“Alüminiumçu” idman evində əsaslı təmir

Azərbaycan güləş federasiyasının bu idman növünün inkişafı üçün atdığı addımlardan biri də yerlərdə maddi-texniki bazanı yaxşılaşdırmaqdan ibarətdir.

Allsport.az xəbər verir ki, bu çərçivədə görülən işlərdən biri də Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” idman evinin əsaslı təmiridir. Belə ki, ötən ilin iyun ayından bərpa prosesinə startı verilən güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq əsaslı təmir edilib. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb. 

Güləş mərkəzinin əsaslı təmirindən sonra ilk məşq baş tutub. Hazırlıq prosesindən öncə gənclər və idman nazirliyinin sektor müdiri Yaşar Rzayev, AGF-nin baş katibi Nəsimi Musayev, Abşeron-Xızı regional gənclər və idman idarəsinin  müavini Rüfət Mahmudzadə, “Alüminiumçu” idman evinin direktörü Kənan Quliyev, AGF hakimlər kollegiyasının sədri Qərib Əliyev, milli komandalarımızın məşqçiləri Nurəddin Rəcəbov, Emin Əhmədov, Rövşən Hacıyev, Əbilfət Məmmədov və güləş ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Adıçəkilənlər öz çıxışlarında Azərbaycan güləşinə böyük töhfə vermiş bu məkanın təmirinin ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəyini bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.

Həmin kateqoriyadan