- Baxış sayı: 49
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
24-26 noyabrda Əbu Dabidə formula1 üzrə dünya çempionatının axırıncı, 20-ci mərhələsi keçirildi. Yarışda bu mövsümün qalibi sona 2 qran-pri qalmış bəlli olsa da, rəqabətdə yenə gərginlik vardı. Final yürüşündə «Mersedes»in pilotları Valtteri Bottas ilə Lüis Həmilton və «Ferrari» komandasının üzvü Sebastyan Fettel müvafiq olaraq ilk 3 yeri tutdular. Bu ötüşməni yaxından izləmək, formula1 ilə daha yaxından tanış olub bilgi artırmaq üçün, Bakı Şəhər Halqası əməliyyat şirkəti özüm daxil, 3 KİV əməkdaşını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına ezam etdi. Beləliklə, «Min bir gecə» nağıllarını özündə canlandıran məmləkətə 2-ci səfərim baş tutdu. İlk dəfə göydələnlər diyarını 2012-ci ildə, futbol millimizin Berti Foqtsun baş məşqçili ilə Dubaya təlim-məşq toplanışı zamanı görmüşdüm. Bu beş ildə ölkə xeyli dəyişib, daha inkişaf edib. Adama bitməz kimi gələn sürətli tikinti şəhərləri ildən-ilə böyüdüb genişləndirməkdədir. Bizdən fərqli, şeyxlər formula1 trasını mərkəzdə deyil, kənarda, «Yas Marina» şəhərciyində salıblar. Tərtibatda millilik nəzərə alınıb: tribunalar obrazlı bədəvi çadırlarının altında qurulub. Kənardan insana, böyük fəthdən öncə Məhəmməd peyğənbərin (ə. s.) əzəmətli ordusunun düşərgəsini, formula1 komandalarının qədim şərq üslubunda qərarlaşdığı tikililər isə, Allahın elçisinə təslim olmağa hazırlaşan Məkkənin evlərini xatırladırdı.
Bu dövləti 7 əmirlik birləşir. Ən boyüyü elə Əbu Dabidir. Çox güman, həmin səbəbdən paytaxt seçilib. Sonra Dubay gəlir. Bu şəhər dünyada azad iqtisadiyyatı ilə məşhurdur. Əhalinin ümumi sayı 9,7 milyondur. Böyük əksəriyyət orada çalışan emiqrantlardır. Birləşmiş Ərəb Əmirlikləri yüksək yaşayış səviyyəsinə görə Qətər, Norveç, Lüksemburq və Siqapurdan sonra gəlir. Neft və sərbəst ticarət dövləti dəbdəbəli edib. Şeyxlər ölkəyə ildən-ilə daha çox turist cəlb etmək üçün böyük işlər görür, yeni yollar arayır. Amma görünür, «qara qızıl»ın uzuclaşması səbəbindən, əsasən neft istehsal edən məmləkətlərdə baş vermiş məlum böhran, bura da təsir edib. Çünki 5 il öncənin qiymətlərlə indidə çox fərq vardı. Adi misal çəkim: bizdə mobil nömrə 2 manata, orda 55 dirhəmədir (27 AZN), hava limanında daha bahadlr – 100 dirhəm; sərnişin-nəqliyyat kartı Bakıda yenə 2 manat, Abu Dabidə 50 dirhəmə (24 AZN) satılır. Bu diyarda əkin-biçin yox dərəcəsində olduğundan, iri marketlərdə kənd təsərrufatı və meyvə məhsulları ağlasığmaz qiymətədir. Yas Mall-da soğanla portağal bizim pulla 15-20 manat arası idi. «Yas Marina» ilə Abu Dabinin özünə yol avtomobillə 15-20 dəqiqədir. Elə bil, Bakının mərkəzindən Heydər Əliyev adına hava limanı istiqamətinə. Bizdə taksi sifariş edib, 12-15 manata bu yolu getmək mümkündür. Orda 70 dirhəm (34 manat) verdim. İndi anlayıram, Bakıya axın edən ərəb turistlər niyə burada belə ürəklə pul xərcləyirlər.
Şəhərin özünə avtobus işləmir, metro da ucuz deyil. Dubaya gediş-gəliş, «Yas Marina» civarından keçsə də, müvafiq avtobus dayanacağı olmadı üçün, gərək Abu-Dabiyə gedib ordan şəhərciyə dönəsən. Bu qüsuru qayıdan baş livanlı taksi sürücüsü ilə paylaşanda, mənlə razılaşdı.
Qaldığımız «Radisson Blu» mehmanxanası çox gözəl idi. Ehtiyat tədbiri olaraq, məkana girənləri sərt baxışlı mühafizəçilər ciddi yoxlayırdılar. Hotelin girişi f1 şəhərciyinə, arxa hissəsi Abu Dabinin özünə baxırdı. Hərəmiz ayrı-ayrı otaqlarda qalırdıq. Eyvana çıxanda, Fars körvəzinə gözəl mənzərə açılırdı. Həyətdə hovuz, onun arxasında qolf meydançası qonaqları darıxmağa qoymurdu. Axşamlar aşağıdan canlı musiqi səsi gəlirdi. İlk mərtəbədə inzibatçılardan biri azərbaycanlı çıxdı. Sağ olsun, xanım nabələd həmyerlilərinə həvəslə, gülərüzlə daim istədikləri məlumatı verirdi. Bir sözlə, mehmanxanada hər şey yüksək səviyyədəydi. Axı, formula1-in nüfuzunu daim uca tutan Bakı Şəhər Halqası əməliyat şirkətindən ayrı nə gözləmək olardı?
