Azərbaycan çempionatında dəyişiklik

8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatı yeni formatda keçiriləcək.

Allsport.az xəbər verir ki, əvvəlki illərdə çempionat ənənəvi olaraq 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilib. Yeni qaydalara əsasən bu il yarış İsveçrə sistemi üzrə təşkil olunacaq.

Çempionat iki mərhələdən ibarət olacaq: seçmə və final. Seçmə yarışlar Naxçıvan MR, Bakı, Gəncə və Sumqayıt şəhər çempionatları, eləcə də regional yarışlardan ibarət olacaq. Seçmə yarışlarda fərqlənən şahmatçılar (yerlərin sayı əsasnamədə göstərilir) final mərhələsinə vəsiqə qazanacaq.

Eyni zamanda xüsusi göstəricilərə malik şahmatçılar seçmə mərhələdə iştirak etmədən birbaşa finalda oynamaq hüququ əldə edəcək. Bu göstəricilər aşağıdakılardır:

  1. 2025-ci il yaş qrupları üzrə ölkə çempionatının medalçıları
  2. Dünya və ya Avropa çempionatlarının mükafatçıları (ilk 6 yer)
  3. Minimal reytinq tələbini ödəyən şahmatçılar (tələblər əsasnamədə göstərilir)

Reytinq tələbləri şahmatçının FİDE tərəfindən 2026-cı ilin yanvar, fevral və mart aylarında elan olunan reytinq siyahılarında qeydə alınan ən yüksək göstərici əsasında müəyyən ediləcək.

Regional seçmə yarışlar Şamaxı, Goranboy, Ağcabədi, Şəmkir, Xaçmaz, Lənkəran, Göyçay, İmişli, Qax və Şirvan şəhərlərində təşkil olunacaq.

Yarışlar Azərbaycan şahmat federasiyasının təyin etdiyi hakimlər heyəti tərəfindən idarə ediləcək.

Həmin kateqoriyadan