- Baxış sayı: 33
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Gəncə”nin kanadalı basketbolçusu İrşad Hant klubun mətbuat xidmətinə müsahibə verib.
Allsport.az xəbər verir ki, o, İslam dinini qəbul etməsindən, Azərbaycana gələnədək ölkəmizlə bağlı nəyi bildiyindən və uğura getmək üçün lazım olan amillərdən danışıb.
– Özünüzü necə təqdim edərdiz?
– Adımı səsləndirməkdə çətinlik çəkənlər məni İqqi deyə çağırırlar. Torontonun şərqində yerləşən Skarboro rayonundanam. 12 yaşından basketbolla ciddi məşğul olmağa başlamışam. İllər keçdikcə bacarıqlarımı daha da yaxşılaşdırdım. 15 yaşımda ABŞ-a yollandım. Kaliforniyada təhsilimi davam etdirdim. Ardından kollecə qəbul olundum. Texasda universitet komandasının heyətində oynamağa başladım. Beləcə peşəkar karyeram başladı.
– Adın bizə daha yaxındı. Bununla bağlı nə deyə bilərsən?
– Adım şərq mənşəlidir, müsəlman adıdır. Məşhur boksçu Məhəmməd Əli kimi mən də İslamı qəbul etmişəm və adımı İrşada dəyişmişəm. Bu dini qəbul etməyimdə də türkiyəli dostumun rolu olub. Namaz qılıram, məscidə gedirəm, oruc tuturam. Dinin vacib əməllərini yerinə yetirməyə çalışıram.
– Bura gələnə qədər ölkəmiz haqqında nə bilirdin?
– Əfsuslar olsun ki, Azərbaycan haqqında geniş bir məlumata malik deyildim. Bildiyim o idi ki, Türkiyəyə yaxındır. Ancaq buraya gəldiyim üçün peşman deyiləm. Gözəl ölkədir. Yeməkləri dadlıdır, insanlar mehribandır.
– Yaxınlarınızı, uyğunlaşdığınız həyatı buraxıb bura gəlmək sizin üçün çətin olmadı?
– Xeyr, çətin olmadı, çünki 15 yaşımda Kanadadan ABŞ-a yollanmışdım. Həmin dövrdən təkliyə artıq alışmışam. Bunları karyeram üçün edirəm. Legioner həyatı yaşamaq fərqlidir. Həm üzücü, həm də ki xoş hislər yaşayırsan. Təbii ki, ailəndən, sevdiklərindən ayrı düşürsən. Sevindirici hal isə odur ki, karyeranı inkişaf etdirirsən, yenilik yaşayırsan.
– Gəncədə sizin üçün xüsusi olan nədir?
– Bəlkə sizə təəccüblü gələr, amma yeməkləriniz xüsusidir. Sözün açığı, yemək bişirməyi çox sevirəm. Ev yeməklərini, sağlam qidalanmağı sevirəm.
– Basketbolçu, idmançı olmağınıza əsas səbəb nə oldu?
– Əsas səbəb soyadımı yüksək tutmaq, tanıtmaq istəyidir. Ailəmin mənimlə qürur duymasını istəyirəm. Uşaq vaxtı bir çox şey mənim və ailəm üçün əlçatmaz olub. O yaşda artıq dərk etmişdim ki, arzuladığım hər şeyə ancaq idmançı olaraq nail ola bilərəm.
– Ailənizdə sizdən öncə basketbolçu olub?
– Bəli. Ancaq mənim kimi peşəkar səviyyədə məşğul olmayıb.
– İdmanda uğura aparan yolda ən böyük maneə nədir?
– Özüm də bunun şahidi olmuşam. Uğurun sirri mənəvi cəhətdən güclü olmaqdır. Çünki o qədər çətinliklər olur ki, onların hamısına tab gətirə bilmək üçün mənəvi gücün olmalıdır. Özünəinam hissi çox şey deməkdir. Uduzmaqdan qorxma, mübarizə apar. Özün olmağa çalışmalısan.
– Uğura köklənmək üçün hansı psixoloji üsullardan istifadə edirsən?
– Nəfəs hərəkətləri, yoqa ilə məşğul oluram. Hər iki üsul şüuru təmizləməyə, sakitləşməyə, xüsusən də ürək döyüntüsünü normallaşdırmağa xidmət edir. Ürək döyüntülərini sakitəşdirəndə hər şeyi real zamanda görürsən. Sürətli görünən çox şey əslində o qədər də sürətli deyil.
– Gənc basketbolçulara, bu idmana yeni başlayanlara nə kimi məsləhətlər verə bilərsən?
– İlk növbədə bu idman növünü sevməyə davam etsinlər. Basketbola sevgi göstərsinlər. Əsas olan budur.