- Baxış sayı: 34
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Avropa Oyunlarında idmançılarımız qazandığı uğurlarla sözün əsl mənasında tarix yazdılar. Allsport.az xəbər verir ki, bu uğurlar sayəsində belə bir mötəbər turniri 56 medalla – 21 qızıl, 15 gümüş, 20 bürünc – başa vurduq. Təbii ki, bu uğurlarda ən çox pay sahibi güləşçilərimiz oldu. Pəhləvanlarımız İlk Avropa Oyunlarında ümumilikdə 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc olmaqla 15 medal qazandılar.
Sərbəst güləş üzrə milli komandamız isə 2 qızıl 4 bürünc medal qazanmaqla azarkeşlərə böyük sevinc bəxş etdilər. Təbii ki, bu cür qələbələrdə məşqçilərin işi danılmazdır. Onlar idmançılarımızın uğurlu çıxış etmələri üçün əllərindən gələni edirlər. Güləşçilərimizin yetişməsində sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun da əməyi böyükdür. Elə prezident İlham Əliyev sərbəst güləşçilərimizin Avropa Oyunlarında uğurlu çıxışına görə iyunun 29-da F.Umudovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi. Diqqətinizə çatdıraq ki, böyük məşqçi Firdovsi Umudov 2012-ci il London Olimpiya Oyunlarından sonra “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
Böyük məşqçiylə idmançılarımızın Avropa Oyunlarındakı uğuru və bu mötəbər turnirin onların həyatındakı yeri ilə bağlı danışmaq qərarına gəldik. Umudov federasiyanın rəsmi saytına müsahibəsində qələbə üçün əllərindən gələni etdiklərini və bunun nəticəsində də uğura nail olduqlarını dedi:
– Güləşçilərimiz Avropa Oyunlarını 6-sı qızıl olmaqla 15 medalla başa vurdular. Bir məşqçi kimi təəssüratlarınızı öyrənmək istərdik…
– İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir azərbaycanlı kimi bizi çox sevindirdi. Elə bizim ilk qələbəmiz onda oldu ki, I Avropa Oyunları Azərbaycanda keçirildi. Bu, bir məşqçi kimi mənim də, yığma komandanın da məsuliyyətini artırırdı. Avropa və dünya çempionatlarında da iştirak etməyimizə baxmayaraq, I Avropa Oyunları da bizim üçün vacib yarış idi. Bu mötəbər turnirə çox ciddi hazırlaşdıq. Məqsədimiz oyunlarda uğur qazanmaq idi. Şükürlər olsun ki, onu da qazandıq.
– Sizcə, Avropa Oyunları idmançılarımızın karyeralarına necə təsir edəcək? Növbəti qələbələr üçün motivasiya olacaqmı?
– Düşünürəm ki, Avropa Oyunları bizim idmançılarımızda böyük ruh yüksəkliyi yaratdı. Bu cür mötəbər turnirlərdə qələbə qazanmaq, nəticə vermək əhəmiyyətlidir. Hər bir yarışın özü bir motivasiya xarakteri daşıyır. Amma yenə də idmançının özündən çox şey asılıdır. İdmançı var ki, Avropa, ya dünya çempionu olan kimi, onda artıq “baş gicəllənməsi” olur.
Mən hər zaman olimpiya çempionlarına da, dünya, Avropa çempionlarına da deyirəm ki, qazanılan qələbə keçmişdə qalır. Gələcəyə baxmaq lazımdır. İndi Avropa Oyunları bitəndən sonra, 3-4 gün istirahət edib təlim-məşq toplanışlarına başladıq. Bilirsiz ki, sentyabr ayında bizi lisenziya xarakterli dünya çempionatı gözləyir. Hədəfimiz artıq bu yöndədir. Eyforiya ilə yaşamaq lazım deyil. Gələcəkdə daha da uğurlu nəticələr qazanmaq lazımdır ki, Yay Olimpiya Oyunlarında xalqımızı, dövlətimizi sevindirək, cənab prezident İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğını layiqincə doğruldaq. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya da oyunların bu dərəcədə gözəl təşkilinə görə təşəkkür edirik. Xarici qonaqların istər Azərbaycan, istərsə də təşkilatçılıqla bağlı xoş sözlər deməsi doğrudan da bizi sevindirirdi.
