“Köhlən atlılar” son 27 ildə yalnız “Kəpəz” və “Turan”dan geri qalır

“Qarabağ”ın premyer liqasında qələbə zolağı qırılıb. Allsport.az saytı xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun komandası səfərdə “Qəbələ” ilə 1:1 edib. Bununla da, Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb.

Ötən mövsümdə, martın 9-da keçirilən “Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn “Qarabağ”, bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdür.

224 gündən sonra xal itirən ağdamlılar yalnız “Kəpəz”“Turan”dan geri qalır. Belə ki, Azərbaycan çempionatlarının 27-illik tarixində 2 dəfə daha uzun qələbə seriyasına təsadüf olunub.

1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən “Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. “Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.

İlk yeddi turda xal itirməyən “Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. “Neftçi”nin 12 (1992) , 10 (1994/95) və 9 (1996/97), həmçinin “Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu “Neftçi”nin 2000/01, “Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

Həmin kateqoriyadan