İcraiyyə komitəsində nələr müzakirə olundu və hansı qərarlar verildi?

AFFA-nın inzibati binasında icraiyyə lomitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıyaa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub. AFFA-nın gələcək illər üzrə inkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanaraq, əsas hədəflər müəyyənləşdirilib.

Bu istiqamətdə strategiyanın əsas hədəfləri peşəkar və uşaq futbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın və kütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaq futbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həlli və inklüzivliyin təmini istiqamətlərini əhatə edir. Müəyyən edilmiş hədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xarici şirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanları nəzərdən keçirilib.

Misli premyer liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

İcraiyyə komitəsində qərara alınıb ki, akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək və icraiyyə komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

Premyer liqada 2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legionçu həddini müzakirə ediblib. Hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə legioner limiti 8+3 olacaq. 2026/2027-ci illər mövsümündən öncə isə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.

2024-cü il üçün AFFA-nın büdcəsinə dair məsələlər də müzakirə edilib. İcraiyyə komitəsinin üzvləri müvafiq qeydlərini və fikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişlər edilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.

Həmin kateqoriyadan