FOTO
Allsport.az-ın əməkdaşı Ukrayna müsibətini çəkdiyi şəkillərlə təsvir edir

24 fevralda Rusiya federasiyası Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl şimal qonşumuzun qondarma Donetsk və Luqansk xalq respublikalarını tanımasından sonra start verildi. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna bəyan etdi ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə bu hücumu pislədi. Amma iş işdən keçmişdi, yurdu qorumaq lazım idi. Artıq “Lazım” da gəlmişdi, Azərbaycana mübarək qədəmini basdığı kimi.

Savaşın ilk günləri ukraynalılar vahimə içindəydilər. Böyük kütlə müdafiə olunmaq əvəzinə, məmləkəti tərk etməyi üstün tutmuşdu. Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldova sınırları köçkünlərlə doluydu. İmkanlılar hələ müharibə başlamadan, asta-asta ölkədən qaçmağa başlamışdılar. Ümumi səfərbərlikdən sonra durum tədricən düzəlməyə başladı. Vətənpərvərlər isə, ilk günlərdən silaha sarılıb yurdun müdafiəsinə qalxmışdılar. Onların sırasında azərbaycanlılar da vardı. Allsport.az saytının əməkdaşı İdrak Camalbəyli kimi. Həmyerlimiz açıqlamasında və özü çəkib göndərdiyi şəkillərdə müharibədən törəyən dəhşəti təsvir edib:

“Artıq beş ilə yaxındır Ukraynadayam. Əsas işim jurnalistika olub: çəkiliş, yazılar. Savaş başlayan gündən könüllü dəstəyə yazılmışam. Heç bir maliyə dəstəyim yoxdur. Qəlbən, içdən gələn istəklə bu missiyaya qoşuldum. Hücumun ilk dönəmində yerli insanlar arasında çaxnaşma və qorxu vardı. Elələri kişilər vardı, qadın paltarı geyinib Ukrayna sərhədini keçirdilər. Bu məni narahat etməyə bilməzdi. Onlara nümunə olaraq, bombardmanın tən ortasınla qərarlaşdığımı, çəkinmədiyimi, qalib ölkənin vətəndaşı olduğumu və qeyri-ukraynalı sayılmağıma rəğmən, mücadilə və kömək etdiyimi söylədim.

Bir müddət sonra xalq toparlandı. Mən Kiyevdə yaşayıram. İlk günlərdə raket zərbələri xeyli dağıntı törətdi. Sonra savaşın məcrası ölkənin cənub istiqamətinə dəyişdi. Paytaxt civarında sükut çox çəkmədi, rusiyalılar yenidən atmağa başladılar. Bu yaxınlarda şərq cəbhəsində 2-ci həmlədən sonra, Kiyev də qanadlı raketlərdən dağıntıya məruz qaldı. Ətrafımda azərbaycanlı olmasa da, burada həmyerlimiz çoxdur. Sonadək mübarizə aparacağam!

Ukraynada müharibə başlayandan Azərbaycandan zəng edən bütün media qurumlarına təmənnasız informasiya dəstəyi vermişəm, həmçinin mövcud vəziyyəti şərh etmişəm. Ən qaynar nöqtələrdən xəbərlər hazırlayıb, yaymaqla yanaşı mühasirədə qalan soydaşlarımıza maksimum kömək etmişəm. Ukraynadan xəbər hazırlayan azərbaycanlı jurnalistlərdən 2-3 nəfər istisna olmaqla, qalanı yerli mediadan xəbərləri tərcümə edib, Bakıya göndərməklə məşğuldur”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish