“Komanda fasilədən sonra reaksiya vermədi”

“Artıq futbolçularla söhbət etmişəm. Onlara bildirmişəm ki, Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalı və müdafiədə inamlı oynamalıyıq. Bunu həm özümüz, həm də klub üçün etməliyik. Evdə qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.

Allsport.az saytı xəbər verir ki, bunu konfrans liqasının 2-ci təsnifatının ilk oyunundan sonra “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib. Rumıniyalı mütəxəssis Kiprin “Aris” klubu ilə matçın 2-ci hissəsindən narazı qaldığını qeyd edib:

“Komanda fasilədən sonra reaksiya vermədi. Birinci hissədə qol şansları oldu, amma yararlana bilmədik. Oyunçuların fiziki cəhətdən problemləri yoxdur. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq.

İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Fürsət yarandıqda, qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki “Neftçi” üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur”.

Həmin kateqoriyadan