- Baxış sayı: 22
- 26 Dekabr 2024 19:45
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçisi Mik Bennett AFFA-nın rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Azərbaycanda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
– İnkişafa nail olmaq üçün infrastruktur çox mühüm amildir və bu imkanlar genişləndirilir. Klublar da öz növbələrində akademiyalarına daha çox diqqət ayırmalı və sərmayə yatırmalıdır.
– Seçimlər zamanı hansi xüsusi tələbləriniz var?
– Əlbəttə, ilk növədə oyunçunun texnikası, müəyyən qabiliyyətləri tələb olunur, lakin eyni zamanda fərdi münasibəti və atletik bacarıqları da mühüm rol oynayır. Oyunçu həm komandası üçün, həm də özü üçün çox şövqlə çalışmalıdır. Üstəlik, oyunçu özünü göstərməyi də bacarmalıdır və özünə inamı yüksək olmalıdır.
– MY Futbol Məktəbində hansı qruplar fəaliyyət göstərir və gələcək planlarınız nədən ibarətdir?
– Hazırda U-10 və U-12 komandaları mövcuddur və bu il U-9 komandasını da əlavə etmək istəyirik. Bundan sonra isə istənilən genişlənmə üçün əlavə məşqçilərə ehtiyac yaranacaq.
– Vaxtilə Mumbayda fəaliyyət göstərmisiniz. Azərbaycan ve Hindistan uşaq futbolu arasında ən böyük fərq nədən ibarətdir?
– Hindistanlılar da azərbaycanlılar kimi böyük ruh yüksəkliyinə malikdirlər, lakin qeyd etmək lazımdır ki, burada oyunçular fiziki cəhətdən daha güclüdürlər. Hindistanda diqqət daha çox təlim-tədrisə yönəlib, lakin şərait və kütləvi futbol strukturunun vəziyyəti bir qədər zəifdir və hazırda onlar bu sahəyə çoxlu yatırımlar edirlər.
– Sizin üçün “Mançester Yunayted” yolu” nə məna kəsb edir və onun başqalarından fərqi nədir?
– MY futbol üslubu çevik hücum futbolu, özünü oyuna fəda etmək və özünəinamlı oynamaq kimi xüsusiyyətlərdən ibarətdir. Klubda ən aşağı komandadan akademiyaya qədər əsas xətt kimi güclü çalışma, komanda oyunu və inam amilləri durur. Hesab edirəm ki, əsas fərq bizim yaratmaq istədiyimiz mühitdədir. Biz əminik ki, futbol əyləncəli olmalıdır və yaşınızdan asılı olmayaraq, uğurlu təlimlərin və inkişafın yolu zövq almaqdan keçir. Bakıdakı məktəbdə də həm oyunçuların, həm məşqçilərin, həm valideynlərin və həm də bütün əməkdaşların xoşbəxt olmasını, gördükləri işdən zövq almasını, yaradıcı olmasını, həmişə öz üzərində işləyərək inkişaf etməsini istəyirəm. Məktəbdə oyunçular üçün hər şey pozitiv olmalıdır, həvəsləndirməlidir və bələdçilik etməlidir. Ən yaxşı oyunçular qərar qəbul etməkdə, özünəinamlı və həvəsli olmaqda hər cür dəstək hiss etməlidirlər. Səhv etməkdən qorxmayın! Bu, öyrənmək üçün ən yaxşı yoldur. Mən məktəbdə, oyunçularda və valideynlərdə, hamıda bu cür yanaşmanı yaratmağa çalışıram. Həmçinin özünü nizam-intizamlı saxlamaq və özünü şövqləndirmək əsas üsullardandır.
– Bu il Azərbaycanda 3-cü MY Yay Futbol Məktəbi keçirildi. Siz də regionlardakı seçimlərdə yaxından iştirak etdiniz. Regionlardakı uşaqların potensialı və ümumən layihə haqqında fikirləriniz necədir?
– Burada çox böyük potensial var. Bölgələrdə bir çox texnikalı oyunçular görmüşəm. Bu layihə çox fantastik ideyadır. Uşaqlar bu layihənin bir hissəsi olmaqdan həzz alırlar. İştirakçılar bunu artıq sübut ediblər. Elə 5 seçilmiş uşaqdan biri olaraq İngiltərəyə getmək və “Old Trafford”da olmaq onların hafizəsində unudulmaz izlər qoyur. Bu həqiqətən də ruhlandırıcı bir haldır. Arzu edirəm ki, bu cür hallar daha tez-tez baş versin.
– İyunun 2-dən 7-dək MY-dən dəvət olunmuş məşqçilər tərəfindən seçilmiş 5 uşaq “Denstone College MU” Yay Futbol Məktəbində təlim-məşq toplanışında olublar. Qısamüddətli olmasına baxmayaraq, bu təlim-məşq prosesi onların gələcəyinə necə təsir edə bilər?
– Həmin uşaqların gələcəkdə hansı istiqamətə gedəcəklərindən asılı olmayaraq, keçdikləri təcrübə xoş hadisə kimi xatirələrində yaşayacaq, onlar üçün pozitiv həvəsləndirici amil olacaq. Ciddi səylə çalışdıqları üçün seçilərək istədiklərinə nail olublar və bu hal gələcəkdə də onlara stimul olaraq deyəcək: “Hər şey mümkündür, sadəcə, buna inan”. Futbol sadəcə, top qovmaq deyil. Bu uşaqlar futbolda həyat təcrübəsi qazana bilər.
– “Mançester Yunayted” klubunun İngiltərə futbolundakı tarixi yeri və mövqeyi necədir?
– Fikrimcə, MY liderdir və dünyada belə bir tarixə malik ikinci bir klub yoxdur. Klubun tarixi sadəcə, titullar və mükafatlar qazanmaqdan ibarət deyil. Klub həmçinin gələcək nəsilə şans verir. Bunun təsdiqini görmək üçün sadəcə 1930-cu ildən bu günə kimi MY-nin çox cavan yaşlarından hazırlayaraq təqdim etdiyi oyunçuların sayına baxmaq kifayət edir. Bir çox oyunçular elə yerli oyunçulardır. Hesab edirəm ki, bu ənənənin Bazbi Beybsindən Klass 92-dək və hətta bu günə kimi davam etməsi çox mühümdür. Ümidvaram ki, gələcək illərdə “Arzuların Teatrı”nda özlərini təqdim etməyi bacaran və əyləncədən həzz alan daha çox sayda cavan oyunçular görəcəyəm.