LAYİHƏ
Hədəfə düşməmək üçün rəqibi hədəfə salmaq lazımdır

Təhlil

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Əslində, yaşamaq uğrunda mübarizənin əbədi həqiqəti güləşi tam mənada idman və əyləncə hadisəsi olmasına imkan verməyəcək. Elə bu günün özündə də atletikanın haqlı olaraq, bütün idman növlərinin kraliçası və anası sayıldığı kosmos, atom eralarında da güləş böyük tarixi missiyanın daşıyıcısıdır. «İgidlik ondur, doqquzu qaçmaq» məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlılıq güləşin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azaltmayıb. Elə bu günün özündə hansı obaya, oymağa, kəndə ayaq qoysan, təfəkkürün, təlim-tərbiyə, mühit və sosial davranış həqiqətlərinin qoçaqlıq və igidlik ruhuna söykənən pəhləvanlıq üzərində qurulduğunu əyani hiss edə bilərsiniz. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır.

Söz yox ki, dünyanın bir çox ölkələrində güləşin öz kökü, ənənələr məktəbi, hətta zəngin fərqli tarixçəsi var. Lakin zaman keçdikcə, deformasiyaya uğrayan bu maraqlar tarixin bir dövründən sonra yerini başqa kəmiyyət və keyfiyyətlərə verib. Hərçənd elə bu günün özündə də  hər hansı bir ölkənin güləşçisini onun güləş tarixi ənənələrindən sezmək olur. Məsələn, Finlandiyada, İsveçdə güləş böyük deformasiyaya uğrayıb və bu, sosial inkişafın optimal inkişaf səviyyəsi ilə bağlıdır. Halbuki elə təkcə ötən əsrin əvvəllərində keçirilmiş olimpiya oyunlarının tarixçəsini izlədikcə, Skandinav pəhləvanlarının vikinq əzəmətli dözüm və çeviklik məktəbi insanı valeh edir. Bu gün, tam olmasa da, döşək üzərinə çıxan hər bir isveçli və ya fin güləşçisində o ruhu, bəzənsə, məktəb tərzini hiss etmək də mümkündür. Üstəlik, bu, irsin tam itmədiyini və hər zaman onun parlaq nümayəndələrinin yetişə biləcəyini əyani göstərir. Əminlik üçün isveçlilərin qadın güləşinin yeni tarixinə nəzər salmaq yetər. Doğrudur, son illər, xüsusən bu növ olimpiya proqramına salındıqdan sonra, onlar mövqelərini əldən verməyə başlayıblar. Lakin bu da təbiidir. Ancaq onun yüksək mövqeyi Skandinav məktəbinin tarixlə səsləşən özəlliyidir.
Yapon, gürcü, yunan, alman, çin, macar, Amerika, İran məktəbləri haqqında da hər regionun öz milli güləş və fərdi mübarizə tarixi əsasında köklü misallar çəkmək olar. Bu haqda gələcəkdə kifayət qədər söz açmaq imkanımız olacaq. Hələliksə son dünya çempionatına, xüsusən də Lodon olimpiadasından sonrakı dövrdə dünyada güləşin keçdiyi yolun tendensiyalarına nəzər salaq və Azərbaycan bahadırlarının qazandıqları uğurların səbəblərinə aparıb çıxaran yolu birgə keçək.
Bu mövzuya toxunarkən, ilk növbədə, beynəlxalq federasiyanın son illərdə qaydalara etdiyi dəyişikliklərdən söz açmaq lazımdır. Yazını hər bir diyarın milli kökünə söykənən güləş ənənələrindən başlamağım da bu mənada təsadüf deyil. Bu gün mahiyyət dəyişikliklərinə məruz qalıb sadələşdirilmiş güləşdə fəndgirlik arxa plana keçib. Bu, sözsüz ki, idmançının hazırlıq konsepsiyasına və məşq sisteminə də təsirsiz ötüşməyib. Belə məqamlarda hər bir güləşçinin təkcə yenilikləri mənimsəməsi deyil, həm də onu mental süzgəcdən keçirməsi vacibdir. Fərid Mansurovun, Rövşən Bayramovun döşək üzərində sözün əsl mənasında göz oxşayıb könül açan bahadırlığı bu qəbildən olan şirinliyin məhsuludur. Onlar XX əsrin sonlarınadək işlək vəziyyətdə qalmış cəmi 300-dək fənddən yalnız bir neçəsini tətbiq etməklə, özü də bunu daha ağır sayılan «klassik» güləşdə etməklə həm də azarkeş, tamaşaçı rəğbəti qazandılar. Müqayisə aparsaq, Namiq Abdullayevin böyük təcrübəsi hesabına Sidneydə dərs keçdiyi gənc Samüel Hensonla indiki qaydalarla rəqabətini təsəvvür etmək olarmı?

