- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin tarixində 7-ci baş məşqçisi olan Roman Qriqorçuk 50 illik yubileyini Azərbaycanda qeyd etdi. Allsport.az xəbər verir ki, bu səbəbdən də, ukraynalı mütəxəssislə budəfəki söhbətimizə bir qədər fərqli prizmadan yanaşdıq.
“Bir ad günümdə özümə həm 3 qol hədiyyə etdim, həm də zədə”
– 50 yaşda özünüzü necə hiss edirsiniz?
– Allaha şükür, sağlamlığım tam qaydasındadır. Özümü gümrah hiss edirəm. Əsas odur qəlbən cavanam, enerjim böyükdür. Başqa cür ola bilməz və olmasını da istəmirəm. Ona görə də mənə çalışmaq rahatdır və böyük məmnuniyyətlə öz işimlə məşğulam.
– Doğum gününü qeyd etməyə xüsusi önəm verirsiniz?
– Deməzdim ad günlərimə xüsusi önəm verirəm. Amma hesab edirəm ki, martın 22-si mənim üçün əlamətdar günlərdəndir və bunu qeyd etmək lazımdır. Həmin günü ailəmlə, yaxınlarımla birgə olmağa çalışıram.
– Ad günü hədiyyələrindən hansı daha çox yaddaşınızda iz buraxıb?
– Martın 22-si çox zaman futbol matçları keçirilən günlərə təsadüf edir. Xatirimdə qalan bir hadisəni danışa bilərəm. Ukraynada, “Prikarpatye”də çıxış etdiyim dövrdə, oyunun ilk hissəsində het-trik etdim və komandamı 3:0 hesabla irəli çıxardım. Vəziyyəti belə görən baş məşqçim mənə istirahət vermək istədi. Ancaq əvəzlənməyə razı olmadım və… ikinci hissədə arxa ayaq əzələm dartıldı. Nəticədə, 3-4 həftə meydançadan kənarda qalmalı oldum. Yəni ad günümdə özümə həm 3 qol hədiyyə etdim, həm də zədə. Amma bu dəfə komandam “İnter”ə qalib gəlməklə, yubileyimə gözəl hədiyyə etdi.
– Ad gününüz bizim milli bayramımız olan Novruza təsadüf edir…
– Doğrudan da, maraqlı təsadüfdür. Açığı, Novruz bayramı haqqında Azərbaycana gəldikdən sonra öyrəndim. Mənə dedilər ki, bütün ölkə böyük önəm verdiyi bu milli bayramda yazın gəlişini qarşılayır və uzun müddətə istirahətə çıxır. Deməli, Novruzda hamı eyni zamanda mənim dünyaya gəldiyim günü qeyd edir (gülür).
“Oğlum Timerlan Qəbələdə həm futbola gedir, həm də məktəbə”
– Doğum gününüz fasilə dövrünə düşsə də, yubileyinizi vətəndə yox, Azərbaycanda keçirməyi üstün tutdunuz.
– Qızım, ad günümə görə bizimlə idi. Latviyada işləsə də, imkan tapıb Azərbaycana gəlmişdi. O, heç vaxt ölkənizdə olmamışdı. Bunu nəzərə alaraq, yubileyimi ailəmlə birgə Azərbaycanda keçirməyi qərara aldıq.
– Yeri gəlmişkən, ailəniz haqda məlumat verərdiniz.
– Ailədə 2 uşaq olmuşuq. Məndən 6 yaş böyük olan bacım anadan olduğum İvano-Frankovskda həkim işləyir. Atam çoxdan dünyasını dəyişib, cəmi 50 il yaşayıb. Astma xəstəliyindən əziyyət çəkirdi. Anamın yaşı çox olsa da, enerjilidir və ondan öyrəniləsi çox şey var. Özümün də övladım – 1 qızım, 1 oğlum var. Futbol həyatım uzun illər Latviya ilə bağlı olub. Qızım Yevgeniya ali məktəbi bitirdikdən sonra orada qalıb işləyir. Bank sistemində çalışır. İldə 2-3 dəfə yanımıza gəlir. Qızımla oğlum arasında yaş fərqi böyükdür. Oğlumun bu yaxınlarda 7 yaşı tamam oldu. O, Qəbələdə həm futbolla məşğul olmağa başlayıb, həm də rus bölməsi olan məktəbə gedir. Birinci sinfə sentyabr ayında Ukraynada gedib. Adı Timerlandır.
