- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ” Futbol Akademiyasında qapıcılarla işləyən məşqci Uğur Kurt Azərbaycandakı fəaliyyətini başa vurmaq uzrədir. Allsport.az xəbər verir ki, 44 yaşlı turkiyəli mutəxəssislə imzalanan muqavilənin muddəti başa catıb.
“Qəbələ”yə 2009-cu il iyunun 15-də gələn Kurtun şərəfinə bu munasibətlə akademiyada tədbir kecirilib. U-17 komandası isə “Bakı”yla kubokun final oyununa uzərinə “Uğurlar, Uğur hoca! Səni unutmayacağıq!” yazılan plakatla cıxıb.
“Qəbələ”yə ilk gəlişində klubla 3 illik müqavilə imzalayan Uğur hoca ilə başladığı işi davam etdirmək üçün sonradan onunla anlaşmanın müddəti uzadıldı. Daha sonra klub 2014-cü ilin oktyabrında müqavilə müddəti bitən mütəxəssislə əməkdaşlığı mövsümün sonunadək davam etdirməyə qərar verdi. “Qəbələ”yədək “Qalatasaray”da çalışmış təcrübəli mütəxəssis ayrılıq ərəfəsində təəssüratlarını “Qəbələ İK” ilə bölüşüb.
– “Qəbələ”dən hansı təəssüratlarla, hisslərlə ayrılırsınız?
– Əlbəttə ki, gözəl hisslərlə, unudulmaz xatirələrlə. Futbol həyatı belədir – biz gəmiyik, klublar isə liman. Biz gəlirik, vəzifəmizi yerinə yetirib gedirik. Kim bilir, bəlkə nə vaxtsa, yollarımız yenə kəsişəcək. Ancaq bu olmasa belə, mənimlə işləyənlərin hamısına minnətdaram. “Qəbələ” Futbol Akademiyasının uğurlarında, az da olsa, əməyim olubsa, bu, mənim üçün böyük xoşbəxtlikdir. Görürəm ki, məndən razı qalıblar. Çünki bir qədər əvvəl şərəfimə keçirilən gözəl tədbirdə bunu gördüm. Mənə bütün qapıçıların və məşqçilərin imzası olan qapıçı forması hədiyyə etdilər. 2009-cu ildə buraya gələndə, böyük qardaşımı itirmişdim. Ancaq Azərbaycanda özümə çox qardaş tapdım, dostlar qazandım. “Qəbələ”dən sevilən bir insan kimi ayrılıram. Bu isə hər məşqçiyə nəsib olmur.
– Azərbaycanda ilk günlərinizi necə xatırlayırsınız?
– İlk dəfə Qəbələyə gələndə, həmin vaxt akademiyanın direktoru olan Əli Yavaşdan qapıçıların harada olduğunu soruşdum. Çünki mən onlarla işləməyə gəlmişdim. Yavaş isə mənə dedi ki, qapıçı yoxdur, onları sən axtarıb tapacaqsan. Beləcə, ilk işim qapıçı axtarmaq oldu.
– Akademiyanın qurulmasında əməyi olan bir mütəxəssis kimi onun hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Akademiyanın bu səviyyəyə çatmasında hər kəsin əməyi var. Heç kim təkbaşına heç nə edə bilməzdi. Hazırda çox gözəl heyətimiz var və fəaliyyətimizin də bəhrəsini görürük. “Qəbələ” Futbol Akademiyası nümunə göstərilən idman təsisatına çevrilib. Bu da rəhbərliyin bizə göstərdiyi hərtərəfli dəstəyin nəticəsidir. Onlar bizə inanaraq burada çalışmaq üçün gəzəl şərait və imkan yaratdılar. İndi isə rahat şəkildə, sevilən insan kimi buradan gedirəm. Səhv etmirəmsə, akademiyada ilk dəfədir məşqçini belə təmtəraqla, plakatla yola salırlar. Məşqçilərə dedim ki, bir yerdən ayrılacaqsınızsa, Uğur hoca kimi ayrılın. Harada olsam, qəlbim həmişə “Qəbələ” ilə vuracaq. Akademiyamızın fəaliyyətini həmişə izləyəcəyəm.
– Altı il “Qəbələ”də çalışdınız. Sizcə, bu illər ərzində ən böyük qazancınız nə oldu?
– Ən böyük qazancımız Qəbələdə qapıçılar tapıb, üzə çıxarmağımız oldu. Bura qapıçılarla işləyən hansı məşqçi gələcəksə, bizim vaxtilə üzləşdiyimiz problemlərlə qarşılaşmayacaq. Çünki akademiyada 2008-ci il doğumlu uşaqlardan başlayaraq, təxminən, 35 qapıçı var. “Qəbələ”də bildiklərimi öyrətməklə yanaşı, özüm də böyük təcrübə qazandım. Gəldiyim ilk gündən qapıçı fəlsəfəsini, qapıçıların komanda üçün çox önəmli olduğunu yetirmələrimə aşıladım. Azyaşlı qapıçıların hərtərəfli dəstəyə ehtiyacı var.
– Bəs məqsədlərinizə necə, çatdınızmı?
– Əlbəttə! Qarşıya qoyduğumuz məqsədlərə çatdığımıza görə çox məmnunam. Öncə qapıçı peşəsini insanlara sevdirdik. Qəbələli uşaqlardan qapıçılar hazırladıq, yığma komandalara təcrübəli qapıçılar verdik. Eşitdiyimə görə, hələ 17 yaşın içində olan Süleyman Süleymanov U-19 və əvəzedici heyətə cəlb edilmədən, birbaşa əsas komandanın hazırlığına yollanacaq. Bu da bizim üçün böyük nailiyyətdir. Düşünürəm ki, üzərimə düşən vəzifəni yerinə yetirdim və burada missiyam bitdi. Necə deyərlər, çiçəkləri əkdik, indi qalır, əzmədən onlara sahib çıxmaq. Bu isə hazırda akademiyada çalışan və yetişdirdiyim 4 qapıçı məşqçisinin üzərinə düşür.