözəl jest idi!
Zirvəyə məhz olimpiya oyunlarının vətənində yetişdi
25 avqust 2004-cü il. Bu tarix də Azərbaycanın olimpiya salnaməsində əbədi yerini tutacaq. Azərbaycan himni qədim olimpiya yurdunda səsləndi. Yunan-Roma güləşçimiz Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu zəfər tək bununla əlamətdar olmadı. 4 il əvvəl Namiq Abdullayev sərbəst güləşimizin ən böyük uğuruna imza atdığı kimi, Azərbaycan «klassik» güləşinin də tarixinə ilk böyük sətir yazıldı. Doğrudur, 1988-ci ildə Azərbaycan cüləş məktəbinin yetirməsi Kamandar Məcidov Seulda qızıl medala sahib çıxmışdı və onun uğuru da bizim üçün doğmadır. Ancaq Kamandar o vaxt sovet yığmasında Belarusu təmsil etdiyindən, medalın şan-şöhrəti, adı da bu respublikaya çatmışdı.
Fərid isə olimpiya oyunlarının vətənində müstəqil Azərbaycanın adını ucaltdı. Özü də bunu Mərkəzi Ordu İdman Klubunun təmsilçisi – Azərbaycan ordusunda Vətən xidmətində müsəlləh əsgər kimi etdi. Gənc olmasına baxmayaraq, onun idman karyerası «çətinliklərdən zirvəyə» dramatizmi ilə zəngindir. Hələ uşaqkən «taekvondo, yoxsa güləş» seçimini qocaman ustad Əliqulu Həsənoğlunun istedadları görmək bacarığı ilə həll etdi. «Neftçi» cəmiyyətinin birinciliyində, sonra İranda ilk beynəlxalq turniri ilə başlayan bu yol 15 yaşında yeniyetmələrin dünya birinciliyindəki «gümüş»lə möhkəmləndi. 2000-ci ildə ölkə çempionu adını qazanan Fərid ilk böyük zirvəsini bir il sonra Daşkənddə fəth etdi. Qabırğasında çat olsa da, fikrindən dönmədi, xalça üzərinə çıxdı və gənclərin dünya çempionu titulunu qazandı. Olimpiadaya lisenziyanı da belə qazandı – qələbə eşqinin ehtirasının gücü ilə. Onun xarakteri belədir. «Çalışqan, fikri-zikri qələbə olan, heç vaxt ruhdan düşməyən uşaqdır» – vaxtilə Əliqulu Həsənoğlu yetirməsi haqqında belə deyirdi. Məşqçisi bir də onu deyirdi ki, Fəridin fəndləri əks-fəndə çevirmək, məqamı duymaq qabiliyyəti çox güclüdür. Bunu olimpiadada bir daha görüb əmin olduq. Həm də necə?
Fərid Mansurov yarış boyu yalnız ən güclü, dünya şöhrətli nəhənglərlə güləşdi. Qrup yarışında 1992-ci ildən bu yana olimpiya kürsüsündən düşməyən kubalı Xuan Luis Marini 3:0-lıq qələbə ilə yendi. Atlanta oyunlarının çempionu, döşəkdə tüğyan edən polşalı Riçard Volnıya da eyni üsulu tətbiq edib 6:2 hesabı ilə qalib gəldi. Bu görüşlərdə Fərid taktiki-texniki fəndlərlə rəqiblərinə aman vermədi, onları döşək üzərində vurnuxmağa vadar etdi.
1/4 finalda o, ikiqat Asiya çempionu Pərviz Zeydvəndlə bir qədər fərqli üslubda mübarizə apardı. 2 xal qazanıb gözləmə mövqeyi tutdu. 3 xal həddini aşmadığı üçün əlavə vaxt təyin edildi. Fərid rəqibə cəmi 1 xal qazanmağa fürsət verdi. Yarımfinalda daha prinsipial rəqabət olacaqdı. 2002-ci ildə məhz norveçli Cimmi Səmuelson onu «dünya qızılı»ndan məhrum etmişdi. Fəridin tutaşmada üslub, taktika seçimi, hər fəndi vaxtında yerinə yetirmək bacarığını burada gördük. Əvvəlcə skandinaviyalı idmançı 1 xal qazandı. Sonra 6 dəqiqə gərgin rəqabət oldu. Bu həm də fərqli psixologiyaların döyüşü idi. Əlavə vaxta bu hesabla da keçiləcəyi gözlənilən an, Fərid 2 xallıq fənd işlətdi və artırma dəqiqələrində üstünlüklə yollandı. Çoxları bu vaxt hesabı qorumağa çalışardı. Amma Fərid tam əminlik üçün hesabına 1 xal da yaza bildi və bu ona qələbə gətirdi.