– Tamerlan müsəlman, türk adıdır…
– Bilirəm. Sadəcə, Ukraynada bu adın bir hərfni dəyişirlər olur Timerlan. Yeri gəlmişkən, vaxtilə “Çernomorets”də və Ukrayna yığmasında oynamış tanınmış hücumçu Tamerlan Hüseynovun da adı, əslində, Timerlandır. Bu ad çox xoşuma gəldi və uzun müddət qəlbimdə qaldı. Əhd eləmişdim ki, oğluma bu adı qoyacağam. Oğul övladımızın dünyaya gəlməsini uzun müddət gözləmişik. Yəni Timerlan adı çoxdan müəyyənləşmişdi və sahibini gözləyirdi.
– Oğlunuzda futbolçu istedadı görürsünüz?
– Onu 5 yaşından Ukraynada müxtəlif idman bölmələrinə vermişdik. Mənim üçün oğlumu daha sağlam və yaxşı insan olması vacibdir. Hələ ki onda parlaq futbolçu istedadı görmürəm. Sadəcə, futbol oynamaq xoşuna gəlir deyə buna əngəl olmuram. İstedadlı olub-olmaması isə sonra görünəcək.
– Həyat yoldaşınız da idmançıdır?
– Bəli, özü də yetərincə titulludur. Alina Qriqorçuk fitnes üzrə Avropanın vitse-çempionudur. Oğlumuz dünyaya gələndən sonra uzunmüddətli idmançı karyerasını bitirməli oldu.
”Qəbələ mənə Prikarpatyeni xatırladır”
– Qəbələ sizə Ukraynanın hansı şəhərini, yaxud bölgəsini xatırladır?
– Doğulduğum və uzun illər yaşadığım məkan Karpat dağlarına yaxındır. Buna görə həmin rayon Prikarpatye adlanır. Qəbələ də dağ ətəyində yerləşdiyindən hansısa oxşarlıq var. Ailəmlə Qəbələdə yaşamaqdan məmnunuq. Bizə çox yaxşı şərait yaradılıb. Paytaxtda yaşamamağımız bizi darıxdırmır. Əslində, işlərim çox olduğundan gəzməyə, əylənməyə vaxtım da olmur. Əsas odur ki, ailəm yanımdadır. Buna görə də, istənilən vəziyyətə uyğunlaşmaq asandır. Təbii ki, bəzən məkanı dəyişmək istəyi yaranır və imkan düşən kimi Bakıya gedirik.
– Azərbaycan mətbəxi ilə tanışsınız?
– Dadlı milli yeməkləriniz var. Əsas odur ki, burada qoyun ətindən müxtəlif yeməklər hazırlanır. Bunlar insan orqanizminə xeyirlidir və çox xoşuma gəlir.
– Azərbaycanda rusca başa düşüldüyündən, dil probleminiz yoxdur. Bəs bizim dilimizlə necə, tanışsınız? Azərbaycan dilini öyrənmək fkriniz var?
– Əlbəttə. Axı insanlarına böyük hörmət etdiyim ölkəyə gəlmişəm və onları öz dillərində başa düşmək üçün səy göstərməliyəm. Buna artıq başlamışam, əsasən, işlək sözləri, futbolla bağlı ifadələri öyrənirəm. Düşünürəm ki, tezliklə Azərbaycan dilində çox söz biləcəyəm.
“Həmişə oyunçularıma deyirəm ki, məndən qat-qat yaxşı futbolçu olun”
– Məşqçilikdən fərqli olaraq, futbolçu kimi heç bir titula, mükafata sahib deyilsiniz. Bu mənada, futbolçu karyeranızdan razısınızmı?
– Açığı, futbolçu həyatımı çoxdan unutmuşam. Yaxşı bilirəm ki, artıq məşqçiyəm və işimə diqqət yetirməliyəm. Həmişə oyunçularıma deyirəm ki, məndən qat-qat yaxşı futbolçu olun. İstənilən halda, karyeramla bağlı heç nəyə görə üzülmürəm. Məncə, hər şey normal olub. Bəli, bu faktdır ki, futbolçu dövründən fərqli olaraq, məşqçilik etdiyim 17 ildə yetərincə mükafata və titula sahib çıxmışam.
– “Qəbələ”də işlədiyiniz bu 3 ayda nəyə nail ola bilmisiniz?
– Əvvəla, oyunçularla bizim futbola olan baxışımız eynidir. Bu, çox vacib şərtdir. Futbolçularımız oyun fəlsəfəmi qəbul ediblər və bu futbolu həvəslə oynayırlar. Dediyim oyun tərzini əvvəllər daha çox epizodik şəkildə göstərə bilirdik. Amma son turda, “İnter”lə səfər matçında bunu bütün oyun ərzində nümayiş etdirdik. Bu, çətin oyun tərzi olduğundan öyrəşmək üçün daha çox çalışmaq lazımdır. Əsas odur ki, nəyin üzərində çalışmalı olduğumuzu yaxşı bilirik.
