Oğurladığı pulları tam qaytara bilməyən Mikayıl Nərimanoğlu Gəncədəki evini satır

“Kəpəz”dəki maliyyə yeyintilərinə görə klubda və AFFA-da işindən qovulan Mikayıl Nərimanoğlu kölgəyə çəkilib. Allsport.az saytı xəbər verir ki, baş katib Elxan Məmmədovun söz aparanı elə onun özünün  səyi ilə sudan quru çıxarılıb. “Kəpəz”də pul fırıldağında cinayət tərkibi olsa da, işə prokurorluq orqanları qarışmayıb və AFFA məsələni daxili auditin əliylə yoluna qoymağa nail olub.

Ən yüksək səviyyədə Mikayıl Nərimanoğluna və onun himayədarlarına ismarıc göndərilib ki, “Kəpəz”in büdcəsindən oğurlanan pullar geri qaytarılmalıdır. İndiyə qədər konkret rəqəm açıqlanmasa da, söhbətin təxminən 400 min manatdan getdiyi məlumdur. Artıq həmin məbləğin böyük bir hissəsi klubun büdcəsinə geri qaytarılıb. Məhz bunun da sayəsində “Kəpəz” yeni legionerlərlə sözləşmə imzalayıb, ölkə xaricinə təlim-məşq toplanışına yollanıb.

Sport7.az-a etibarlı mənbərdən daxil olan bilgiyə görə, Mikayıl Nərimanoğlu borcunu tam ödəyə bilməyib və ən sonda Gəncədəki evini satmağa qərar verib. Onun Gəncədə inşa etdirdiyi ev hazırda tələm-tələsik, öz real dəyərindən xeyli aşağı qiymətə satışa çıxarılıb. Evin yerləşdiyi ərazidə topraq xeyli baha olsa da, çarəsiz durumda olan Nərimanoğlu hazır tikilini 70 min manata satır.

Mənbəmiz bildirir ki, hazırda alqı-satqı ilə məşğul olan şəxslər AFFA-nın sabiq sözçüsü üçün müştəri axtarırlar. Məbləğ aşağı olduğu üçün Elxan Məmmədovun xəbərçisinin evinin tezliklə satılacağı gözlənilir. Qeyd edək ki, Mikayıl Nərimanoğlu dövlətin, Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan, keçən il 85 yaşını qeyd edən “İdman”ı sevmədiyi, onu mətbuatın toplaşdığı tədbirlərdə məsxərəyə qoyduğu üçün müxtəlif dairələrdə daim qınanıb.

Həmin kateqoriyadan