Azər Məmmədov: Futbolçuların cəsarətli oynaması məni sevindirdi

Antaliyada beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlülərdən ibarət millimiz ilk oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Türkiyə yığması (2004) qarşılaşan futbolçularımız 1:1 heç-heçə ediblər. Baş məşqçisi Azər Məmmədovu görüşlə bağlı fikrini bölüşüb:

“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar. Beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, komanda uzun müddətdir yığılıb. Bizdə isə bildiyiniz kimi komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdur. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar.

Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.

Həmin kateqoriyadan