YAZI
«Qəbələ» yerli futbolçuları məhv edir

Futbol karate, kikboks deyil

Ötən futbol mövsümü rumıniyalı mütəxəssis Dorinel Muntyanu ilə uğursuz çıxış edən «Qəbələ» klubu onun yerinə ukraynalı mütəxəssis Roman Qriqorçuku gətirdi. O da iş başında ardıcıl məğlubiyyətlərlə üzləşdi. Dönüş anı «qara-qırmızılar»ın «Xəzər-Lənkəran» üzərində 3:1-lik qələbə ilə yetişdi. Halbuki matçın gedişində ev sahibləri 0:1 hesabı ilə geridəydilər. O ana qədər hələ belə söz-söhbət də ayaq açıb yeriməyə başlamışdı ki, bir daha «Qəbələ» məğlub olsa, baş məşqçi istefaya göndəriləcək. Hər şey Qriqorçuk üçün yaxşı qurtardı: komanda uddu və sonra dalbadal 8 qələbə ilə öz rekordunu yenilədi və axırda ölkə çempionatında mükafatçılar sırasına düşdü.

Nəticə, əlbəttə, təqdirəlayiqdir. Amma bir faydası, səmərəsi varsa. Yəqin əsas məqsəd uğurlardan yerli oyunçuların da faydalansı, klubun, bu yolla futbolumuzun qazanmasıdır. Amma haçan, necə olur ya olacaq bu işlər? Bu məsələ «Qəbələ»yə yadlaşmaqdadır.
Bir nəzər yetirin, Avroliqa matçlarına, adətən, yalnız 1 yerli, o da milliləşmiş müdafiəçi Arif Daşdəmirovla çıxan «qara-qırmızılar»ın «legion sevgisi» hədsizdir. Daha doğrusu, Roman Qriqorçukun. Əlbəttə, onun nə vecinə, ölkəmizdə qonaqdır. Pulunu qazanıb bir gün gedəcək. Nəyinə lazım, axı, Azərbayan futboluna nəsə versin və kimisə kəşf etsin.

O ki qaldı Premyer liqaya, cari mövsümdə «Qəbələ» bir neçə sanballı yerli oyunçu transfer edib. Hamısı da yığmanın üzvləridir. Amma nə fayda? Daim əsas heyətdə, sadəcə, Elvin Camalovla Ürfan Abbasov olurlar. Ruslan Abışovu isə, ukraynalı məşqçi əlacsızlıqdan oynadır; Rəşad Sadiqov meydana sonradan çıxır. AFFA-nın limiti, hədd şərti var, yoxsa, heç bunlar da olmazdı. Vüqar Nadirov və Vaqif Cavadov kimi futbolçular ehtiyatda əyləşdirilib. Hələ onu da yaddan çıxarmayaq ki, adını sadaladığım son 3 futbolçunun kifayət qədər avrokubok təcrübəsi var. Niyə oynadılmırlar – səbəb bildirilmir. Elə bil, heç kimin də vecinə deyil? Nə gedir bağdan gedir, bağbandan heç nə – lazım olmayacaq, gedib başqa klubda işini görəcək…

Hə, gözlənilən idi: artıq bu futbolçular yavaş-yavaş narazılığa başlayıblar. Haqlı olaraq, ilk dillənən Vüqar Nadirov olub. Hücumçu bildirib ki, baş məşqçi onu heç olmasa, sonradan meydana salsın. Bundan sonra ukraynalı onu 11-ci turda «Qəbələ»nin əvəzedicilərində oynatdı. Hücumçu çıxan kimi 2 qol vurdu. Vaqif Cavadovun «Kəpəz»lə matçda debütünə gəlincə, Qriqorçuk əsas heyət oyunçularının bəzilərini Dortmund «Borussiya»sı ilə səfər görüşünə qoruduğundan, onu, nəhayət, meydana buraxdı.
Bu mövsüm komandadada öyünüləsi bir məqam vardısa, o da Cavid Huseynovun yüksək formada olması idi. Amma yarımmüdafiəçini dağ başına elə qaldırdılar ki, gözü yeri görmədi… Sonrası məlumdur. Allah qapısını açsın.

Təsiredici məqam, Roman Qriqorçukun özü ilə gətirdiyi 5 futbolçunun – Dmitri Bezotosnı, Vitali Vernidub, Aleksey Qay, Aleksey Antonov və Sergey Zenyovun daim startda yer almasıdır. Elə bil ukranalı müqaviləyə qol çəkəndə, onların oynamasına öhdəlik götürüb. Lap gülməlidir. Hərçənd ağlamalı yazsam, daha yaxşı olar. Belə çıxır ki, bir yandan Elxan Məmmədov futbolumuzu uçuruma apardığı kimi o biri yandan «Qəbələ» bu işlərə bu sayaq töhfəsini verməyə başlayıb.
Komandaya məsul təyin edilmiş şəxslər susurlar. Müdaxilə etmir, məsləhət vermirlər. Çunki onlar karateni, kikboksu daha yaxşı ayırd edirlər, nəinki futbolu. Atalar buna yaxşı misal çəkiblər: zər qədrini zərgər bilər; yaxud çorəyi ver çörəkçiyə, beş də artıq.

Bəli, futbol karate deyil. Uzun zaman keçməsinə baxmayaraq, görünür, «Qəbələ»də öynüləsi bir şey varsa, o da yüksək səviyyəli yaşıl meydançaların olmasıdır. Dərd də burasındadır ki, futbolçu yetişmir, yetişdirilmir. Futbol Akademiyası qurmaq, niderlandlı məşqçilər gətirməklə deyil, axı. Lap bütün «böyük beşlik» ölkələrinin uşaq məşqçilərini buraya yığıb töksələr də, əsas məsələlərə diqqət edilməsə, yenə faydası olmayacaq. Bu məsələlər isə bir deyil,iki  deyil, üç deyil…
Hə, bir məsəl də var, axı, quyu su tökmələ, dolan deyil. Onun yerini də dəqiq müəyyənləşdirmək, qazmaq, qurmaq planını da düzüb-qoşmaq da lazımdır, deyilmi?

Kamran HACI

Həmin kateqoriyadan