- Baxış sayı: 24
- 26 Dekabr 2024 18:55
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırıldıqdan sonra, ilk dəfə sükutu pozub. Allsport.az saytı xəbər verir ki, o, Feysbukda paylaşım edib və dəstək üçün hamıya təşəkkür edib:
“Öncə susdum… Susdum ki, ölkə tariximizin ən şanlı mübarizəsində fərd olaraq durumum ümummilli maraqlara toz olmasın. Amma Azərbaycan xalqı o qədər möhtəşəmdir ki, bunu yazmaya bilməzdim… Son 2 ayda yazan, zəng edən, axtaran, tanıyan-bilməyən, adımı taq edib-etməyən, 7–77-yə, etnik fərq etmədən, dünyanın 4 bir yanından, diplomatından, məmurundan tutmuş, əyalətdə yaşayan sadə vətəndaşa qədər dəstəyiniz o qədər inanılmaz idi ki…
Əlbəttə, taleyimizə yazılmışsa bir gün qələmə alacağım kitabda Azərbaycan insanın dünyaya sığmayan ürəyini, incəliyini, həssaslığını zərrə-zərrə sətirlərə tökəcəyəm. Acısına rəğmən vətən müharibəsinin iştirakçılarının diqqətini, şəhid ailələrinin dəstəyini, cibindəki təqaüdünü təklif edən, işlərində bürokratik sərhədləri aşaraq dəstək verən, sözlə, dillə, canla, göz yaşıyla dəstək olan insan(lığ)ımızın qarşısında təzim edirəm…
Bu zaman aralığında sayagəlməz qədər eşitdiyim “Sənin üçün nə edə bilərəm?” ifadəsindəki dünya boyda Azərbaycandır bu vətən insanı… Əlbəttə, heç nə bitməyib, mübarizə davam edir. Süni bürokratik əngəllərə baxmayaraq haqqımızı sona qədər almağa çalışacağıq… Azərbaycan(lılar) möhtəşəmdir, daha da möhtəşəm olacaq…
Xatırladaq ki, Nurlan İbrahimov 2-ci Vətən müharibəsi zamanı Öz Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə, UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Artıq qitə futbol qurumunun nəzarət, etika və intizam orqanı tərəfindən verilən cəza ilə bağlı apelyasiya müraciəti olunub. UEFA-nın şikayətə yaxın günlərdə baxması gözlənilir.