- Baxış sayı: 33
- 17 Yanvar 2025 23:37
- Baxış sayı: 91
- Yanvar 17, 2025
- 0
Bu gün Azərbaycan futbolunu əvsanəsi Anatoli Banişevskinin 71 yaşı tamam olur. Ömrü boyu Azərbaycana sadiq olmuş Tolik haqda yazmaq asan deyil. Çunki həmişə nəyisə qələmə alanda, sonradan onun haqqında bilmədiyimiz bir şey ortaya çıxır. Nə isə… İndi bildiklərimdən yazıram.
Futbol dahilər üçün və ya dahilər oyunu deyil. Bu mənim üçün aksiomdur. Ancaq bütün qaydalar toplusunda olduğu kimi, burada da istisnasız ötüşmür. Peleni dünya futbol ictimaiyyəti dahi sayır – ümumi formalaşmış fikrə hörmət əlaməti kimi, tutalım, bunu belə də qəbul edirəm. Bəlkə həqiqətən belədir? Amma zövqlər müxtəlifdir və müzakirəolunmaz, müqayisəolunmazdır. Mənimçün ipə-sapa yatmaz Qarrinça, müştəbeh Maradona daha ülvi və bəşəri görünür. O cümlədən, bizim “Banya”, “Banış” – Anatoli Banişevski.
Tanrının bəxşişi
Həyatda inandığım bir şey də var: seçilmişlərin taleyi həyatın lap əvvəlindən xüsusiləşir, rəmzlərin sirr dünyasına çevrilir. Elə buna görə doğum günü də təsadüfi olmaz. Müharibə dəhşətlərindən ilk dinclik ilinin hərbi ordu günündə – 1946-cı il fevralın 23-də dünyaya göz açmışdı. Nişanə deyil, bəs nədir?
Həmyaşıd tanışları da xatırlayırmışlar ki, o, lap uşaqlıqdan, anası onun məhəllədə top qovmaqdan zorla dartıb evə apardığı vaxtlardan bir gün futbolçu həyatı yaşayacağına əminmiş. Elə buna görə topdan ayrılmaq istəməzmiş.
Nikolay Morozov onu sovet yığmasına cəlb edəndə 19 yaşındaydı: 1965-ci il iyulun 4-də, özü də dünya futbolunu silkələmiş, əsl futbol sehrbazlarına – Braziliya seçməsinə qarşı Moskvadakı oyunda. Ancaq ulduzunun parlayacağı gün o qədər də uzaqda deyildi. İki ay sonra Pireydə, Dünya Kubokunun seçmə oyununda yunanları təkbaşına yendi. O vaxt bütün ölkə bakılı fitri istedad sahibindən danışmağa başladı. Dərhal sovet futbol məktəbinin maestrosu Boris Arkadyevin bir müsahibəsini yada saldılar: “Bizdə bir oğlan yetişir… Tanrının bəxşişidir”. Söyləyirlər ki, Banişevskinin həqiqi istedadını kəşf etmiş, tərifə xəsis mütəxəssis 15 yaşlı yeniyetməni görən kimi “o ya əsl dahi olacaq, ya da mən futboldan heç nə qanmıram” deyibmiş.
«Onun qiyməti 150 min funtdur»
Sovet futbolunun şanlı səhifələrindən biri isə qabaqdaydı və qəhrəmanlar sırasında mütləq bizim “Banya” da olacaqdı. 8 oyuna 7 qol çox şeyi deməlidir. Xüsusən, Cənubi Amerika səfəri yaddaşlardan silinməz. Montevideonun mundialların ilk finalına şahid olmuş “Sentenario”su, Buenos-Ayresin möhtəşəm derbilər məkanı “River Pleyt” və nəhayət, “Marakana”. Üst-üstə yarım milyon insan onun oyununa valeh oldu – özü də haralarda! 21 noyabr 1965-ci il. 123-minlik “Marakana” sevimli sehrbazlarından asan qələbə gözləyir. 58-ci dəqiqə hesab 2:0-dır. Az qalıb. Ancaq elə bu an Manqanın qapı xəttindən oyuna daxil etdiyi topa təxminən 30 metr məsafədə dayanmış “Banya” gözlənilməz reaksiya verir və onun başından səkən top bumeranq kimi geri qayıdıb tora daxil olur. Tribunalar sovet futbolunun Braziliya yığmasının qapısından keçirdiiyi ilk tarixi qola mat qaldığı, futbolçular özünə gəlməyə macal tapmadığı bir vaxtda, hesab bərabərləşir, sovet millisi turnedən 1 qələbə və 2 heç-heçə ilə qayıdır. Sonra məşhur 1966-cı il və SSRİ-nin Dünya Kuboku tarixində təkrar olunmayacaq nəticəsi – 4-cü yer də var.
