“Risk etmək istəmədim, etiraf edirəm”

Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan şahmat federasiyasının rəsmi saytına müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir:

– Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?

– Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən dünya kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdi. Dünya kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

– Deməli 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın.

– Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdı.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki, reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

– Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.

– Düzünü desəm əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli-Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.
İnternet üzərindən olsa belə artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdi. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.

– Bəlkə sizlər daha çox yorulursunuz?

– Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindi. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdı. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdı. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacam mümkün qədər irəli gedim. Sadəcə hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

– Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?

– 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub.

– Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır bu il Rauf Məmmədovu kim dayandıracaq?

– Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindi. Ötən il Raufun qələbəsi fikrimcə karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan komandası üçün etdiklərini çox az adam eləyib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa bunu normal qarşılayacağıq. Amma çalışacayıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidi.

– Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsən?

– Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindi. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək imkanı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. İmkanları azdı, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa şok olmaram, amma sevinərəm.

– Şahmatdan başqa hansı idman növünə baxırsan?

– Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdu. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın çempionlar liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

– “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?

– Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ”-“Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.

– Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. İmkanlar barədə fikrin maraqlıdı…

– Desəm ki, imkam yoxdu yalan olar. “Nyukasl” böyük favoritdi. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdu. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. “Ayntraxt”a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə çalışacam stadiona gedim.

– Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa artıq inkişafdan qalır. Bu fikirlə razısan?

– Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdı. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdı. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdı. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdu. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm məşqçilik edirlər, amma bu çox çətindi. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm yalan olar. Dünya çempionu olmaq imkanım var, amma illər öncə olduğu qədər deyil.

Həmin kateqoriyadan