Yarışın ilk günü bilindi ki, sia.az-dan olan həmkarım Elgün Vidadioğlu içəridə tək işləməyəcək. F1 «CBC-Sport»da çalışan Vasif Acalovla mənim müraciətimi nəhayət, təsdiqləyib. Dəstə rəhbəri Turab Teymurovla sevinə-sevinə media mərkəzinə yollanıb qeydiyyat vəsiqəmizi aldıq, sonra yarış məkanı ilə tanış olduq; komandaların düşərgəsinə baş çəkdik. Orada formula1 şərhçiləri Rahim və Siyavuş Əliyevlərlə rastlaşdıq. Söhbətimizə Azərbaycan qran-prilərindən yaxşı tanıdığımız marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arparadai də qoşuldu. Birgə ilk təəssuratımızı bölüşdük. Ərəblərdə üstün cəhət, f1 trasını paytaxtın kənarında salmalarıdır. «Yas Marina» hər mövsüm qurulmadan, yenilənmədən mükafat yarışına hazır olur. Şəhərcikdə təşkilatçılıq nə qədər yaxşı olsa da, Bakının şirinliyi, gözəlliyi, sirli və mürəkkəb, enişli-yoxuşlu yolları hamını valeh edir. Bunu mətbuat konfransında «Ferrari»in sürücüsü Sebastyan Fettel də təsdiqlədi və Lüis Həmiltonla («Mersedes») olan qalmaqalı mövsümün ən yadda qalan hadisəsi saydı. Tədbirin açılışı da maraqlı alındı. Səmada tərlan kimi süzən qırıcılar, havaya cürbəcür rəngli tüstü buraxaraq göy qurşağı yaratdı. Əyləncə dolu hadisənin mərkəzində, milli geyimli bəylər tamaşaçıların önünə çıxdıqdan sonra əsas hissə başladı, komandalar sıraya düzüldülər…
Ertəsi gün təsnifatda «Mersedes»lə Valtteri Bottas qalib gəldi. Yuxarıda adını çəkdiyim pilotlar növbəti yerləri tutdular. Görünür, mövsümün son rəqabətinə elə bu formula1 sehrbazları yüksək hazırlıq imkanlarını saxlamışdılar. Həlledici gündə yürüşə gənclər və idman naziri Azad Rəhimov da tamaşa etməyə gəldi. «Yas Marina»da durum onu razı salmışdı. Düzdür, cənab nazir təvazökarlıq edib bu şəhərciyi Bakıdan bir qədər fərqli saydı. Amma mətbuat mərkəzində gördüklərimiz isbatladı ki, Azərbaycan hər tərəfli təşkilatçılıqda həmişə birincidir. Bizdən fərqli, KİV üçün nahar talonla, özü də saat 3-ə qədər verilirdi. Girişdə yalnız bir soyuducu vardı, ora da adi sular qoyulmuşdu. Bakıda jurnalistlər gündə 2 dəfə 2-3 çeşiddə naharla və cürbəcür şirniyyatlarla təmin olunurdular: çay, qəhvə fasiləsiz idi; soyuducular müxtəlif alkoqolsuz içkilərlə dolu idi. Bütün KİV əməkdaşlarına xatirə hədiyyəsi də öz yerində. Nigar xanım söylədi ki, hələ Əbu Dabi qran-prisi sayılıb-seçilənlərdəndir.
Ümumən, yarışa baxmaq üçün əmirliyin süni saldığı «Yas İsland» adasına xeyli turist gəlmişdi. «Aldar Properties» şirkətinin layihəsinə 36 milyard ABŞ dolları xərclənib. Yasın ümumi sahəsi 25 km²-dir. Formula1 şəhərciyinin önündə dünyanın tanınmış adlarından ibarət mehmanxana şəbəkəsi yerləşir. Qran-pri boyu «Yas Marina» içi və dışında addımbaşı bahalı maşınlara, şeyxlərin qonaq qismində dəvət etdiyi gözəgəlimli və yaraşıqlı, amma çox açıq-saçıq geyimli hündürboylu xanımlara rast gəlirdim.
Bağlanış da möhtəşəm alındı. Bizdən fərqli, orda tədbir hava qaralandan sonra başa çatdı. Bu üzdən, formula1-in şəninə təşkil edilən atəşfəşanlığın şöləsi səmada aydın göründü. Yaktaları icarəyə götürən turistlər öz keflərində idilər. Yarış bitincə, avtomobil həvəskarları şənliyə və konsert proqramına, biz işimizi qurtarıb mehmanxanaya tələsdik. Beləcə, dünya çempionatının sonuncu, 18-ci mərhələsi başa çatdı. Hər müqayisəli təhlil, həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Formula1-in yeni imtahan məqamı gələn Novruzda start götürəcək mükafat yarışında qorunacaq səviyyə ilə ölçüləcəksə, əsas sözü, əlbəttə ki, yenə apreldə Azərbaycan qran-prisi deyəcək. Demək, hələ yazılası çox məqalələr, görüləsi çox yürüşlər var.