Mariya Stadnikin çevikliyi də təkcə onun fiziki göstəricilərinin bəhrəsi deyil, bu, güləşin bitib-tükənməyən imkanlarının nümunəsidir. Rəqiblərdən danışarkən, elə buna görə, Mariyanın tərəf-müqabillərindən söz açmağın mənası yoxdur. Pekin və London oyunlarının əyani göstərdiyi və idmançının da qeyd etdiyi kimi, onun bir rəqibi var: zirvədən zirvəyə addımlamaqda ona yalnız özü mane ola bilər və üstəlik, bəzən qaydalar da buna şərait yaradır. Yeri gəlmişkən, Dünya Güləş Birliyinin rəsmi saytı onunla yanaşı, 48 kq-da yaponiyalı Eri Tosakanı və çinli Sun Yananı Rio-2016-da qızıl medal qazanmağa şanslı sayır.
Elə bu xüsusda da ayrı-aryı proqram və çəkilərdə güləşin son nümunələrlə həm inkişafına, həm də liderlərin səviyyəsinə müqayisəli nəzər salaq. Başlayaq olimpiya proqramının daha gənc yarışı olan qadın güləşindən. Yəqin mütəxəssislər də razılaşar ki, pəhləvanlığın ənənəvi tarixi fəndgirliyini, taktiki və strateji zənginliyini yaşatdığı üçün bu gün qadın güləşi çox baxımlı və cəlbedicidir. Haqqında söz açdığımız İsveç güləşindən savayı, dünyada öz çəkisi olan Yaponiyanın da nümunəsini misal çəkmək olar. Ənənələrin təsirindən söz açsaq, son dünya çempionatında bu iki ölkənin təmsilçilərinin duelləri maraq doğurur və elə bizim idmançılara da nümunədir. Bu üzdən 53 kq-da çıxış edən Natalya Sinişinin Braziliyada durumu çətindir. Son illərin bütün mötəbər yarışlarda dəyişməz qalibi, 3-qat olimpiya və 13-qat dünya çempionu Saori Yoşida Rio-2016-ya 2 il qalmış çəkisini 55-dən aşağı endirərək, yenə bizə potensial rəqib olub.

Qeyd etdiyim kimi, Yaponiya hələ də dünya qadın güləşində liderliyini qoruyur. Gündoğar ölkə təkcə cüdonun deyil, bir sıra məşhur şərq əlbəyaxa döyüş növünün də vətənidir. Bütün bunlar isə qadın güləşinin bu ölkədə qısa zamanda formalaşıb sistemləşməsinə təsirini göstərib. Yəqin ki, 2009-cu ilin dünya çempionatında cüdonu güləşə dəyişmiş Sona Əhmədlinin Saori Yoşida ilə güləşini izləyənlər bunu xatırlayırlar. Bir çox elementlər hələ ötən əsrin fənd zənginliyini yaşadır. Yaponiyalı fiziki möhkəmliyə söykənən, psixoloji gərgin rəqabətdə tutaşmanın estetik zövq nümunəsi ola biləcəyini də göstərmişdi.
Ötən il Las-Veqasda keçirilən dünya çempionatında Yuliya Ratkeviç (58 kq) yarımfinalda uduzduğu finlandiyalı Petra Olliyə Rio-2016-da diqqət etməlidir. Yaponiya idmançıları kimi, braziliyalılar da daha çox hərəkəliliyə meyllidirlər. Lakin bu halda onlara fiziki zəifliyin necə mane olduğunu idmançımızın əvvəlki rəqabətində əyani göstərib. Ümumiyyətlə, onun opponneti olmuş rusiyalı Natalya Qolts, ukraynalı Tatyana Lavrençuk, habelə qazaxıstanlı Ayım Abdildinanın da mübarizə elementləri, yaxın olduqları qədər də, məhz məktəb fərqlərinin nümunəsinidir.
Bu çəkidə aşkar lider Gündoğar ölkə təmsilçisi Kaori İtyodur. O, son 3 olimpiya oyunlarının qalibi və 10-qat dünya çempionudur. İllərin dəyişməz qalibi komanda yoldaşı Saori Yoşida kimi, Rio olimpiadasına 2 il qalmış çəkisini aşağı salıb; 63-dən 58-ə.

