Futbolumuzun dünəni, bu günü və sabahı – “Neftçi” 81!

Bu gün Azərbaycanın ən köklü klubu “Neftçi”nin 81 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, Bakı təmsilçisinin adı rəsmi arxiv sənədlərində ilk dəfə 1937-ci il martın 15-də əksini tapıb. Həmin gün SSRİ çempionatının teleqramla Bakıya göndərilən əsasnaməsində Azərbaycan komandasının da adı qeyd olunub. Düzdü, hələ 1907-ci ildə Sabunçu rayonunda neft mədənlərində işləyən azərbaycanlı fəhlələr futbol komandası yaradıb. 1911-ci ildə Balaxanı neft mədənlərinin fəhlələri arasında təşkil edilmiş “Balaxanı futbolçular dərnəyi” adlı komanda illər sonra “Neftçi”nin yaranmasında əsas yer tutub. Bu komanda 1920-ci ildə adını dəyişərək “Tərəqqi”(“Proqress”) adlandırılıb. Amma “Neftçi”nin rəsmi yaranma tarixi 1937-ci ildən götürülür. Həmin il SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxarıb. 1937-ci ilin əvvəlində “Neftyanik” Könüllü İdman Cəmiyyəti yaranıb. 1968-ci ildən isə klub “Neftçi” adlanıb.

“Neftçi” Azərbaycan futbolunun təməli, xalqın ən sevimli komandası, bayraqdarı olub. Həm tarixi baxımdan, həm də nailiyyətlərə görə “Neftçi” ölkəmizin aparıcı futbol klubudu. İstər sovet dövrü, istərsə də müstəqillik dönəmindəki nəticələrə görə “Neftçi” Azərbaycanın ən titullu futbol komandasıdı. Dünən və bu gün Azərbaycanın demək olar ki, bütün ad-sanlı futbolçuları “Neftçi”nin yetirməsidi.

“Neftçi”nin yetirmələri Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, bir çox beynəlxalqmiqyaslı yarışlarda Azərbaycanın adını şərəflə təmsil ediblər. Anatoli Banişevski 1966-cı il dünya çempionatında SSRİ-nin heyətində 4-cü yeri tutaraq “kiçik bürünc” medal qazanıb. Banişevski həmçinin 1972-ci ildə Avropa çempionatının gümüş medalını əldə edib. İqor Ponomaryov 1988-ci ildə Olimpiya Oyunlarının qalibi olub. Tərlan Əhmədov, Arif Əsədov, Ruslan Lukin, Vladislav Lemiş, Vladislav Qədirov müxtəlif illərdə SSRİ yığmalarının heyəitində gənclər və yeniyetmələr arasında Avropa və dünya çempionatlarının qalibi olublar.

“Neftçi” ölkə futbolunda demək olar ki, əksər ilklərin müəllifidi. SSRİ çempionatında medal qazanan yeganə Azərbaycan klubu, müstəqillik dövründə “Birlik kuboku”nun qalibi olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Neftçi” 8 dəfə Azərbaycan çempionatının, 6 dəfə Azərbaycan kubokunun, 2 dəfə Azərbaycan Superkubokunun qalibidir və bütün bu göstəricilərə görə hazırda ölkənin ən titullu futbol klubudu. “Neftçi” hazırda əsas və aşağı yaşlardan ibarət milli komandalara ən çox futbolçu verən klubdu. “Neftçi”nin yetirmələri ölkəmizin bir çox komandalarında və xarici klublarda çıxış edirlər.

Həmin kateqoriyadan