- Baxış sayı: 5
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 60
- Noyabr 25, 2024
- 0
Ötən həftə “Neftçi”nin yeni idman direktoru Yens Anderssonun təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə isveçli mütəxəssislə yanaşı, futbol klubunun baş icraçı direktoru Fərrux Mahmudov və baş məşqçi Adrian Mutu iştirak ediblər. Bu barədə bilgini KİV-dən xəbər tutum. Çünki komanda rəhbərliyi jurnalistləri tədbirə açıq deyil, xüsusi siyahı ilə dəvət edib. Görünür, “Şindlenin siyahısı” filminə çox baxıblar. Nə qədər çox baxsalar da, mən o məşhur fabriki Krakovda gözümlə görmüşəm.
Qısa araşdırmadan sonra məlum oldu ki, toplantı “Naxçıvan-Həyat” mehmanxanasında baş tutub. Çox qəribədir, klub rəsmi saytında, neftchi.az-da oranı “Hyatt Regency” (“Həyat Recensi”) kimi göstərib. Bu qonaq evi Heydər Əliyev Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dönəmdə tikilib. Müstəqillikdə bina müqavilə ilə 99-illiyə icarəyə götürən İran əsilli iş adamı Paolo Pərviz tərəfindən əsaslı təmir olunub və ona “Hyatt Regency Baku” adı verilib. Açılışda ümummilli lider də iştirak edib. Bu dəfə ölkənin 3-cü prezidenti kimi. O buna qarşı çıxıb və bildirib ki, mehmanxanaya “Naxçıvan” adını o vaxtı özü verib. Bundan sonra otel rəsmi olaraq “Naxçıvan-Həyat” adlanmağa başlayıb. Yeri gəlmişkən, bu il “Heydər Əliyev ili”dir və ümummilli liderin 100-illiyi qeyd olunur.
Yens Anderssona gəlincə, keçən ay “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. 50 yaşlı mütəxəssis buna qədər İsveçin AİK (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk” (2013), Danimarkanın “Orxus” (2014-2016) klublarında idman direktoru vəzifəsində çalışıb. Onun işlədiyi dönəmdə həmin komandalar avrokuboklarda böyük uğur qazanmayıblar. Belə olan halda, “Bakılı oğlanlar” onu niyə belə bəh-bəhlə təqdim edir? Rəhbərlik media ilə adi münasibət qurmağı bilmir, skandinaviyalıdan nəticə gözləyir. Barı, açıb statistikaya nəzər yetirsinlər: Sadıq Sadıqovlu “Neftçi”, Fariz Yusifovlu “Qəbələ” və Qurban Qurbanovlu “Qarabağ” son 11 mövsümdə ardıcıl avrokubokda qrup mərhələsində çıxış edi(b)r. Bu yolda çempionlar liqasının himnini 3 dəfə Azərbaycanda səslənməsi və 2 dəfə konfrans liqasının 1/16 finalları var.
“Ağ-qaralar”ın mirzələri yazır ki, son illərdə İsveçin bütün yaş qrupu üzrə seçmə komandalarında, həmçinin uğurlu çıxış edən qadın millisində Andersson böyük pay sahibidir. Birinci, bu məlumatı yoxlamaq lazımdır. İkincisi, qadın futbolunun və ya yığmasının kişi futbol klubuna nə aidiyyatı var? Bu lap basketbol ilə futbolu eyniləşdirməyə bənzəyir.
Yeni rəhbərlk Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem qurmaq niyyətindədir. Bu strateji hədəfə uzunmüddətli transfer siyasəti və geniş skautinq sisteminin qurulması da daxildir. Olsun, yaxşı. Amma istəməklədir? Mən də çox şey istəyirəm. Fakr budur ki, “Neftçi” cari premyer liqanın ən bahalı klubudur. Buna rəğmən, 11 oyundan cəmi 4 qələbəsi var. Çempionat təzə başlayıb, artıq dəfə 4 yenilib. Yarış cədvəlində də 5-7-ci yerləri bölüşdürür. Budur Avropa? Zər qədrini zərgər bilər. Bu bacarıqla ancaq Biləcəridən o tərəfə keçmək olar.
Y.S. Atalar sözü: Örtülü bazar dostluğu pozar
Kamran HACI