Sərbəst və yunan-Roma güləşindəki vəziyyət haqqında bu gün daha çox ümumi baxımdan danışmaq lazım gəlir. Çünki rəqiblərin sırası, həm də səviyyəsi tez-tez dəyişikliklərə məruz qalır. Ötən əsrin əvvəllərindən tətbiq edilməyə başlanmış vaxt limiti İkinci dünya müharibəsindən sonra təsirini göstərməyə başladı. Lakin bu məhdudiyyətlər həm artan rəqabət, həm tamaşa, həm də inkişaf etməkdə olan teleməkanın tələbələrinə görə məcburi idi. Bununla belə, ənənələr böyük güləşçilərin rəqabətində yaşayırdı. Bu, az qala, məktəblərin dueli kimi qəbul olunurdu. Son dövrlərdə döyüş qaydaları idmançı ömrünə də təsir göstərir. Artıq Karelinlərin məğlubedilməzliyi rəqibin ondan alacağı xalla ölçülmür. Söz yox ki, belədə yaş faktoru da sözünü deyir. İdmançı karyerasının uzanması problem xarakteri almağa başlayır.
Əzəli rəqabətin yarımçıq qalan romansının son nümunəsini hələ 2004-cü il olimpiadasında Fərid Mansurovun zəfər yürüşü zamanı görə bildik. Artıq belə rəqabətlər, sadəcə, qısa bir dövrü əhatə edə bilər. Çünki müasir güləşçinin karyerasının müddəti bacarıq və istedaddan çox, qaydalarla fiziki imkanlara tabe etdirilib. Böyük zədədən sonra iradəsini toplayıb geri qayıtmaq və hələ yenidən çempionluq zirvəsinə yüksəlmək bacarığını yalnız Fərid kimi nadir istisna idmançılar bacarıb. Bu xüsusiyyət onda gənclikdən olub. Bu yaş qrupunda Özbəkistanda keçirilmiş dünya çempionatında ağır zədə almasına və demək olar ki, bir əllə güləşməsinə baxmayaraq, karyerasını riskə atmaq bahasına belə, onun iradəsinin gücü ilə meydana atılıb rəqibini üstələməsi güləşçilərə ibrət dərsidir.

Əsas olimpiya ümidlərimiz sırasında möhkəm yeri olan Fəridin çıxış etdiyi 66 kq çəki dərəcəsində rəqabət ildən ilə forma və məzmunca dəyişir. Pekin olimpiya oyunları ilə müqayisə aparaq. Çempion fransız Stiv Jeno 1/8 finalda fin Yuha Hiltunenə uduzdu. Gümüş medalçı qırğız Kanatbəy Beqaliyev yuxarı çəki kateqoriyasına keçib və orada elə 1/16 final mərhələsində macar rəqibinə yenildi. Bürünc mükafatçılardan belaruslu Mixail Semyonovu elə ilk mücadilədə amerikalı Fərrux Şahin kənara atdı.
London-2012-də firənc 3-cü yerə çıxdı. Qalib adını koreyalı Kim Xen Vu qazandı. Bütün bunlara baxmayaraq, son dünya çempionatı göstərdi ki, bu çəki dərəcəsində Rio-da 10 ölkənin təmsilçiləri arasında maraqlı rəqabət olacaq. UWW sözü gedən çəkidə Rəsul Çunayevlə yanaşı, London-2012-nin gümüş mükafatçısı Tamaş Lyorinsla (Macarıstan), həmin oyunların 60-kq-da qalibi Amid Narazı (İran), habelə Pekin-2008-in qızıl medalçısı İslambəy Albıyevi (Rusiya) və son dünya çempionu Frank Staebleri (Almaniya) qızıl medala şanslı sayır.

