Adil Şükürov: “Hazırlaşmaq üçün çox az vaxtımız oldu”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Türkiyə toplanışının yekunlarını dəyərləndirib, eləcə də Gürcüstanın “Samtredia” klubuna qarşı keçirdikləri son yoxlama oyununa dair fikirləriin açıqlayıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:

“Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu. Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq. Çalışacağıq ki, Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burada nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsınız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm”.

Qeyd edək ki, Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönür.

Həmin kateqoriyadan