FİFA daha bir futbolçuya görə “Bakı”nı cəzalandırır

FİFA “Bakı” futbol klubunun cəzalandırılması ilə bağlı AFFA-ya müraciət edib. Allsport.az xəbər verir ki, ali futbol qurumu “zolaqlılar”ın sabiq hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkətə olan borcun ödənilməsini tələb edib.

Paytaxt klubu bu tələbə əməl etməsə, hesabından altı xal silinəcək.

Qeyd edək ki, “Bakı”ya 2010-cu ildə gələn və 3 illik müqavilə imzalayan Adnan iki mövsüm Azərbaycanda çıxış etdikdən sonra klubla yollarını ayırmışdı. Amma görünür, müqavilə birtərəfli qaydada pozulduğundan, futbolçu FİFA-ya müraciət edib. Ali futbol qurumu da futbolçunu haqlı hesab etdiyi üçün, AFFA-nı məlumatlandırıb.

Hazırda “Bakı”ya bir ay müddət verilib. Klub bu müddət ərzində futbolçuya olan borclarını ödəməsə, onların birinci divizionun növbəti mövsümünə -6 xalla başlamasına qərar veriləcək.

Qeyd edək ki, Bərəkət “Bakı”nın borcu olduğuna görə FİFA-ya şikayət edən ilk futbolçu deyil. Güman ki, hələ bundan da sonra oxşar xəbərlər eşidəcəyik.

Həmin kateqoriyadan