– Cəbrayıl Həsənov, Hacı Əliyev kimi güləşçilərimiz var ki, onlar həqiqətən qızıla layiq idilər. Lakin nədənsə bürünclə kifayətləndilər…
– 8 güləşçimizin hər biri medal üçün güləşirdi. Sərbəst güləşçilər adından deyirəm ki, 2-si qızıl olmaqla 6 medalımız oldu. 2 nəfər də 5-ci yerlə kifayətləndilər: Yaşar Əliyev və Nurməhəmməd Hacıyev… Aşağı çəkidən tutmuş ağır çəkiyə qədər hər bir güləşçimiz finala iddialı idilər. Hərçənd bəzi taktiki səhvlər oldu. Cəbrayıl uduzduğu türk idmançını 2 dəfə məğlub edib. Hacı da Aleksandr Boqomoyevə əvvəllər qalib gəlib. Sözsüz ki, bu səhvlərin üstündə işləniləcək, bunlar aradan qaldırılmağa çalışılacaq.
– Sizin də həyəcanınız diqqətdən yayınmırdı. Daha çox hansı görüşdə həyəcanlanmışdız?
– Bilirsiz necədir, idmançılarımızın qələbə qazanacağına inanırdıq. Amma döşəyin kənarında dayananda hər bir idmançımızın görüşündə böyük həyəcan keçirirdik. Amma təbii ki, məşqçi bunu güləşçiyə hiss etdirməməlidir. Döşəyin kənarında olanda mən zalı görmürəm. Fikir ancaq 6 dəqiqəlik görüşdə olur. Çünki güləşçinin taleyi həll olunur. Bizim üçün həm dövlət tərəfindən, həm güləş federasiyası, həm də gənclər və idman nazirliyi tərəfindən istənilən şərait yaradılmışdı ki, uğurlu çıxış edək. Biz bilirdik ki, komandamız da hazırdır. Sözsüz ki, bizim orada 3-4 qızıl medalımız ola bilərdi. Elə Ruslan Dibirhacıyevin özü də qızıla layiq güləşçi idi.
– Xetaq Qazyumovun final görüşü bir az çətinlik yaratdı. Çünki rəqibi güclü idmançı idi.
– Xetaq finaldakı rəqibi ilə 3 dəfə görüşüb. Məğlub da olub, qalib də. Sözsüz ki, təhlükə yaradacaq rəqib idi. Ehtiyatlı güləşmək lazım idi. Ancaq təcrübə, zəka və düzgün məşq prosesləri öz sözünü dedi. Xetaq orada həm texniki, həm taktiki cəhətdən verilən bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdi. İdmançı məşqçisini eşitməlidir. O da onu etdi.
– Hacı Əliyevin erməni idmançısı ilə görüşü həm azarkeşlərə, həm də siz məşqçilərə böyük həyəcan yaşatdı desək, yanılmarıq…
– Yenə deyirəm, sözsüz ki, bütün görüşlərdə həyəcanlı idik. Amma erməni ilə görüşdə daha çox… Özünüz də gördüz ki, sərbəst güləşçilərimizdən 2-si erməni idmançı ilə qarşılaşdı və qalib gəldi. Hacı və Yaşar Əliyev qardaşları… Onların ikisi də əsgərdir. Sözsüz ki, o idmançılarımızla psixoloji söhbətlər edilib. Biz də xalçanın kənarında, dövlət, bayraq, himnimizi səsləndirmək haqqında düşünürük. Həmişə demişəm ki, məğlubiyyət yox, qələbə haqqında fikirləşin. Onu da qeyd edim ki, cənab prezidentin Atletlər kəndində bizimlə görüşməsi, öz tövsiyələrini verməsi, yarışlarımızı ailə üzvləri ilə birlikdə gəlib izləməsi bizdə böyük ruh yüksəkliyi yaratdı. Bu məqamı uğurumuzun başlıca səbəbi sayıram. O gücü biz hiss edirdik.
– Gələk Toğrul Əsgərovun güləşinə… Onun final görüşü də bir anda məğlubiyyətlə nəticələnə bilərdi. Onun da səhvi oldu, amma səhvini son anda düzəltdi…
– Biz hər bir idmançı haqqında məlumat toplayıb, görüşlərini izləyirik. Burada da elə planlaşdırılmışdı ki, görüşə birinci Toğrul başlamalıdır. Toğrul da ayaq üstdə fəndləri çox güclü edir. Rəqib də o vəziyyətdə güclü idi. Düzdür, orda bir an oldu, sonra Toğrul özünü tez toparladı. Ancaq biz inanırdıq ki, Toğrul rəqib üzərində qələbə qazanacaq. Bir məşqçi kimi mənim üçün sevindirici haldır ki, idmançılarımız doğma divarlar arasında qələbə qazandı. Yaxşı nəticələr verdilər. Millətimizin başını aşağı etmədilər.
– Sonda idmançılarımızı kürəyinizdə daşımaq məsələsinə toxunaq. Artıq bu, ənənə halını alıb…
– Olimpiya Oyunlarından sonra bu, ənənə halını alıb. Avropa Oyunlarında da demişdim ki, qızıl qazansaz, kürəyimdə meydanı dövr edəcəyik. Sözümü də tutdum.