– Azərbaycan futbolunun, yerli futbolçuların, milli çempionatımızın hansı spesifk cəhətlərini özünüz üçün müəyyənləşdirmisiniz?
– Hər yerin, o cümlədən, buranın da spesifk cəhətləri var. Ümumilikdə, Azərbaycan futbolunun səviyyəsi yetərincə yaxşıdır. Burada gördüklərim dediyimi təsdiqləyir. Futbolda, ümumiyyətlə, idmanda yüksək nəticə qazanmaq istəyirsənsə, ilk növbədə, psixoloji baxımdan çox güclü olmalısan. Mənə elə gəlir ki, biz bu yöndə hələ çox iş görməliyik.
– Ukraynada baş verən məlum hadisələr həyatınıza, futbol fəaliyyətinizə təsir göstərirmi?
– Aydın məsələdir ki, vətənim Ukraynanı çox sevirəm. Ölkəmdə siyasi həyatın sabit olmaması ürəyimi ağrıdır. Orada yaxınlarım, qohumlarım qalıb. Ukraynadakı vəziyyət bizim üçün xoşagəlməz mövzuya çevrilib. Ona görə də, bu barədə danışmaq istəmirəm. Yalnız onu demək istərdim ki, ölkəmdə neqativ hadisələrin tezliklə aradan qalxmasını arzu edirəm. Doğma Ukraynamız haqda indiki kimi pis deyil, yalnız yaxşı şeylərin danışılmasını istəyirəm.
“2010-cu ildə Azərbaycan klubu ilə danışıqlar üçün Bakıya gəlmişdim”
– 2010-cu ildə Azərbaycandan təklif aldığınız deyilir. Nə dərəcədə doğru məlumatdır?
– Bəli, düz informasiyadır. Hətta ölkənizə danışıqlara gəlmişdim. Təbii ki, 5 il öncə təklif aldığım Azərbaycan klubunun adını deməyəcəyəm.
– Danışığınız niyə alınmadı?
– Sadəcə, həmin vaxt vətən məni özünə çəkirdi. Çünki uzun müddət idi Latviyada çalışırdım və mənim üçün prioritet Ukraynaya dönmək idi.
– Hər halda, Azərbaycanda olduğunuz qısa müddətdə futbolumuzla tanış ola bildiniz…
– Bəli. Həmin vaxt hətta Azərbaycan kubokunun final oyununu izləmişdim. Tamaşaçılarla dolu olan Respublika stadionundakı möhtəşəm atmosfer çox xoşuma gəlmişdi. Yadımdadır ki, həmin oyunda kuryoz qol da vurulmuşdu.
– Dediyiniz oyun “Bakı” ilə “Xəzər Lənkəran” komandaları arasında keçirilən final matçı idi. Oyunda yeganə qolu buraxan “Xəzər Lənkəran”nın qapıçısı Kamran Ağayev olub. “Qəbələ”yə gələndə onu tanıdınız?
– Yox. Həmin qapıçının Kamran olduğunu sonradan bildim. İlk vaxtlar hamını yaxından tanımırdım. Bir dəfə həmin oyundan söz düşəndə, qapıda Kamranın durduğunu dedilər. Siz bu faktı mənə xatırladan ikinci adamsınız.
– Yeri gəlmişkən, Azərbaycan futbolunda çoxsaylı müzakirələrə səbəb olan həmin qol epizodu haqqında siz nə deyə bilərsiniz?
– Bilirsiniz, əslində, həmin anda top kənara vurulmalı idi. Ancaq top qapıya tərəf vuruldu və qapıdan keçdi. Əlbəttə, rəqib bunun qarşılığında düzgün hərəkət edib, topun öz qapısından keçməsinə imkan yaratmalı idi. Bax, onda əsl “Fair Play” olardı. Ola bilər ki, hansısa detalları bilmədiyimdən, dəqiq qiymət vermək mənim üçün çətindir.
“Həmin xoş anları “Qəbələ” ilə də yaşaçağı çox istəyirəm”
– “Çernomorets”də İqor Nakoneçnı ilə birgə çalışmısız. Həmyerliniz vaxtilə Azərbaycanda, İmişlinin “MKT-Araz” klubunda çalışıb. O, futbolumuz haqda sizə nəsə demişdi?
– Nakoneçnının ölkənizdə çalışdığını bilirdim. Onunla 1 il birgə işləsəm də, Azərbaycandakı karyerasından söz salmadı. Sonralar İqor Anatolyeviç klubun uşaq futbolu bölməsində çalışırdı. Azərbaycana gəlməzdən öncə Nakoneçnıdan heç nə soruşmadım, bu haqda heç düşünmədim də.