Dəyişən mənzərəni daha bir neçə başqa misalla əyani göstərmək olar. İlk növbədə, Las-Veqasda yeni istedaların peyda olmasını. Rövşən Bayramovun finalda, titulda özündən qat-qat aşağı olan kubalı İsmael Borreroya 0:8 uduzması da, mütəxəssislər tərəfindən göznənilməz nəticə sayılır. 59-kq-da ilk pilləyə iddialı sırasında bir neçə nəfərin adı çəkilir: həmyerlimizlə bərabər, London-2012-nin qalibi iranlı Həmid Soryan, 2013-cü ilin dünya çempionu koreyalı Yun Vol-Çol, adını bayaq qeyd etdiyim «Azadlıq adası» təmsilçisi, dünya və Asiya çempionatlarının qalib və mükafatçısı Almat Kebispayev (Qazaxıstan).
Hərçənd Rusiya güləş məktəbi sürprizlərlə zəngindir. Osetiya, Dağıstan və Krasnoyarsk məktəbləri arasında əməli rəqabət nəinki ölkənin dörd bir yanına, Avropaya yayılmaqdadır. Təkcə son ölkə çempionatı çox vədlər verir. Yeri gəlmişkən, Rio oyunları öncəsi şimal qonşumuz dopinq qalmaqalı üzündən ümumi olimpiya heyətinin xeyli üzvünü itirsə də, güləşdə cəmi bir itki oldu. Qadın güləşində 53-kq-da təmsilçisi yoxdur. Digər çəkilərdə hər 3 növdə heyət tamdır. Qalan komandalarda ən azı 2, ya 3 çəkidə idmançı əskikliyi var. Müqayisə üçün: Azərbaycan yığmasında yunan-Roma güləşində 98 kq, qadın güləşində isə 63, 68 və 75 kq-larda olimpiya iştirakçısı yoxdur.
«Klassiklər»də bir məqam ümidvericdir ki, ABŞ-da keçirilmiş dünyanın ən güclülərinin yarışında komanda hesabında 39 xalla 2-ci olmasıdır.

Olimpiadadan söz düşmüşkən, güləşin bir ildə dəyişən mənzərəsi ilə bağlı bir faktı da qeyd etmək olar. Londonda 11 medal (4+2+5) qazanmış Rusiyanı Yaponiya təqib edirdisə (4+0+2), dünya çempionatında 14 mükafatlı (7+4+5) şimal qonşumuzu 7 medalla ABŞ (4+0+3) izlədi.
Özü də bu dəfə Rusiyanın əyar üstünlüyü o qədər çox olmadı. Əvəzində, Azərbaycan London-2016-da uğurlu çıxış etdi: 7 medalla (2+2+3) 4-cü oldu; Las-Veqasda 8 dəfə fərqlənərək (2+3+3) 5-ci yer tutdu. Okeanın o tayında Türkiyə 3-cü (3+1+2), Yaponiya 4-cü (3+1+1) sıraya çıxdı.
Söz yox ki, xarakterinə görə, olimpiya oyunları ilə dünya çempionatlarını müqayisə etmək özünü tam doğrultmur. Çünki hər dörd ildən bir keçirilən olimpiadaların özünəxas ağırlığı ilə yanaşı, təsadüf limiti də var. Axı, güləşdə bəzən 3 il zəhmət çəkib yarışa hazırlaşan idmançı, qəfil zədə və ya təsadüf üzündən mübarizədən kənar qalır. Dünya çempionatları isə, əksinə, hər növün, o cümlədən güləşin həmin an üçün planetdə obyektiv mövqeyini nümayiş etdirir.

