- Baxış sayı: 51
- 07 Noyabr 2024 10:40
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Vilayət Eyvazovu aldadırlar
3-11 mayda Bakıda atıcılıq üzrə dünya kuboku keçirilib. Bu yarışda ölkəmizi nə az nə çox, düz 43 idmançı təmsil edib. Milli komandalarımız güllə atıcılığında 3 (10 metr məsafədən pnevmatik tapança ilə, 25 metr məsafədən kiçikçaplı tapança ilə, 10 metr məsafədən pnevmatik tüfəng ilə) stend atıçılığında 2 növdə (səngər və dairəvi) təmsil olunublar. Nəyə görə “mübarizə apardılar” yazmadım? Çünki mübarizə olsaydı, nəticə olardı. Nəticə yoxdursa, demək, sadəcə iştirak ediblər. İstər evdə, istər çöldə – turist sayılıblar. Nə gedib bağdan gedib: dövlətin ayırdığı külli miqdarda vəsait növbəti dünya kubokunda havaya uçurulub.
Dərd burasındadır ki, ötən il 14 avqust – 1 sentyabrda Bakıda keçirilmiş dünya çempionatında, heç olmasa qeyri-olimpiya proqramında uğur olmuşdusa, bu dəfə ona da həsrət qaldıq. Əgər böyük bir heyət adi bürünc medala yiyələnə bilmirsə, onda hər il paytaxtda külli miqdarda xərc tələb edən bu çoxgünlük yarış kimə lazımdır? Çinlilər qələbə çalsın, biz tamaşa edək? Görünür, icraçıların burada maraqları var. Azərbaycan atıcılıq federasiyasının (AAF) prezidenti Vilayət Eyvazov üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Gənclər və idman nazirliyi (GİN) də öz dəstəyini verir. Təşkilatçılıq yaxşı olsa da, güllələr hədəfə dəymir. Uğursuz tədbirə ard-arda ev sahibliyi etmək isə, müəyyən söz-söhbətə yol açır.
AAF-in baş katibi Emin Cəfərov idmançı karyerasında elə ciddi uğura nail olmayıb. Elə yeni işini də belə aparır. Ötən ilin fevralında dəvət olunan əcnəbi mütəxəssislər özlərini doğrultmur. ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir. Olimpiya hərəkatının şah əsəri, onun zirvəsi və xidmət etdiyi əsas amalların təzahürü olimpiya oyunlarıdır. Ora düşmək və uğur qazanmaq üçün əsas diqqəti bu istiqamətə yönəltmək lazımdır. Yaddan çıxarılmamalıdır ki, ölkə başçısı, qalib ali baş komandan İlham Əliyev, həm də Milli olimpiya komitəsinə rəhbərlik edir. Demək, hədəf daim düzgün götürülməlidir, Onun kimi!
Digər xoş olmayan məqam, uzun illərdir federasiyanın ailə təsərrüfatı üzərindən idarə olunmasıdır. İnhisarçılıq üzündən kənardan idmançı yetişdirilməyib. 2000-ci ildən bu yana olimpiya proqramında eyni soyadları görürük. Xeyli müddətdir nəticə verən tək güllə atıcısı Ruslan Lunyovdur. Amma o da son zamanlar qeyri-sabit çıxış edir. Halbuki Paris-2024-ə ilk lisenziya ondan gəlmişdi. Hazırda ondan uğur gözləmək sadəlövhlükdür. Stend atıcılığında isə durum ondan da ağırdır. Baxmayaraq ki, Emin Cəfərov özü bu növlə məşğul olub.
Y.S. Federasiyanın rəsmi Feysbuk səhifəsində son paylaşımda İtaliya mətbəxini özündə əks etdirən “Volare” restoranı təbliğ olunur. Bilmirəm, onun atıcılığa nə bağlılığı var. Yəqin, baş katibindir, durumdan sui-istifadə edib idman ictimaiyyətini Bakıda əsl İtaliya ləzzətinə qovuşdurmaq istəyir. Bellissimo!