Onun son 3 Avropa çempionatının qalibi türkiyəli Şərəf Əroğlu ilə mübarizəsi isə əsl dərslik nümunəsidir. Rəqib idmançı rəqibi parter vəziyyətinə salarkən işlətdiyi fəndlə məşhurdur. Ancaq Fəridlə bu, keçərli olmadı. Şərəf Əroğlu, elə bu niyyəti həyata keçirmək istərkən, əks-hərəkətdə yaxalandı və sinə üzərindən aşırma fəndi idmançımıza 3 xal qazandırdı. İlk hissədə pəhləvanımız daha 1 xal əldə etdi.
İkinci hissədə ona yalnız taktiki mücadilə aparmaq lazım idi. Əroğlu yalnız finiş ərəfəsində sevimli fəndini işlədə bildi; gücü, imkanı da elə buna çatdı və Fərid Mansurov olipmiada çempionudur! Tək elə bu qələbəni görmək üçün 18 gün o möhtəşəm oyunları izləməyə dəyərdi. Cəmi 22 yaşında olsa da, o, Azərbaycan güləşçiləri üçün dastan yazdı – əzm, iradə, çətinliklərdən qorxmaq, ona sinə gərmək, öz məqsədinə doğru inamla addım-addım irəliləmək dastanı. «İdmançılarımızın, uğurlu çıxışları Azərbaycan gənclərində vətənpərvərlik ruhunu daha da yüksəldir. Biz gərginliyi, yeniyetmələrimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, böyütməliyik. Əlbəttə, bunun çox böyük mənası var. Azərbaycan ordusu da güclənir, əsgəri daha da peşəkar olur. Bu baxımdan burada böyük məna var» deyən ölkə başçısı İlham Əliyev də ordu əsgərinin qələbəsinin rəmzi mənasını xüsusi qeyd etdi.
Avqustun 26-da olimpiya oyunlarını izləmək üçün Afinaya gəlmiş Azərbaycan prezidenti İlham Əliyev onunla və seçmə komandanın baş məşqçisi Elçin Cəfərovla görüşdü. «Afinada unudulmaz anlarından biri də dövlət başçısı İlham Əliyevin məni təbrik etməsiydi. Çox həyəcanlı idim. Qazandığım bu qələbə əslində prezidentin ölkə idmanına qayğısının bəhrəsidir» deyən Fərid Mansurovun nailiyyətinə ölkə rəhbəri də öz qiymətini verdi: «Bu, böyük bayramdır, bütün Azərbaycan xalqının bayramıdır. Bu, Azərbaycanın gücünü, idmanın səviyyəsini göstərir. Təkcə idmanın deyil, ölkəmizin səviyyəsini, şöhrətini göstərir».
Məşqçilikdən dövlət qulluğuna
Olimpiya çempionu karyerasını erkən bitirməsinə rəğmən, güləşdən ayrılmadı, vitse-prezident kimi işini davam etdirdi. Yunan-Roma millisinə baş məşqçi lazım olanda, sinəsini qabağa verdi. 2011-ci il çətin sınaq idi. Komandalar London-2012 oyunlarına hazırlığa başlamışdılar. Sentyabrda Onları İstanbulda lisenziyalı dünya çempionatı gözləyirdi. Yarışın açılışına o vaxt çalışdığım «İdman» qəzetində telefizordan baxdım. Keçmiş baş nazir, indiki prezident Rəcəb Tayyub Ərdoğan da təşrif buyurmuşdu. Mərasimdə duetdə canlı oxunan «Əziz dost» mahnısı Azərbaycan musiqisinin necə füsunkar, zəngin çalarlarının olduğu bir daha təsdiqlədi.