Bu dövrdə nəsil dəyişikliyini izləmək də vacibdir. Olimpiadadan sonrakı illər, bir qayda olaraq, böyük həqiqətləri üzə çıxarır. Məsələn, builki qitə çempionatına sərbəst güləşdə dünya lideri Rusiyanın Litvaya apardığı heyətdə cəmi 3 qızıl medal oldu. Sevindirici haldır ki, millimiz son illər bu növdə öz çəkisini qoruyur.
57 kq-da liderimiz Hacı Əliyev 2013-cü ildə dünyanın ən güclülərinin yarışının qalibi Həsən Rəhimini (İran), özü kimi 2-qat dünya çempionu Yanq Konq-İli (KXDR) və Las-Veqasda baş mükafata sahib çıxan gürcüstanlı Vladimir Xinçeqaşvili gözdən qoymamalıdır. Okeanın o tayında İran, Gürcüstan və Monqolustan yığmalarının ümumkomanda hesabında bizimkilərdən öndə olmasını da təsadüf saymaq olmaz.
Son dünya çempionatında italiyalı Frank Çamizo (65 kq) olimpiya çempionumuza badalaq gəldi. Düzdür, Toğrul Əsgərov ilk dəqiqələrdə rəqibinin kürəyini yerə vurub saxlamışdı. Amma hakimləri fiti susmuşdu. Belədə, güləşçimiz hücum edərkən, əks həmlə ilə qarşılandı. Appeninli finala qədər irəlilədi, həlledici tutaşmada özbəkistanlı İxtiyar Novruzova 4:3 qalib gəldi. 2014-cü ilin dünya çempionu Soslan Romanov (Rusiya) da zirvəyə iddialılardan sayılır.
74 kq-da qızıl medal uğrunda mübarizənin rusiyalı Aniuar Qeduyevlə iranlı Həsən Yəzdani arasında gedəcəyi ehtimal edilir. Hər halda, son dünya çempionu Cordan Barauzu və təcrübəli Cəbrayıl Həsənovu da siyahıdan silmək olmaz.
London-2012-nin qalibi Şərif Şərifova Rioda asan olmayacaq. 2-qat dünya çempionu və Bakı-2015-in qalibi rusiyalı Əbdulrəşid Sadullayev, türkiyəli Səlim Yaşar, kubalı Salas Reyneris də baş mükafatı qazanmaq niyyətindədirlər.
Karyerasının qürub çağını yaşayan Xetaq Qazyumovun (97 kq) Rio-2016-da bir hədəfi var: qızıl medal! Kapitanı çətin görüşlər gözləyir. Çünki onun çəkisində xeyli iddialı mövcuddur. 2-qat dünya çempionu Rza Yəzdani (İran), London-2012-nin gümüş mükafatçısı Valeri Andreysev (Ukrayna), Las-Veqasda qızıl medalçı Kayl Snayder (ABŞ) və son qitə çempionatının qalibi Anzor Boltukayev (Rusiya).
Ümumənsə yekunların bir həqiqəti danılmazdır: son illərdə uğurların ən vacib məqamı bizim komanda hesabında da əksini tapmasıdır. Bunun ənənəyə çevrilməsi isə bir sıra addımları vacib edir. Bu xüsuda rəqiblərin müxtəlif səviyyələrdə öyrənilməsi və nəticələrin təhlil olunmasının mərkəzləşməsi önə çıxır. Rioda bitəcək böyük yolun ilk sınağına 2 gün qalıb. Yarışlar isə, hələ bundan sonra da müxtəlif cəhətlərdən çözüləcək, təhlillər aparılacaq.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

1.130kg_kayaalp_tur 3a46a64c60e25f32f043139147d91a7e 86_sadulaev_rus gr_66kg_lorincz_hun-1 gr_85kg_beleniuk_ukr_df._kobliashvili_geo-2 gr_98_kg_semifinal-_ghasem_gholamreza_rezaei_iri_df._elis_guri_bul_3-0 Hamid SORYAN

 

 

greco-roman_130kg_gold-_riza_kayaalp_tur_vs._mijain_lopez_nunez_cubb

Həmin kateqoriyadan