- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Ötən ilin sonunda «Lokomotiv» fəaliyyətini dayandırdı. Allsport.az saytı xəbər verir ki, bu ilin dekabrı isə «Bakı»nın sonunu gətirməyə tələsir. 1-ci Divizionun son turlarını bərbad keçirən paytaxtın eyniadlı klubunda bıçaq sümüklə qardaşlıq edir. İmkansızlıq Biləcəridəki bazanın mətbəxindən vurub, yataq otağından çıxır. Sənan Məmmədov 2014-də «Loko»nu yaşatmağa çatdırmadısa, artıq atası, yaxın keçmişdə «Land of fire Azerbaijan»brendi ilə ölkəmizi dünya arenasında tanıdan Hafiz Məmmədov «Bakı»nı hündür dalğaların qoynundan almağa güclük çəkir.
Külək və şıdırığı yağış bazanın dörd bir yanını silib-süpürüb, külünü havaya sovurub. Xilas yolu zəif görünür. Məyusedici xəbər olsa da, bügunkü qəziyyə ən pozitiv azarkeşə də qəlb rahatlığı vermir.
20 xalla turnir cədvəlinin 6-cı pilləsində məskunlaşan «Bakı»nın medalla iddiası kağız üzərindədir. Öz güclərinə, oynayaraq, tər axıdaraq Premyer Liqaya qayıtmaları gülünc səslənir. Bir halda mümkündü: Hafiz Məmmədov dirçəlsin. Bu isə «söz qonaqlığı» ilə başa gəlmir.
Sportinfo.az-in məlumatına görə, komanda faktiki parçalanıb. Son 6 ayda yalnız 1 maaş alan «zolaqlılar»ı 5-6 futbolçu tərk edib. Kamil və Habil Nurəhmədov qardaşları, yəqin ki, gedənlərin son partiyasını təşkil eləməyəcək. «Bakı» son turda meydana çıxmaya bilərmiş. Əksər oyunçular son anadək «Bakılı» ilə payitaxt derbisində iştirak etmək istəmirmiş. Məşqçilər dilə tutub, üz vurublar. Zor-bəla ilə «11-lik» düzəldiblər. Təbii ki, nəticə üz vurulan üzləri güldürməyib. «Bakılı» 3:1 qalib gəlib. Böyük ehtimalla, son həftələrini yaşayan «Bakı»da klubdaxili toplantı təşkil olunub. İclasda futbolçulara son vəziyyət izah olunub, bildirilib ki, maliyyə problemlərini həll etmək hələlik mümkün deyil:
“Bu ilin sonunadək maaş gözləməyin. Şirkətitmizin hesabında 1 manat yoxdur. Yalandan sizə necə deyək ki, arxayın olun, filan gün əməkhaqqını alacaqsız? Şirkətə pulun nə vaxt gələcəyini bilmirik. Gəlsə də, bilmirik hamıya çatacaq, ya yox. Artıq bir neçə ayın borcu yığılıb. Gec də olsa, qaytaracağıq. İlk dövrənin başa çatmasına 2 tur qalıb. Bu oyunları da oynayın, kim istəyər, transfer vərəqəsini özünüzə qaytararıq. Kimsəni incitməyəcəyik, istəyənin vərəqini verəcəyik. Biz bunu sizə vəd edirik. Bircə xahişimiz budur ki, keçənillki çempionatda olduğu kimi olmasın. Klubun gələcəyinin necə olacağı özümüzə də qaranlıqdır”.
Həqiqətən də! «Baghlan Group»un üst mənsəb elçiləri H.Məmmədovun futbolla birdəfəlik yolları ayırmasına indi daha böyük səylə çalışırlar. Hərçənd birinci şəxsin özü son, ad günün ertəsi verdiyi müsahibədə tamam ayrı dünyadan bəhs etmişdi. İki dəfə ölkə çempionu olan, 3 dəfə kuboka sahib çıxan, Avroliqada pley-off mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisinin, futbolumuza onlarla gənc istedad bəxş edən, bu gün isə canıyla əlləşən klubun prezidentindən geninə-boluna sitat:
“Birinci divizionun yox, uşaqların oyunlarına baxıram. Düzdü, qarşılaşmalara canlı olaraq tamaşa etmək imkanım çox vaxt olmur. İnternetdə komandanın matçlarını izləyirəm. “Bakı” 1-ci divizionluq deyil. Təbii ki, divizonda oynamaq ayıb sayılmır. Uşaqlara da deyirəm ki, ürəyinizi sıxmayın. Əvvəl utanırdım. Dünya futbolunda bir çox aparıcı klublar da vaxtı ilə aşağı liqada yarışıblar. Birinci divizionda yarışmaqda utanmalı bir şey yoxdu. Bu 2 il ərzində “Bakı”dan əl çəkmək fikrinə düşdümmü? Hafiz Məmmədov heç bir işdən əlini çəkməyib. Belə klubdan əl çəkmək olar?