İngiltərənin baş naziri Harold Vilson dünya çempionatından sonra Anatoli Banişevskinin əlini sıxaraq: “Bakı nefti ölkənizin iqtisadiyyatı üçün nə qədər lazımdırsa, sizin oyununuz da komandanız üçün o, qədər vacibdir”- demişdi.
Onun 20 yaşında ikən göstərdiyi oyun haqda digər dahi şəxsiyyətimiz, mərhum Tofiq Bəhramovun xatirələri də özəl maraq kəsb edir: “1966-cı ildə SSRİ – İtaliya qarşılaşmasına dərin həyacan hissi ilə baxırdım. O, gün həmyerlimiz Anatoli Banişevski yaxşı oynayırdı. Onun fəallığı italyanların qapıçısı Albertozini və müdafiəçiləri daim gərgin vəziyyətdə saxlayırdı. “Deyli ekspress” qəzetinin idman şərhçisi bildirirdi ki, çətin tələffüs edilən Banişevski familiyasını getdikcə daha çox adam tanıyır. Şərhçi yazırdı ki, o, hər kəsin və hamının arzuladığı bir mərkəz hücumçusudur: başı ilə əla oynayır, çox gözəl yer seçir və daim qol vurmaq həvəsinə malikdir”.
“Deyli meyl” qəzeti isə yazırdı ki, bu cür hücumçunun beynəlxalq futbol bazarında ən azı 150 min funt sterlinq qiyməti var”.
“Hər şair Parisdə ölmür“
Hələ 1972-ci il qitə çempionatının lənət olmuş finalı – AFR-ə məğlubiyyətdən (0:3) sonra soyunub-geyinmə otağına daxil olmuş məsul partiya işçisinə verdiyi sərt cavabın ağrı-acısı da var. O vaxtadək onu qorumaq mümkün olurdu. Hətta 1971-ci ildə 5 həmkarı ilə birgə “idman intizamını kobud şəkildə pozduğuna görə” verilən hökmü yumşaldılmışdı (….). Batiskafsız eniişin dərin qatlarına yol belə aparırdı. Bu ipin bir ucu isə çox əvvələ – “Neftçi”nin 1966-cı ildəki bürünc eyforiyasına aparıb çıxarır. Yekun – “Neftçi”nin 4 il sürünəcəyi aşağı dəstə və ulduzların iflasıdır.
27 yaşında, hələ böyük işlərə qadir olduğu bir vaxtda futbolu tərk etməsi və sonra komandaya kömək etmək üçün qayıtması.
O vaxtları çox çözmək olar: Niyə? Nə üçün? Necə? suallarının tarixi-fəlsəfi məqamlarına toxunmaq olar. Bir şeyin ki, sonu fəlsəfədir, onu çözməkmi olar? “Niyəsi”, “necəsi” gecikmiş qatarın dalınca baxmaqdan başqa bir şey deyil.
Biz istedad qazandıq, istedadı qoruya bilmədik, itirdik. Özü də necə – yekun budur. Çözmək istəyənlərə də deyərdim: bax, hər şeyə elə buradan – lap sondan, lazım gəlsə, sonun əvvəlindən başlayın. İstəsəniz, qısa xronikada sonrasına da nəzər salın: 80-ci illərin əvvəlində özünü “Neftçi”yə həsr etmək istəyi ilə yer aldığı məşqçilər korpusundan iftira ilə yola salınması, ardınca – bölgələrdə məşqçilik, sonra şəkər koması, xəstəliklər toplusu, buna baxmayraq, axtarışlar, Burkina Faso macərası, Vətənə dönüş, sevgi, ailə faciəsi və özümə inanmadığım gün – 1997-ci ilin 10 dekabrı.
Onun haqqında bircə şey həqiqət olmadı: fransızların “şairlər əyalətdə doğulur, Parisdə ölürlər” məsəli. O, minbir şirnikdirici təklifə doğma Bakısını, “Neftçi”sini dəyişmədi. Yenə Niyə? Nə üçün? tipli suallar doğa, fərqli yozumlar ola bilər. Amma rəmzlər nişanəsi olan həyat hekayəsində bir həqiqət dəyişməzdir: – O zirvə olaraq qalacaq.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”