- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
1997-ci ildə Azərbaycan lideri Heydər Əliyevin səyləri ilə artıq həyatın bütün sahələrində olduğu kimi, idmanda da müəyyənləşdirilib formalaşmış yolla irəliləyirdi. Bununla belə, cəmi bir neçə ilə pərən-pərən salınmış istedadları toparlamaq, məhv həddinə çatdırılmış təsərrüfatı bərpa etmək üçün qüvvələrin səfərbər edilməsi gərək idi. Amma iş tək bununla bitmirdi. Dövrün, zamanın tələbləri başqa idi. Tarixinin “ən yeni” çağına qədəm qoymuş əksər idman növlərində beynəlxalq səviyyədə təşkilatlanma optimal inkişaf həddinə çatmışdı. Üstəlik, münasibətlər sistemi də sovet dövründə adət etdiyimizdən fərqli idi. Vahid mərkəzdən mütləq qərarlarla idarəedicilik mümkün, əslində elə arzuolunan da deyildi. Həmin il ölkə idmanında mühüm hadisə baş verdi: İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildi və bu sahədə canlanma baş verdi. Ölkədə istər dövlət, istərsə də ictimai idman qurumlarının vəhdət işinə nail olundu. Hərəkata milli federasiyaların və müxtəlif idman təşkilatlarının qoşulması çoxşaxəli qolların vahid xətdə birləşməsinə kömək etdi.
Axı miqyasın genişliyi, idmanın təbliğ olunmasına, diqqət mərkəzinə düşməsinə, kütləviliyin təmin edilməsinə, ona marağın artmasına və bütün bunların yekununda başlıca məqsəd olan “Sağlam bədəndə sağlam ruh”, “sağlam düşüncə xoş gələcəyin, yüksək rifahın təminatçısıdır” prinsiplərinin ölkə həyatının aparıcı qüvvəsinə çevrilməsinə xidmət göstərir. Eyni zamanda, bu iş xarici aləmdə də əks səda doğurmaqla ölkənin formalaşan imicində əksini tapır.
Üstəlik, bir vaxtlar televiziya ekranlarından həsrətlə izlədiyimiz yarışlarına bu gün Bakının idman qurğularında tamaşa etmək bizlər üçün adi həyat tərzinə çevrilib.
Bakı-2015 ilk Avropa oyunları, İslamiada-2017, Ümumdünya Şahmat Olimpiadası-2016, formula-1 üzrə Azərbaycan qran-prisi, qitə və dünya çempionatları, dünya kubokuları, olimpiya oyunlarına lisenziya verən nüfuzlu beynəlxalq turnirləri yüksək səviyyədə keçirilməsi beynəlxalq idman qurumların tərəfindən ölkəmizə olan etimadın ilbəil artması ilə müşaiyət olunur. Bu il cənab prezidentin MOK-a rəhbər seçilməsindən 20 il ötür. Ölkənin idman adamları müsahibələrində həmin hadisəni yüksək qiymətləndirirlər. Gənclər və idman nazirliyində güləş üzrə seleksiyaçı, dəfələrlə SSRİ və Avropa çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhəd Əliyev allsport.az saytına verdiyi açıqlamada dedi ki, İlham Əliyev sözü gedən quruma başçı seçildikdən sonra təklif etdiyi və özünün də həyata keçirilməsinə xüsusi nəzarət etdiyi ana xətt ölkə idmanında canlanmaya, olimpiya hərəkatının genişlənməsinə səbəb oldu:
«20 ildir ki, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçilib. Bu yubiley ilində onu təbrik etməyə özümə borc bilirəm. Ölkə başçımıza can sağlığı, işində uğurlar diləyirəm. Arzum budur ki, İlham Əliyev 20 il bundan sonra da bu vəzifəni daşısın. Bununla yanaşı, yenə ölkəmizə rəhbərlik etsin.
O, ötən 20 il ərzində çox böyük işlər görüb. Öz yaşıma, təcrübəmə asaslanıb bunu deyirəm: sovet dövründə çox titul qazanmışam, amma bizə bu həddə diqqət və qayğı olmayıb. Halbuki o dönəmdə idmançılara edilən dəstək digər kapitalist ölkələrinə nümunə idi.
İlham Əliyev vəzifə başına keçdikdən sonra, işsiz qalan idmançıları və mütəxəssisləri bir araya gətirdi, onlara yol göstərdi, şans verdi, qabağa çəkidi. İndi maşallah, medallarımızın sayı hədsizdir. Medal bir az olanda, razı qalmırıq. Çünki çoxa öyrəşmişik. Elə yarış olmasın ki, Azərbaycan orda iştirak etməsin. Olimpiya oyunları, dünya və Avropa çempionatlarında mükafatlarımızın sayı-hesabı yoxdur. Ölkəmiz bir müddətdir mötəbər yarışarın keçirilmə mərkəzinə çevrilib.Bu ilin mayında təşkil olunan İslam olimpiadası bütün dünyanı yenə heyrətə gətirdi. Formula1 barədə də xoş söz deyə bilrəm. Düzü, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxsa bu cür nüfuzlu yarışa ev sahibliyi edəcəyik. Bizə bu sevinci yaşatdığına, böyük diqqət və qayğı göstərdiyinə görə cənab prezidentimizə təşəkkür edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram».
Kamran HACI