Nəticəyə gəldikdə, Mərmərə sahilində keçirilən rəqabət gərginliyi ilə fərqlənirdi. Dünyanın öncül bahadırları «Dumanlı Albion»a vəsiqəni elə bu yarışdaca həll edib olimpiadaya hazırlığı erkən plan əsasında başlamaq niyyətindəydilər. Bu üzdən, orda cəmi bir medalımız oldu – Rövşən Bayramov karyerasının ilk və yeganə dünya çempionluğununa qovuşdu. Onun uğuru, baxımlı və texnikalı güləşi komandanın liderinin, Fəridin yoxluğunu bir müddət hiss etdirmədi. Amma, nədənsə, federasiya rəhbərliyi gənc baş məşqçiyə güvənmədi, onun yerinə Saleh Boranın başçılıq etdiyi türkiyəli heyət gətirildi və beləliklə, «sərbəstlər»dən sonra bu növə də əcnəbi mütəxəssislərin ayağı açıldı.
2016-cı ilin 6 sentyabrında yayılan xəbər bütün idman ictimaiyətini sevindirdi: gənclər və idman naziri Azad Rəhimov idman şöbəsində boş qalmış müdir vəzifəsinə Fərid Mansurovu təyin etdi. Olimpiya çempionunun kürsüsündə çox adamın gözü vardı, 4 bir tərəfdən tapşırıq zəngləri gəlirdi. Ancaq uğurlu nazir elə şəxsin üzərində dayandı ki, onu hamı qəbul və təqdir edirdi. Gənc mütəxəssis yeni işinə başlayan kimi, islahata əl atdı: bəzi sektorlarda rəhbər dəyişikliyi oldu, bəzi şöbələrdə məsləhətçilərin əl-ayağı yığıldı. Ondan sələfi dövründə adların verilməsində yaradılan süni maneələr aradan qaldırıldı, düzgünlük bərpa oldu. Fərid Mansurovun idman ictimaiyətində rəğbətlə qarşılanan və bəyənilən özəl addımı müxtəlif növlər üzrə beynəlxalq yarışlarda fərqlənən komandalarla nazirlikdə görüşlərin təşkilidir. Bu toplantılarda idmançılar tribuna əldə edir və dövlət hesabına KİV-də hər tərəfli təbliğat olunur.
Bakı-2017 İslam olimpiadası və Buenos Ayres-2018 yeniyetmələrin olimpiya oyunlarında qazanılan uğurda onun da payı var. Bəzilərindən fərqli, vəzifədə olmasına rəğmən, sadəliyini itirmir. Yanına xahişə gedəndə, mümkündürsə, «hə» deyir və edir. Bəziləri kimi, yalandan ümid verib uzatmır, qarşısındakını bolşuna get-gələ salmır. Alınmayanda, açıq söyləyir və məsələni izah edir, yalandan bəhanə gətirmir. Dostluğa sədaqətlidir. İdmanda tanıdıqlarımdan, keçmiş komanda yoldaşı, hazırda təhsil nazirliyinin 8 saylı UGİM-in direktoru İlqar Abdulov, dünya və Avropa çempionatlarıınn mükafatçısı, indi taekvondo üzrə millinin böyük məşqçisi Rəşad Əhmədovla çox yaxındır. O, jurnalistlərlə də səmimidir, açıqdır. Dünyaya gəlişində də xoş təsadüf var: idmançıların himayədarı, dostu olmuş ümummilli lider Heydər Əliyevlə eyni gündə, mayın 10-da dünyaya gəlib. Əminəm ki, Fərid Mansurov idmançı kimi yüksəldiyi zirvəyə işində də nail olacaq. Buna onun ağılı, bacarığı, dürüstlüyü və artıq təcrübəsi də imkan verir. Yazını bu gündə yerləşdirməyimin səbəbsiz deyil. 5 mart – Bədən tərbiyəsi və idman günü ünlü güləşçinin bayramıdır. İndi o bu sahənin simasıdır. Məsuliyyəti də özü kimi böyükdür. 36 yaşlı gənc mütəxəssisin uğuru – biz idman adamlarının uğurudur. Başqa sözlə, digər çempionların yaxın gələcəkdə yüksək vəzifəyə etimad qazanma açarıdır.
Kamran HACI