“Bu qollara biraz üzülürəm”

Premyer liqanın 36-cı turunda “Turan Tovuz” səfərdə “Qarabağ”a 3:4 uduzub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov yenilgiyə aydınlıq gətirib:

“Bu gün xal qazanmaq istəyirdik. Buna köklənmişdik. Rəqibin çətin olduğunu bilirdik. Amma birinci hissədə qol epizodlarını dəyərləndirə bilmədik. Ona təəssüfləndik. Souza 2 epizodda səhv qərar verdi. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq. Geri dönüş etdik, önə keçdik. Sonra 3:3-ə gətirdik. Son dəqiqələrdə qol buraxmağımız bizi üzdü.

Bu qollara biraz üzülürəm. Bu il ən böyük çatışmazlığımız çox rahat qollar buraxmağımız oldu. Çox yaxşı qollar vurmuşuq. Qol sayında səhv etmirəmsə Premyer liqada ikinci ən yaxşı komandayıq. Amma qol çox buraxmışıq. Demək ki, bunun üzərində çox işləməliyik. Son oyunumuz qalıb. Azarkeşlərimizi sevindirməliyik.

Məncə, bu il son 4 tura qədər həyəcanı yaşamışıq. Növbəti ildə bunu daha da artırmaq lazımdır. Bu gün həqiqətən maraqlı oyun oldu. “Qarabağ” çempiondur. Biz də mövsümü altıncı yerdə bitirmək istəyirik. Son oyunda da bunun üçün çalışacağıq”.

Həmin kateqoriyadan