Milli komandalarla görüş. AAF-də yeni rəhbər

“ASK arena”da yerləşən dayaq təlim-məşq bazasında ağırlıqqaldırma üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət seçmə komandaların təlim-məşqinə start verilib. Allsport.az saytı xəbər verir ki, AAF-in vitse-prezidenti Firdovsi Umudov toplanışın ilk günündə yığma üzvləri ilə görüşüb. Bolqarıstanın paytaxtı Sofiyada qitə çempionatında Dadaş Dadaşbəylinin qazandığı qələbənin bütün ağırlıqqaldırma ailəsinin uğuru olduğunu, hazırda burada olan gənc nəsil üçün örnək olduğunu bildirib.

O, qələbəyə gedən yolda intizamlı olmağın, dəmir nizama riayət etməyin, məşqçi heyətinin tapşırıqlarının düzgün və müzakirəsiz yerinə yetirilməsinin vacibliyini qeyd edib, yığmada birlik, komanda ruhu, möhkəm dostluq münasibətlərinin yüksək səviyyədə olmasının sürətli inkişaf, zirvəyə doğru inamlı irəliləyişə təkan verdiyini vurğulayıb.

Sonra Firdovsi Umudov, tibb elmləri namizədi Hüsniyyə Kərimovanı komandaya təqdim edib. Onun federasiyanın tibb departamentinin rəhbəri təyin olunduğu qeyd olunub. Bildirilib ki, öz böyük təcrübəsi ilə komandanın uğurlarına dəstək olacaq, zədələr, yığma üzvlərinin sağlamlıqla bağlı digər çətinliklərinin həllində, onların düzgün qida rasionunun qurulmasında yardımçı olacaq.

Həmin kateqoriyadan