Milan Obradoviç: Futbolçuların fiziki hazırlığı yaxşıdır

U-21 millinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçməsində sentyabrın 6-da Slovakiya yığmasına qarşı oyunla bağlı fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, komandanın son məşqindən sonra brifinqdə bunu söyləyib:

“Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər. Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm. Heyətdə zədəli futbolçumuz yoxdu. Oyunçuların fiziki hazırlığı yaxşıdır, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Futbolçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq.   

Rəqiblərə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridi. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdür, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər”.

Qeyd edək ki, “Dalğa arena”da görüş saat 20:30-da start götürəcək.

Həmin kateqoriyadan