Futbolu inkişaf etdirmək lazımdı. Axıra qədər nə lazımdısa, edəcəyik. Sadəcə, son 20 ay ərzində mənə çox pis təsir edən müəyyən hadisələr baş verdi. Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var.
Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz, sadəcə, alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdu. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir. Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver, verməyəcəkdim?
Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdı! Hamısını geri qaytaracam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar. Futboldan bezməmişəm. Qətiyyən! Mən qeyri-ciddi iş necə olur, bilmirəm. Hansısa işə qol qoyuramsa, deməli bu, ciddidi. Mənim işlərimdə problem varsa, burda futbolun günahı yoxdu. Bazanı tikəndə planlarımız iki mərhələdən ibarət idi. Birinci mərhələni həyata keçirdik. Sonradan ikinci mərhələyə başlayacaqdıq ki, problemlər ortaya çıxdı. Amma işlərimiz qaydasına düşür və baza ilə də bağlı planlarımızı həyata keçirəcəyik.
Hazırda iki ehtimal var. Mümkündü ki, bazanın ərazisi genişlənsin. Bu halda, bazada daha çox iş aparılacaq. Yox, ərazi genişlənməsə, 4 ulduzlu otel, hovuz və daha bir meydança tikəcəyik. Çempionatın səviyyəsinin aşağı düşməsi ilə razılaşmıram. Axı iki klubumuz Avroliqanın qrupunda oynayır. İki klubumuz qrup mərhələsində oynayırsa, çempionatın, futbolumuzun səviyyəsi necə düşə bilər? “Qarabağ” və “Qəbələ” fəxrimizdir. Müşahidə Şurası ağıllı fikirdir. Klubun başında futbol adamının olması vacib deyil. “Neftçi”yə son zamanlar tanınmış insanlar cəlb olunub. Çingiz Abdullayev zəka sahibidir, addır, brenddir. Klub rəhbərliyində təmsil olunanlar sağlam fikirləşə bilən insanlardı. “Bakı”da da belə bir fikrimiz var idi. Hətta həyata keçirməyə yaxın idik. Klubun idarə heyəti əcnəbilərə tapşırılacaqdı. Burda 2 ispan, 2 fransız və 2 azərbaycanlının təmsil olunması nəzərdə tutulmuşdu”.
Hafiz Məmmədov fikirlərinin əksərində keçmiş zamana istinad edir, gördüyünüz kimi. Darvazanın o üzündə qalan gələcəyə isə həm ötən günlərin nisgili, həm, təəssübü, həm də ümidi ilə boylanır. Bu, hansı dərəcədə əsaslıdır, gəlin, saatın əqrəbləriylə əlbəyaxa olmayaq, mübahisə etməyək, öz axarına buraxaq. Başa düşmək çətin deyil ki, o hardansa, elə dövlətin özündən maddi dəstək alacağını gözləyir. «Bank of Azerbaijan»ı geri qaytaran maqnat 2013-cü ilədək rəhbərlik etdiyi 42 şirkətdən ən çox pul gətirən «Bahar Energy»in idə yenidən kurasiyasına alıb.
Nəqliyyat sektorundan süni şəkildə uzaqlaşdırılan, «Azərinşaat»la bağları qopardılan biznesmenin «Bahar»ı işə salması kifayətdir ki, dərindən nəfəs alsın. Ancaq buna da kisə-kisə pul tələb olunur. Cahangir Hacıyevin iflic vəziyyətə saldığı neft şirkətinin ritmi darmadağındır. Heç olmayıbmış kimi çöküb. «Bahar»ın quru adı qalıb, bir də sakit platformasır. Hafiz Məmmədovun ehtiyatlı, eyni zamanda inadcıl mövqeyi, fikrimizcə, boş qu yuya daş atmaq cəhdi ilə bir-birinə pərçimlənməyib. Nəqliyyat naziri Ziya Məmmədov və nazirin ərköyün oğlu Anar Məmmədovla arasının dəyməsi bu iş adamının ölkə elitasını təşkil edən zümrəylə əlaqələrini qırmayıb, hazırda da dayaqları güclüdür.
Üçüncü baxış bucağından zəif görünə bilər. Yalnız üçüncü köşədən. Son ilyarımda respublikanın ictimai-sosial həyatında baş verənlər hamımızın gözü qarşısındadır, kino lentini o üz-bu üzə çevirək, Hafiz Məmmədovun «vurulma» həddinin qapısından dönməsinə əmin olarıq. O, yüksək vəzifə mənsubları, ayrı-ayrı qolların təmsilçiləri tərəfindən mühasirəyə alınımışdı, artıq bu halqanı yarıb. Ziya Məmmədov indi «portfelsiz nazir»dir. Cahangir Hacıyev isə türmə həyatı çəkir. Ən həssas, alatoran, dan yeri gec açılan aylarda dəmir barmaqlıqlarla tanış olmayan Hafiz Məmmədovun son sözünü deməsi yanvara qalıb. Bildiyimizə görə.