– “Çernomorets”dən söz düşdüsə, bu klubun “Şöhrət Xiyabanı”nda sizə həsr olunan xüsusi lövhəni xatırlamamaq olmur. Bunu məşqçilikdə ən böyük nailiyyətiniz saymaq olarmı?
– Sözsüz ki, uğurlarıma bu cür dəyər verilməsi mənim üçün böyük şərəfdir. Ancaq hesab edirəm ki, ən böyük nailiyyətim Odessa şəhərində futbolu sevən insanlarla möhkəm dostluğumdur. Belə şeyləri sözlə izah etmək çətindir. “Çernomorets”lə Avroliqanın qrup mərhələsinin son turunda Hollandiyada PSV-yə qalib gələndən sonra 1/16 fnala çıxdığımızı bildik. Səhər saat 6-da, Odessa hava limanında necə coşğu ilə qarşılandığımızı görəndə, qürur hissi keçirdim. Özümü dünyanın ən xoşbəxt insanı sayırdım. Buna görə də, çəkinmədən deyə bilərəm ki, futbol həyatım hədər getməyib. Çünki yaşadığım yaxşı anlar xatirəmdə silinməz iz qoyub. Azarkeşlərimiz gecə 12-dən səhər 6-dək bizi gözləmişdilər. Bu futbol xoşbəxtliyini yaşamaq, sadəcə, möhtəşəm idi. Bunun ardınca adımla bağlı açılan lövhə uğurun davamı idi. Odessa məşhur futbolçular şəhəridir və mənim də adımın həmin ulduzlarla birgə olması qürurvericidir.
– Bu uğurları birgə yaşadığınız həmin köməkçilərinizlə, futbolçularla indi “Qəbələ”dəsiniz. Bəs bu heyətlə avrokuboklarda qrup mərhələsinə düşmək perspektivinə necə baxırsınız?
– Həmin xoş anları “Qəbələ” ilə də yaşamağı çox istəyirəm. Düzünü bilmək istəyirsinizsə, məni buraya gəlməyə motivasiya edən səbəblərdən biri də həmişə avrokuboklarda oynamaq imkanımızın olmasıdır. Mən bu imkanın gerçəkləşəcəyinə əminəm. Bunu gerçəkləşdirsək, inanıram ki, avrokuboklarda böyük nəticələrə imza atacağıq. Bu, elə uğurdur ki, gələcəkdə onun bəhrəsini uzun müddət götürə bilərsən. Onda deyə bilərsən ki, həyatda boşuna yaşamamısan.
– Avropuboklara vəsiqə qazana biləcəyimiz yarışlardan birində – ölkə kubokunda mübarizəni dayandırdıq. İndi ümid çempionatda 4-cü yeri tutmağa qalıb. Sizcə, “Qəbələ” bu il qitəmiqyaslı turnirə çıxa biləcək?
– Hər bir məsələyə sakit, sağlam düşüncə ilə yanaşmalıyıq. İnsanlara çatmaq istədiyimiz məqsədi deyəndə, buna sabah nail olacağımızı söyləmirik ki. Məsələlərə real baxmalıyıq. Başa düşməliyik ki, komanda avrokuboklara çıxanda, həm də buna hazır olmalıdır. Əks təqdirdə “Qəbələ”nin ötən yay Avroliqanın ilk mərhələdə üzləşdiyi aqibəti təkrarlaya bilərik. Bunun mənfi tərəfəri müsbət tərəfərindən çoxdur. Çempionatın yekunlaşdığı tarixlə avrokubokların ilk mərhələsi arasında vaxt azlığı üzündən istirahətə, hazırlığa yetərincə zaman ayırmaq olmur. Komanda tam hazır olmayanda, ilk mərhələdəcə mübarizəni dayandırmaq təhlükəsi yaranır. Avrokuboklara çıxırsansa, buna mövsümün gedişində hazır olmalısan ki, nəticə də qazana biləsən. İstəyimizlə yanaşı, buna çatmaq üçün bütün istiqamətlərdə həddən çox çalışmalı olduğumuzu da yaxşı bilirik.
– Son olaraq özünüzə nə arzuladığınızı, məşqçilikdə qarşıya qoyduğunuz ən böyük məqsədi bilmək istərdik.
– Təbii ki, özümə və hamıya, ilk növbədə, möhkəm can sağlığı arzulayıram. Çünki sağlam olmasan, həyatda heç nəyə nail ola bilməzsən. İkincisi, ailəndə hər şey qaydasında olmalıdır. Və əlbəttə, futbolda maksimum nailiyyətlər, titullar qazanmaq. Buna məhz “Qəbələ”ylə nail olmağı çox istərdim. (“Qəbələ” İK qəzeti)