- Baxış sayı: 41
- 23 Aprel 2025 15:27
- Baxış sayı: 60
- Aprel 25, 2025
- 0
Dünya şöhrətli keçmiş formula-1 sürücüsü Devid Kulthard Bakıya son səfəri zamanı avtoidman həvəskarları ilə onlayn görüş keçirib. Allsport.az saytı xəbər verir ki, azarkeşlərinin suallarını cavablandıran qonaq, Bakı Şəhər Halqasının “pilotlar üçün əsl sınaq yeri” olduğunu bildirib. Bakucitycircuit.com həmin söhbətin tamamını sizə təqdim edir:
– Bu yaxınlarda Barselonada yeni bolidlərin sınaqları başa çatdı. Bu bolidlər daha genişdir və onlar daha çox yerə sıxma gücü yaradaraq daha yüksək sürət yığa bilirlər. Nə düşünürsünüz, bu dəyişikliklər yarışlara necə təsir göstərəcək?
– Bu bolidlər yarışçıların xoşuna gəlir. Ən əsas məsələ də budur. Son iki il ərzində pilotlar bolidləri çox ehtiyatlı şəkildə idarə etməli idilər. Ancaq indi onlar son sürət hədlərində hücum etmək şansı qazanıblar. Formula 1 komanda idman növü olsa da, azarkeşlərin diqqəti ilk növbədə pilotlara yönəlir. Təbii ki, əgər bolid pilotun xoşuna gəlirsə, bu zaman yarışlar daha maraqlı keçəcək.
– Bu yoxlamalarda hansı idmançı sizdə daha yaxşı təəssürat oyadıb?
Sınaq yürüşləri çox maraqlı keçdi. Texniki reqlamentə bu cür dəyişikliklər onsuz da həmişə bir çağırışdır. Lakin kimlər üçünsə, bu dəyişikliklər daha böyük anlam kəsb edir. Məsələn, biz Mercedes sükanı arxasında Valtteri Bottası ilk dəfə gördük. Ancaq o, indidən komandanın lideri Luis Hamiltonla başa-baş mübarizə apardı və işinin öhdəsindən böyük uğurla gəldi. Deyəsən, “Ferrari” bu il daha böyük irəliləyişə nail olub. Həmçinin, biz bu il daha rəqabətədavamlı bir “Ferrari” görəcəyik.
Söylənənlərlə yanaşı, mənə belə gəlir ki, Daniel Rikkardo ilə Maks Ferstappen arasında çox maraqlı komandadaxili bir “döyüş” mövcuddur. Onların hər ikisi fövqəladə dərəcədə talantlıdırlar. Red Bullu heç zaman hesabdan silmək olmaz. Əgər onların bolidləri sürətlidirsə və onlar qələbə uğrunda daim mübarizə aparmaq iqtidarındadırlarsa, bu zaman onlardan heç biri digərinə güzəştə getməyəcək.
– Bununla belə, Luis və Valtterinin birgə fəaliyyəti cəmi bir neçə aydır ki, baş tutur. Ancaq buna baxmayaraq, deyəsən, hər şey yaxşı gedir.
– Bəli, onlar bir növ özlərinin “bal ayı”nı yaşayırlar. Ancaq əsas olan gələcəkdə baş verəcəklərdir. Bir tərəfdən, bu iki pilotun bir-birilərinə hörmət etmələri və birlikdə işləmələri vacibdir. Ancaq digər tərəfdən də, əgər sən özün yox, rəqibin qalib gəlirsə, o zaman həmişə xoşbəxt ola bilməzsən axı.
– Əlbəttə, hələ ki, indidən mühakimə yürütmək çətindir. Ancaq sizcə bu il çempion kim olacaq? Məsələn, siz kimin qələbəsinə pul qoyardınız?
– Mən mərc oyunlarına qatılmıram. Ancaq nəzəri cəhətdən əgər mən ortaya pul qoysaydım və qoyduğum pulları itirmək istəməsəydim, təbii ki, Mercedes komandasını seçərdim. Onların mühərriki əladır. Digər istehsalçılar əvvəlki kimi bu parametr üzrə Mercedesə çata bilmirlər. Əminəm ki, yarışlar daha da sıxlaşacaq. Yəni, düşünürəm ki, biz tez-tez qələbə uğrunda eyni anda bir neçə komandanın mübarizə aparmasının şahidi olacağıq. Əlbəttə, rəqiblər getdikcə Mercedesə yaxınlaşacaqlar. Bu da çox böyük miqdarda resurs və zaman tələb edir. Bununla belə, Mercedes də qollarını yanına salıb oturmayacaq ki. Onlar da eyni dərəcədə digər komandalarla aralarındakı məsafəni daha da açmaq üçün cəhdlərini davam etdirəcəklər.
– Əgər siz Formula 1-də nəyisə dəyişə bilsəydiniz, bu dəyişəcəyiniz şey nə olardı?
– Mən birinci növbədə istifadə etdiyimiz texnologiyalar barədə düşünərdim. Hazırkı bolidlər çox mürəkkəbdirlər. Bu cür şəraitdə də Mercedes üstünlüyü ələ alıb və başqa heç kim də onlara çata bilmir. Texnologiyalar çox mühüm əhəmiyyət kəsb edir və onlar idmanın ayrılmaz bir hissəsidir. Əlbəttə, səmimi olaraq etiraf edim ki, mən öz avtomobilimin sükanı arxasına əyləşəndə mühərrikin necə çalışdığını heç ağlıma da gətirmirəm.
Müasir formula 1 texnologiyaları, heç şəksiz, insanda təəssüratlar oyadır və bu amili yadda saxlamaq lazımdır. Ancaq mən, eyni zamanda, hesab edirəm ki, “böyük mükafatlar”ın texnoloji və idman aspektləri arasında effektli bir tarazılıq tapmaq mümkündür. Mən, bütün digər azarkeşlər kimi, nailiyyət əldə etmək imkanına malik daha çox komanda görmək istərdim.
– Necə fikirləşirsiniz, Formula 1 əvvəlki atmosfer mühərriklərinin istifadəsinə qayıda bilərmi?
– Mən əvvəlki atmosfer mühərriklərinin çox dərin təəssübkeşiyəm. Formula 1 səs-küy, enerji, adrenalin deməkdir və əvvəlki mühərriklər bu obrazı çox əla yaradırdılar. Ancaq ilk növbədə, diqqəti maşının hissələri deyil, onun görünüşü cəlb edir. Atmosfer mühərrikləri yaxşı olsalar da, artıq tarixə çevrilirlər. İndi avtomobil sənayesi elektrik mühərrikləri istiqamətində hərəkət edir.
– Son zamanlar Formula 1 yarış həftəsonu formatının dəyişdirilməsi barədə də çox söz-söhbətlər dolaşır. Bununla əlaqədar, çoxsaylı təkliflər də meydana gəlib. Bu təkliflərin sırasında şənbə günləri qısa sürüşlərin keçirilməsi də var və təklif edilir ki, bu tip yarışlar zamanı toplanan xallar ancaq Konstruktorlar Kubokunun hesabına yazılsın. Sözügedən təkliflərdən hansı sizin üçün daha optimal görünür?
– Mən düşünürəm ki, biz bu məsələdə çox diqqətli olmalıyıq və hər şeyi yaxşı-yaxşı düşünməliyik. Bəli, bizim gənc auditoriyaya ehtiyacımız var. Lakin müasir uşaqları və yeniyetmələri əldə saxlamaq çox çətindir. İndi elə video oyunlar var ki, onlar müstəqil şəkildə bolidi bütövlükdə özləri yarada bilərlər. Bizim üçün, təbii ki, bu cür oyunlarla rəqabətə girmək çox çətindir.
Texnologiyalar bizə yeni nəsillərlə əlaqə yaratmaq imkanı verir. Ancaq biz bunun üçün düzgün yanaşmalar işləyib hazırlamalıyıq. İlk növbədə, biz bu istiqamətdə işləməliyik, sosial medianın əlindəki imkanlardan yararlanmaq lazımdır.
Bununla yanaşı, trekdə rəngarəng şoular göstərmək çox mühüm əhəmiyyət kəsb edir. Formula 1 əyləncə, pilotlar isə əsl ulduzlar olmalıdırlar. Hazırda avtomobil yarışlarından zövq almaq üçün müəyyən bir səviyyədə biliklər bazasına malik olmaq lazımdır. Ancaq insanların xoşuna isə məhz trekdəki baxımlı mübarizələr və imkanların sərhədlərini aşan “çarpışmalar” gəlir. Bax budur əsl formula 1 ruhu…
Daha spesifik olaraq, əgər çoxlarının da şübhə ilə yanaşdığı, həftə sonlarında iki yarışın keçirilməsi ideyası barədə danışsaq, hər şeydən əvvəl bir suala cavab tapmaq lazımdır: Bu, azarkeşlərin xoşuna gələcəkmi? Əgər bu şounu daha da maraqlı edəcəksə, o zaman, niyə də yox? Mən yeni ideyalara qarşı deyiləm. Ancaq bu cür ideyaların hamısı nəyəsə, hansısa məlumatlara əsaslanmalıdır.
