- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Futbol üzrə birinci divizionda çıxış edən “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev jurnalistlərin suallarına cavab verib. Allsport.az həmin müsahibəni təqdim edir.
– Son turlar sabit çıxış edən “Şəmkir”in oyunu barədə fikrinizi öyrənmək istərdik. Futbolçuların hazırlığından razısınızmı?
– Komandada çatışmayan cəhətlər çoxdur. Bununla belə “Şəmkir” “Zirə” və “Neftçala”ya qarşı yaxşı oynadı. “Rəvan” və “Şuşa” ilə bir qədər zəif çıxış etdik. “Rəvan”la matçda hakim səhvi olsa belə, futbolçulardan razı qaldım. Əzmkar mübarizə sərgilədilər. Bəzi oyunlarda müdafiədə səhvlər edirik. İndi əsas məqsəd mövsümün son oyunlarında yaxşı nəticə qazanmaqdır. Qalan matçlarda daha çox xal toplamalıyıq.
– Heyətdə gənc futbolçularınız çoxluq təşkil edir. Həmin futbolçuları yeni mövsümdə də “Şəmkir”də görəcəyik?
– Gənclərə şans verməklə onların potensialının üzə çıxmasına kömək oluruq. Ümidləri doğruldan futbolçular hər zaman “Şəmkir”də olacaq. Bu gün Qərib və Orxan Məmmədovlar, Rövşən Əmiraslanov kimi təcrübəli futbolçular bizimlədir. Təcrübəli futbolçularla gənclərin birgə güclü heyətini formalaşdırmağa çalışırıq. İndi gördüyünüz “Şəmkir” istədiyim komandanın 45 faizidir.
– Deməli, yeni mövsümdə hədəflər artacaq?
– Yeni mövsümdə heyət güclənəcək. Komandaya bir neçə təcrübəli futbolçu dəvət olunacaq. Məqsəd birinci divizionu mükafatçılar sırasında başa vurmaq olacaq. Bu hədəfə çatmaq asan olmayacaq. Amma biz yüksək hədəflər uğrunda mübarizə aparmağa hazır olacağıq. “Şəmkir”in tezliklə Premyer Liqaya qayıtması üçün çalışacağıq. Bu komandanın böyük tarixi, çoxlu azarkeşi var. Əminəm ki, “Şəmkir” Azərbaycan futboluna yeni güc gətirəcək. Biz hər bir işi sistemli görmək istəyirik. Premyer Liqaya qayıtmazdan əvvəl orada mübarizə aparmağa hazır olmalıyıq.
– Heyətdə güclü dəyişiklik olacaq?
– Əksər futbolçuları saxlayacağıq. Bəziləriylə vidalaşıb, onların əvəzinə daha yaxşı oyunçular dəvət olunacaq. 1992-1993-cü il təvəllüdlü gəncləri heyətdə saxlamaq barədə düşünürük. Lakin bir qədər güclənmək də vacibdir.
– Birinci divizionda sizi qane etməyən nədir?
– Maraqlı oyunlar olur. Komandalarımız yaxşı mübarizə sərgiləyir. Lakin bəzi səfər matçlarında meydanın pis vəziyyətdə olması acınacaqlıdır. “Bakılı”, “Şuşa” ilə görüşlərdə normal futbol oynamaq mümkün deyil. Elə meydanlarda futbol oynamazlar.
– “Şəmkir”in ev oyunlarında çoxlu azarkeşi olur. Komanda ənənələri bərpa etmək üzrədir…
– Sizin vasitənizlə azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizimlə olurlar. İmkan daxilində səfərdə də dəstəyi əsirgəmirlər. Ev oyunlarında 1500-2000 azarkeş olur. Hətta Premyer Liqanın bəzi görüşlərinə bu qədər azarkeş gəlmir. Klubun bəzi futbolçuları bu qədər azarkeşin qarşısında oynamağa öyrəşməyib. Səfərdə daha yaxşı oynayırlar. Amma ev matçlarında müəyyən mənada həyəcan keçirirlər. Şəmkirdə azarkeşliyi bacarırlar. Onları komandanı hər zaman çox istəyirlər. Gələcəkdə Premyer Liqada oynamaqla onları sevindirmək istəyirik.
– Sabah “Şəmkir” “Bakılı”nı qəbul edəcək. Bu oyunda hansı nəticə sizi razı salacaq?
– “Bakılı” yaxşı komandadır. Sensasiya sevən klubdur. Birinci dövrədə yaxşı oyunlar keçirdilər. Son turlarda müəyyən mənada sabit oynamırlar. Bizim məqsədimiz qələbə qazanmaqdır. Digər nəticə bizi razı salmayacaq.