İlham Əliyev: Bu qələbənin çox böyük mənası var və digər idman növləri üçün gözəl nümunədir

“İlk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız”.

Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibini qəbul edərkən deyib. Onun sözünə görə, ölkədə idmanın inkişafı ilə bağlı çox işlər görülüb:

“Ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir”.

Prezident həmçinin əlavə edib: “Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür – əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa”.

Həmin kateqoriyadan