LAYİHƏ
Flaqman 80-ci illərdə

Güclülər dəstəsinə qayıtdığı son 5 il ərzində yalnız burada yerini qorumaq uğrunda apardığı mübarizə «Neftçi»yə təsirsiz ötüşə bilməzdi. Belə ki, futbolçular oyunlara stimulsuz çıxır, çempionatın autsayderləri olduqları ilə bir növ barışırdılar. 1979-cu ildən komandada baş məşqçi vəzifəsini yerinə yetirən Əhməd Ələsgərov da komandanı bu psixoloji durumdan çıxarmağa müvəffəq ola bilmirdi. «Ağ-qaralar»ın ən ağrılı problemi isə səfər sindromu sayılırdı. Bakıda istənilən rəqibi udmağı bacaran komanda səfərdə bunu edə bilmirdi. 1982-ci il çempionatında «Neftçi» səfərdən cəmi üç xal gətirə bildi.
Ənənəvi olaraq, hazırlığın ilk mərhələsini Bakıda keçirən, sonra isə bu işi Soçidə davam etdirən komanda mövsümə pis başlamadı. Çempiona qarşı gözəl oyungöstərən komandamız hesabı qorumaqla turnir cədvəlində 7-ci pilləyə yüksəldi. İndi «Neftçi» liderdən 7 xal geri qalır, sonuncu yerdəki «Şaxtyor»u isə cəmi 4 xal qabaqlayırdı. Komandanın oyununda yüksəliş hiss olunurdu. Hətta Səmədağa Şıxlarovla Asim Xudiyev SSRİ-nin Olimpiya yığmasına cəlb olundular və komanda ilə birlikdə Trindad və Tobaqoya səfərə yollandılar.
İspaniyada keçiriləcək dünya çempionatı ilə əlaqədar mövsümdə yaranan fasilə komandamızın xeyrinə olmadı. «Neftçi»nin lideri İsgəndər Cavadovun Moskva «Dinamo»suna keçidi də mənfi təsirini göstərdi. Komandada onun yerini tuta biləcək oyunçu tapılmadı. Bütün bu çatışmazlıqlara baxmayaraq, heç kim fasilədən sonra «Neftçi»nin son turlaradək Güclülər dəstəsini tərk etmək qorxusu ilə yaşayağacını gözləmirdi. Amma ardıcıl məğlubiyyətlər vəziyyəti pisləşdirdi.Lakin son turlarda özünü toparlayan «Neftçi» 16-cı yeri tutmaqla eyni xala malik «Kuban»ı qələbələrin sayına görə qabaqlaya bildi.

1985-ci il mövsümü ərəfəsində SSRİ Futbol Federasiyası bir daha çempionatın əsasnaməsində dəyişikliyə yol verdi. 1979-cu ildən 18 iştirakçının qatıldığı ölkə çempionatında növbəti mövsümdən komandaların sayının 16-ya endirilməsi haqda qərar çıxarıldı. Buna görə də 17-18-ci yerləri tutan komandalar güclülər eşalonunu tərk edirdi. 15-16-cı yerləri tutan komandalarla Birinci liqada ilk iki yeri tutan komanda «Keçid turniri»ndə qarşılaşacaqdılar. Etiraf etmək lazımdır ki, bu məsələ «Neftçi»nin vəziyyətini xeyli çətinləşdirirdi. Bir il əvvəl son turda vəzifəsinin öhdəsindən gələn komanda ilə yeni mövsümə başlamağın riskli olduğunu düşünən İdman Komitəsinin rəhbərləri köklü dəyişikliyə əl atdılar – Ruslan Abdullayevi Vyaçeslav Solovyov əvəz elədi. Amma həmin mövsüm də aparılan islahatlar bəhrəsini gözlənilən səviyyədə vermədi.
«Neftçi»ni 9-cu pilləyə yüksəltdi. Heç kimin gözləmədiyi halda bakılılar son illərin ən uğurlu nəticəsini qazandılar.
Uzun illərdən sonra komanda, nəhayət, kubok oyunlarında uğurlu çıxış etdi, 1/4 finala qədər yüksələ bildi.

1988-ci il respublikanın bütün sahələrində olduğu kimi, futbola da təsirsiz ötüşməyən hadisələrin başlandığı il oldu. Azərbaycanda döyüşlərin getməsi, Bakıda tez-tez mitinqlərin keçirilməsi SSRİ Futbol Federasiyası üçün də yaxşı bəhanə idi. SSRİ-nin futbol məmurları Respublikada sabitliyin olmamasını əsas gətirib «Neftçi»nin birinci dövrədəki oyunlarının hamısının səfərdə keçirilməsi haqda qərar çıxardı. Bu vəziyyətdə «Neftçi»sevərlər əziyyətlərə qatlaşmağa hazır olsalar da, bu qərar səfərdə zəif oynaması ilə seçilən komandamız üçün böyük zərbə oldu. Bakılılar birinci dəstəyə düşməkdən qurtula bilmədilər.

«Neftçi»nin qapıçısı  Sergey Kramarenko SSRİ yüksək liqasında ən çox oyun keçirən azərbaycanlı sayılır (312 matç).
Paytaxt klubu SSRİ kubokunda 4 dəfə yarımfinalda dayanıb.
80-ci illərdə «ağ-qaralar»ın əvəzolunmaz yarımmüdafiəçisi, məşhur penali ustası İqor Ponamaryov Seul olimpiadasının (1988) qalibi olub. Həmin illərdə Arif Əsədov, Vladislav Qədirov və Vlaçeslav Lemiş sovet yığmasının tərkibində yeniyetmələrin dünya birinciliyini qazanıblar.
Tərlan Əhmədov U-21 ilə qitə çempionu olub (1990).
Hücumçular – Kazbek Tuayev (1963, 1966, 1967), Anatoli Banişevski (1965, 1966, 1967), Vitali Şevçenko (1971) və Maşallah Əhmədov (1986); mudafiəçi Vladimir Bruxti (1967) və qapıçı Aleksandr Jidkov (1987) SSRİ çempionatının 33 ən yaxşı futbolçu siyahısında yer alıblar.
Dünya şöhrətli hakimlərimiz Tofiq Bəhramov ilə Eldar Əzimzadə də vaxtı ikən «Neftçi»də oynayıblar.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan