İlin ilk böyük hesablı qələbəsinə “Neftçi” nail olub

Topaz premyer liqasının cari mövsümünün 2-ci yarısında ilk böyük hesablı nəticə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, buna səfərdə “Zirə”nin qapısından 3 cavabsız qol keçirən “Neftçi” nail olub.  Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqilə qalib gəlməsinə bunadək sonuncu dəfə 14-cü turda təsadüf olunub. Həmin vaxt “Sumqayıt” “Kəpəz”i, “Qəbələ” “Keşlə”ni 3 cavabsız qolla məğlub edib.

8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə  imza atan “Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib. Sonuncu böyükhesablı nəticənin qeydə alındığı “Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda “Neftçi”, “Zirə” və “Qəbələ” daha çox –  hərəyə 2, “Sumqayıt”la “Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə “Kəpəz” uduzubsa, “Keşlə”, “Səbail”, “Zirə” və “Sumqayıt”ın bir uğursuzluğu var.

Qeyd edək ki, “Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə “Zirə”yə qalib gəlib. Bunadək premyer liqada keçirilənı 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.

Həmin kateqoriyadan