Açılış mərasimi baş tutdu

Aprelin 4-də Gəncə idman sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun rəsmi açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Açılış mərasimində bildirilib ki, turnir Avropa cüdo birliyi, gənclər və idman nazirliyi və Azərbaycan cüdo federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.

Rəsmi hissədə Avropa cüdo birliyinin idman komissarı Patris Ronyu, gənclər və idman nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan cüdo federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər uşaq incəsənət məktəbinin “Xəmsə” ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.

Həmin kateqoriyadan