Azad Rəhimovdan sonra, GİN-də 2-ci Vətən müharibəsi qazilərinə diqqət və qayğı niyə azaldı?

Azad Rəhimovun komandası “vurulduqdan” sonra, gənclər və idman nazirliyində federasiyaların statusların dayandırılması, işdən çıxarılmalar, idarələrə maliyyə köçürmələrinin ləngiməsi, qapadılmalar, müxtəlif uşaq-gənclər idman məktəblərində maaşların aylarla gecikməsi, yoxlamalar və azalmalar bitmək bilmir. Bu gün biz nazirliyin nəzdində fəaliyyət göstərən Milli idman tibbi və reabilitasiya institutundan söhbət açacağıq. MİTRİ 2014-cü ilin avqustunda GİN-in təşəbbüsü ilə yaradılıb. Həmin ərəfədə idmançılar Bakı-2015 ilk yay Avropa oyunlarına hazırlaşırdılar. İnstitutun açılış mərasimində ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, mərhum gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

İnstitut nazirliyin arxasında yerləşir və əsas fəaliyyət istiqaməti – idmanının inkişafına hərtərəfli dəstək vermək, aparıcı idmançıların məşqlərə, yarışlarda iştirakına tez və sağlam qayıtmaları üçün, bərpa müalicəsindən ibarətdir. Bundan savayı, idmanda nəticələrin yaxşılaşdırılması və təhlükəsizliyin artırılması üçün, həkim-məşqçi əməkdaşlığında ardıcıllığın beynəlxalq təcrübəsinin əldə edilməsi məqsədi ilə, idman təbabəti, biomexanika, optik kinematika və digər sahələr üzrə milli tibbi kadrlarının hazırlanaraq müasir səviyyəyə çatdırılması başlıca vəzifələrdəndir.

İnstitutun işinin mühüm elementi, yüksək ixtisaslı idmançıların və onların ən yaxın ehtiyatının fiziki inkişafı, orqanizmin funksional vəziyyəti, məşq prosesi; zədələrdən sonra bərpa, xəstəliklər və müdaxilələr haqqında informasiyanın əldə edilməsi, qoruyub saxlanılması və təhlili üçün, “İdmançının tibbi pasportu” məlumat bazasının yaradılmasıdır. Burada klinik, elmi və tədris struktur bölmələri yaradılıb.

Sözü gedən institutla yanaşı, Tofiq Bəhramov adına respublika stadionunun ərazisində SSRİ dönəmində yaradılmış Respublika tibbi-bədən tərbiyəsi dispanseri də fəaliyyət göstərirdi. Bu mərkəz 1999-cu ilin iyuluna qədər səhiyyə nazirliynin nəzdində idi.
Respublika idman tibb mərkəzində (GİN-in tabeliyinə keçəndən sonra belə adlandırıldı) daim bacarıqlı həkimlər çalışıb və yüksək səviyyədə xidmət göstərilib. Müxtəlif idman növləri üzrə milli komandaların üzvləri, məşqçilər, veteranlar və sadə vətəndaşlar burada müalicə alıblar.

Azad Rəhimovun göstərişi ilə bina memarlıq üslubu korlanmadan 1 dəfə təmir olunsa da, 2019-cu ildə əsaslı yenidənqurmadan sonra MİTRİ-yə birləşdirilib. Müasir avadanlıqlardan və şəraitdən irəli burada müalicə baha olsa da, həmin zümrəyə diqqət və qayğı  azalmadı. Üstəlik, 2-ci Vətən müharibəsindən sonra institutun qapıları qazilərin üzünə açıldı. Fərəhlidir ki, tibb bacıları onlara xüsusi nəvaziş göstərir, növbədə önə keçirirdilər. Özüm bunun şahidi olmuşam.
2020-ci ilin oktyabrında, müharibənin qızğın dönəmində isə, gənclər və idman nazirliyi Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə hərbi maşın bağışlamışdı. Texnikanı idman şöbəsinin müdiri Fərid Mansurov təqdim etmişdi.

Ötən ilin sentyabrında Fərid Qayıbov yeni nazir təyin olunub. İlk abzasda qeyd etdiyim kimi, Azad Rəhimovun komandası nazirlikdən kənarlaşdırılana qədər, digər istiqamətlərlə yanaşı, MİTRİ-də də ehtiyaclı kəsimin müalicəsində hər hansı problem yaşanmayıb. Hərçənd idman üzrə müavin və idman şöbəsində müdir dəyişəndən sonra, hər sahədə olduğu kimi, burada da sıxıntılar, büroratik əngəllər başlayıb. Bu ilin 16 martda Fərid Qayıbov institutun fəaliyyəti ilə maraqlanıb, mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanış olub.

Nazir hamıya kömək etmək istəyir. Amma o təkdir və hər şeydən məlumatlı deyil. Araşdırmamız nəticəsində bəlli olub ki, MİTRİ-də 2-ci Qarabağ savaşı qazilərinə xidmət azalıb. Ora düşən isə, adətən ölkə başçısına və ya 1-ci vitse-prezidentə şikayət edəcəyini söyləyənlər olur. Tək onlar yox, elə idman veteranları da artıq çətinlik çəkməyə başlayıblar. Xülasə, nazirliyə ünvanlanan məktublar, müraciətlər ya cavabsız qalır, ya da imtina gəlir. Bizə bu barədə yaşlı mütəxəssislərdən az şikayət daxil olmayıb. Əl tutmaq Əlidən qalıb. Ancaq nazirin yaxın ətrafı…

K.HACI

Həmin kateqoriyadan