– Gəlin sizin karyeranıza qayıdaq. Hansı sürüşünüzü karyeranızın ən yaxşısı hesab edirsiniz?
– Yəqin ki, mənim karyeramın ən yaxşı dönəmləri möhtəşəm bolidlərdə çıxış etmək imkanı qazandığım 90-cı illərin sonlarıdır. İlk növbədə yada əlbəttə ki, 2000-ci ilin Fransa Qran Prisi və Mixael Şumaxerlə olan mübarizə düşür. Bizim komanda çox ağır bir həftəsonu keçirirdi. Hətta bir anlığa mən öz emosiyalarım üzərində nəzarəti belə itirmişdim. Mixaelə qarşı nümayiş etdirdiyim o məlum jesti xatırlamaq mənim üçün heç də asan deyil. Ancaq o, çox gərgin, imkanların belə üzərində, bütün bacarığımızı trekdə nümayiş etdirdiyimiz bir mübarizə idi. Məhz bu cür mübarizələr uzun müddət unudulmur.
Eyni zamanda, Portuqaliyada, Böyük Britaniyada və Belçikadakı qələbələrimi yaxşı xatırlayıram. İkinci dəfə Monako Qran Prisini qazandıqdan sonra inanlmaz dərəcədə emosialara qapılmağım da xatirimdədir. Həmin gün başdan finiş xəttinə kimi yarışa mən liderlik etmişdim. Hər qalibiyyətin öz yeri var. Lakin Monte-Karlodakı yarış, nə isə, ayrı bir aləm idi. Monakodakı qələbə həmişəyaşar bir irsdir.
Bu və ya digər formada, mən hər bir qələbəmi qiymətləndirirəm. Mən o qələbələri Mika Hakkinen və Mixael Şumaxer kimi pilotlarla mübarizədə qazanmışam. Onlar ümumilikdə məndən yaxşı da olsalar, zaman-zaman mən onları qabaqlaya bilmişəm.
– Öz rəqiblərinizdən hansını ən çətin adlandırardınız?
Ən çətin rəqibiniz həmişə elə öz ortağınızdır. Lakin digərləri ilə müqayisədə Mixael Şumaxerlə yarış daha ağır keçirdi. O, inanılmaz dərəcədə güzəştsiz bir pilot idi. Eyni zamanda, Hakkinenlə mübarizə aparmaq da çox çətin olurdu. Bizim mübarizələrimiz son dərəcədə ədalətli keçirdi. Maşının üzərində də bir yerdə işləyirdik və əla bir tərəfdaşlığımız vardı. Ancaq, eyni zamanda da, bir-birimizlə əla tərzdə də mübarizə aparırdıq.
– Karyeranıza başlamanızdan 20 ildən artıq bir müddət keçir və siz hələ də Paddokdasınız. Deyə bilərsinizmi, bütün bu müddət ərzində o necə dəyişib?
– Paddoka çıxmaq indi xeyli çətinləşib. Əvvəllər Paddok insanla dolu olardı. Hətta Şanxaydakı nəhəng Paddokda da bu belə idi. İndi bu məkanda insanların sayı azalmağa başlayıb. Ancaq Paddok atmosferası əvvəlki kimidir. Cinsindən, irqindən, dinindən və məşğuliyyət növündən asılı olmayaraq, avtomobil yarışları idmanın bayrama dönüşdüyü anlarda bütün insanları birləşdirir.
– Öz karyeranızdakı hansı anı “ən qəribə an” hesab edirsiniz?
– Bu birinci Malayziya Qran Prisində baş vermişdi. Biz Mika ilə boksa qayıdırdıq və hava o qədər isti idi ki, bədənimizdən tər su kimi axırdı. Havanın temperaturu ekstremal dərəcədə yüksək idi. İkinci gün bokslarımızda buzla doldurulmuş vannalar peyda oldu. Çünki bu sərinləməyin yeganə yolu idi.