Elnur Məmmədov “Neftçi”nin U-17 komandası ilə görüşdü

“Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov bu gün klubun U-17 komandasının üzvləri ilə görüşüb. Allsport.az xəbər verir ki, tədbir yeni mövsümə hazırlığını davam etdirən baş məşqçi Elşad Əhmədovun yetirmələrinin səhər məşqindən sonra baş tutub.

Görüşdə çıxış edən Elnur Məmmədov əsas məqsədin gələn il 17 yaşadək komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 milli komandasının heyətinə düşmək olduğunu bildirib:

“2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsində mübarizə aparıb, indi isə 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandamız ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bu cür mötəbər turnirlərdə Avropanın, demək olar, bütün top klublarının seleksiyaçılarının gözü final mərhələlərində iştirak edən futbolçularda olur. Yəni siz futbolçular üçün böyük şans yaranıb. U-17 millimizin heyətinə düşməklə həm Azərbaycan futboluna fayda verərsiniz, həm də əcnəbi skautların diqqətini cəlb etməklə daha da uğurlu karyera qurmuş olarsınız. Bunları nəzərə alaraq, sentyabr ayından sizin üçün ingilis dili kursları təşkil edəcəyik”.

Buna görə də 17 yaşlıların üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayan Elnur Məmmədov hazırlıq prosesinin gedişatı ilə yaxından tanış olaraq U-17 üzvlərinin hər birinə yeni mövsümdə uğurlar arzulayıb.

Həmin kateqoriyadan