“Belə oyunlar bizim inkişafımıza kömək edir”

“Fiorentina”nın baş məşqçisi Paolo Vanoli konfrans liqasının pley-off mərhələsinin cavab oyununda Polşanın “Yagelloniya” klubuna qarşı keçirilən dramatik matçı (2:4, əlavə vaxtda) şərh edib.

Allsport.az xəbər verir ki, ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində “bənövşəyilər” iki oyunun nəticəsinə görə (ümumi hesab 5:4) 1/8 finala yüksəlməyi bacarıblar.

Mütəxəssis komandasının oyunun əsas vaxtındakı çıxışından narazı qalıb: “Məyusam, çünki ilk hissədəki oyunumuz birinci matçda qazanılan yaxşı nəticənin üstündən xətt çəkdi. Əgər oyuna düzgün köklənməsəniz, belə çətin vəziyyətə düşərsiniz. Avrokuboklarda hər iki matç fərqlidir və bu gün futbolçularımda bu anlayış yox idi”, – deyə Vanoli bildirib.

Buna baxmayaraq, baş məşqçi komandanın əlavə vaxtdakı reaksiyasını müsbət qiymətləndirib: “Müsbət məqam odur ki, komanda vəziyyətdən çıxa bildi. Əlavə vaxtda ardıcıl qollar vuraraq mərhələni keçdik. Belə oyunlar bizim inkişafımıza kömək edir”.

“Fiorentina”nın 1/8 finaldakı rəqibi bu gün, fevralın 27-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. İtaliya təmsilçisi növbəti mərhələdə “Strasbur” və ya “Rakuv” kimi klublarla qarşılaşa bilər.

Həmin kateqoriyadan