- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan – istər keçmiş sovetlərdə, istərsə də müstəqillik dönəmində böyük güləş ölkələri sırasında yerini qoruyub. Milli komandalar beynəlxalq mötəbər yarışlarda hər dəfə uğurların təsadüf olmadığını sübut ediblər. Bahadırlarımız tək mübarizə meydanında öz sözünü demirlər. Xalçada məharətlərini göstərən hakimlərimiz də var. Bunlardan biri, 1-ci dərəcəli beynəlxaq referi Kamran Əliyevdir. İlin əvvəlində ona Dünya güləş birliyindən müjdə gəlib. Müsahibəni elə bundan başladım.
– Ötən il Rumıniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində imtahan verdim. Adəti üzrə yüksək dərəcədə nəticələr bir il sonra çıxır, amma 3-cü və 2-ci kateqoriyaların cavabı 1-2 ay sonra bilinir. Bu sınaqdan da uğurla keçdim və dərəcəm 1 bal da yüksəldi.
– Bundan sonra səndə hansı istək yarandı?
– 1-ci kateqoriya güləşdə ən ali sayılmır.
– Hər halda, aşağı da deyil.
– Bəli, razıyam. Hədəfə çatmaq üçün 1 pillə qalıb: İ-S. Ona el arasında olimpya dərəcəsi də deyirlər. Super kateqoriyaya yiyələnənlər, böyüklərin Avropa, dünya və olimpiya oyunlarında idarə etmək hüququ qazanırlar. Allah qoysa, mən də istərəm ki, yaxın gələcəkdə öz hakimlik bacarığını daha artıraraq, bu ali dərəcəyə yiyələnim. 1-ci kateqoriyanı almaq, mənə bu yolda böyük motivasiya oldu.
– Adaş, buna qədər də 1 dəfə uğurlu səhifə açmışdın. 2012-ci ildə nailiyyətin nəinki Azərbaycan, FİLA tarixinə düşmüşdü…
– Ümumiyyətlə, hakimliyə çox erkən başlamışam. 16 yaşında artıq xalçada ədaləti qoruyurdum. Sonra hərbi xidmətdə getdim. Qayıdandan sonra yoluma davam etdim və 20 yaşında respublika dərəcəli referi oldum. Daha sonra Bosniya və Hersoqovinada yarışda uğurlu hakimlik edib, imtahandan müvəffəqiyyətlə keçərək, 3-cü kateqoriyaya layiq görüldüm. Dünya güləş birliyi o zaman Beynəlxalq güləş federasiyası adlanırdı. FİLA-nın rəhbəri Rafael Martinetti mənə təbrik məktubu ünvalamışdı. Mətndə ən gənc (21 yaş) referi kimi beynəlxaq dərəcəyə yüksəlməyim qeyd olunmuşdu. Bu, dünyada ilk belə hadisəydi.
– İdmana gəlişin necə alındı?
– 8 yaşımdan yaşadığım Maştağa qəsəbəsində sərbəst güləşin sirlərini öyrənmişəm. Şəxsi məşqçim Elxan Allahverdiyev olub. Çox da uğurlu idmançı tarixçəm yoxdur (gülümsəyir). Amma bunun əvəzini hakimlikdə vermişəm. Bu işdə əsas güləşmək yox, bacarıq önəmlidir. Düzdür, elə məqamlar var ki, kiçik yaşlarında güləşlə məşğul olmağımın buna xeyri olub. Bəzi durumlar var, onu hiss etmək lazımdır. Şəxsi məşqçim sağ olsun, məni kiçik yaşlarından həvəsləndirib. Həftəsonlarında zalda ikitərəfli görüşlər olanda, hakimlik üçün fit verirdi, mənə onun incəliklərini başa salırdı.
– Hərbi xidmətin necə keçdi?
– Hərbi xidmət, hər bir azərbaycanlının vəzifə borcudur. FHN-nin Şamaxı rayonunda dislokasiya olunmuş mülki müdafiə qoşunlarında hərbi xidmət keçmişəm. Əsgərlikdə də mənə uğurlu oldu. Öncə bölmə komandiri, sonra kiçik çavuş, daha sonra çavuş rütbəsində ehtiyata buraxılmışam. Hərbi xidmət zamanı da güləşmişəm. Öz hissəmizdə 3-cü, FHN-nin ümumi yarışında 2-ci yer tutdum. Sonda yüksək xidməti xasiyyətnamə ilə fərqləndim.
– Ali təhsil almaq barədə düşündünmü?
– Təhsilim orta texnikidir. Düzdür, ali məktəbə daxil olmuşdum. Dağıstan Respublikasında müəllimlər institutuna. Lakin müəyyən səbəblərdən ali təhsili bitirə bilmədim. Öz ixtisasım kompüter operatorudur.
– Kitaba meyilin varmı?
– Əlbəttə. Evdə kiçik kitabxanam var. Boş vaxtlarımda dünya ədəbiyyatını mütaliyə edirəm. Əsasən tarixi və fantastik kitabları xoşlayıram. Həmkarlarla bir yerdə olanda, yaxşı yemək hazırlayıram. Tez-tez bir-birimizin evinə qonaq gedirik. Onlar sacda bişirdiyim təamdan çox məmnun qalırlar (gülümsəyir).
– Nə vaxtsa, işlə bağlı Azərbaycan güləş federasiyasından təklif almısanmı?
– Xeyr. Amma federasiyamız hakimlərin püxtələşməsi bütün imkanlardan istifadə edir.
– Ötən ilin sonunda böyüklər arasında ölkə çempionatının gedişində gənclər və idman naziri Fərid Qayıbovla qısa dialoqun oldu. Mən həmin yarışda diktor idim və kənardan bunu müşahidə etdim. Maraqlıdır, nə söhbət etdiniz?
– Cənab nazir ölkə çempionatının açılışında iştirak etdi. O, ilk yarış gününün sonunda bizimlə bir araya gəldi. Onunla salamlaşdım, özümü təqdim etdim. Bildirdim ki, dünyada beynəlxalq dərəcə alan ən gənc hakim olmuşam. Fərid müəllim söylədiklərimi maraqla dinlədi, mənə uğurlar arzuladı.
Söhbətləşdi: Kamran HACI