Fərid Qayıbov işgüzar səfərdə

Aprelin 3-4-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub.

Allsport.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbulda “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.

Həmin gün dünya etnosport konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov beynəlxalq etnosport forumu çərçivəsində Nəcməddin Bilal Ərdoğanla və İran islam respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.

Aprelin 4-də isə nazir Fərid Qayıbov beynəlxalq etnosport forumunun açılış mərasimində çıxış edib.

Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə – Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Eşqin Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib.

Milli Məclisin komandası turnirin gümüş medalını qazanıb.

Həmin kateqoriyadan