“Dil pəhləvanı” Ramin Musayevin vədi və gerçəklik
6 iyun 2018 / 14:32 Baxış sayı: 1541 1-ci divizion klublarından “Mil-Muğan” dağılmaq təhlükəsi ilə üz-üzədir. Allsport.az saytı xəbər verir ki, İmişli təmsilçisi AFFA-dan ayrılan maliyyədən məhrum olub və son günlərini yaşayır. Futbolinfo.az-ın məlumatına görə, “Boz ev” ümumiyyətlə, divizionda ciddi islahatlar aparmaq niyyətindədir.
Danışılmış oyunlarla bağlı qalmaqal üzündən başı ağrıyan assosiasiya hətta bütün klublara yardımı dayandırmağı da düşünür. “Mil-Muğan”la bağlı məsələ isə tam başqadır. Bu komandanın üzvləri son 3 ayın maaşını ala bilməyib. Mövsüm bitib, hamı iş yeri axtarır və borc onu almalı olan adamlardan başqa kimsənin yadına düşmür.
Xatırlayırsızsa, son mövsümün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çəkinmədən “Mil-Muğan”ın onun kurasiyasında olduğunu bəyan etmişdi. Qurum rəhbəri ictimai qınağı da vecinə almayaraq, hətta təkəbbürlü danışmışdı: “Bütün klub rəhbərlərinə klubu necə idarə etmək lazım olduğunu göstərəcəm. Hamı görəcək ki, uğur qazanmaq üçün büdcə ən vacib amil deyil”.
Mövsüm bitdi, İmişli təmsilçisi 10 komanda arasında 8-ci yeri tutdu, baş məşqçisini dəyişdi, klubda xaos hökm sürdü. Yarışı sürünə-sürünə bitirən “Mil-Muğan” indi yaşamaq uğrunda mübarizə aparır, futbolçulara 3 aylıq maaş borcu qalıb. Musayevin “dil pəhləvanlığı” ilə bacarığının üst-üstə düşməməsi göz önündədi. Ramin bəy isə gözə görünmür. Hətta premyer liqa ilə də bağlı onun fikirləri heç kimə maraqlı deyil.