- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Stadionun qonaq azarkeşləri üçün ayrılmış tribunasına gələn kimi özümü Azərbaycanda hiss etdim. Biletimdə göstərilən oturacaqda bir nəfər əyləşmişdi və mən ona bunu söyləyəndə dedi ki, “a kişi, dedilər harada istəyirsən otur, mən də oturdum, onsuz da tribunanın yarısı boşdur”. Sağa-sola baxdım ki, “semiçka” satan tapım, yadıma düşdü ki, Londondayam. “White Hart Lane” stadionunda.
Çıxdım bir neçə sıra yuxarı. Onsuz da futbola hündürdən baxmaq daha yaxşıdır. Ürəyimdə isə ümid etdim ki, “Tottenhem” onun meydanına çıxan azərbaycanlılarla mənim kimi, qonaqpərvərcəsinə davranacaq.
Yanımda Nağı kişi oturmuşdu. Çoxdanın azarkeşidir. Hələ SSRİ-nin bürüncünü götürən “Neftçi”ni xatırlayır. Ona deyəndə ki, həmin bürüncün əsas banisi, Nağının kəndçisi Əhməd Ələsgərov rəhmətə gedib, kefi pozuldu. “Elə yaxşı məşqçi olmayıb Azərbaycanda”, dedi.
Fikirləşib dedim ki, Qurban Qurbanov ortaya çıxandan sonra, onun bu fikri olan bilsin ki, düz deyil. Nağı kişi razılaşdı və biz Qurbanın “Qarabağ”ına tamaşa etməyə başladıq. Nağı kişinin şərhlərinin müşaiyətilə. Komandalar meydana çıxanda dedi ki, “ala bunlar at boydadırlar, bizimkilər onların heç çənəsinə çatmırlar”.
Razılaşmadım. Dedim ki, dədə-babalarımızın sürdüyü Orta Asiya at cinsinin boyu kiçik idi, “Tottenhem” oyunçuları isə həmin atlardan xeyli hündürdürlər. Bu arada isə oyun başladı, nə başladı. “Qarabağ” oynadı, oynatdı, bizim tribunaya həzz verdi, qonşu tribunadakı “Tottenhem”in təşkilatlanmış 2-3 minlik azarkeşlər qrupunu susdurdu, penalti qazandı və onu qola çevirdi.
Bütün bunlara altı dəqiqə getdi. “Əla oynayırlar. Halaldı!”. Razılaşdım Nağı kişi ilə. Doğrudan da əla oynayırlar. Taktiki xırdalıqlara getməmək üçün, deyim ki, lap elə “Barselona” kimi. Amma 25-ci dəqiqədə Nağı kişi dedi: “Nəsə bizimkilər onların dalınca çatmırlar…” Atlar yadıma düşdü. Dedim ki, boyda da olmasa, sürətdə və dözümlülükdə doğrudan da dədə-babalarımızın atları ilə müqayisə etmək olar bu “Tottenhem” oyunçularını. Və bu amillərdə xeyli üstündürlər onlar “Qarabağ” oyunçularından.
Bir azdan isə bu üstünlük öz bəhrəsini verdi. Qaçırıla bilən künc zərbəsindən birbaşa ötürülən top qapıdan beş metr aralı təklikdə (!!!) duran Son Hunq Minə gəldi və dərhal həmin qapıya göndərildi. Ona nəzarət etməli olan Almeyda isə, nədənsə, bu hadisələri kənardan müşahidə edirdi.
Burada Nağı kişinin nə dediyini təkrarlamaq istəmirəm, amma onu deyim ki, mən uşaq olanda biz məhəllədə futbol oynadığımız zaman (bəli, vaxt var idi ki, Bakıda uşaqlar futbol oynayırdılar) belə əlifba səhvini edən müdafiəçi, komanda yoldaşlarından özü barədə bir xeyli yeni məlumat öyrənərdi.
Bu səhv taktiki olsa da, o dərəcədə ibtidai idi ki, burada məşqçini qətiyyən günahlandırmaq olmaz – mümkün deyil ki, oyunçular bunu bilməsinlər. Nə isə, hadisədir də…
Üç dəqiqədən sonra isə Nağı kişinin dediklərində qəm, qüssə və qəhr hiss etmək olardı: “A kişi, bu koreyalı bizdən nə istəyir? İki dəqiqədən bir qol vurarlar?” Vurarlar, Nağı kişi, vurarlar. Qiymətin az qala 40 milyon manat olsa, hətta vurmalısan da. “Qarabağ”da qiyməti 40 milyon olan oyunçu yoxdur. Hətta 4 milyonluq belə yoxdur…
Düzdür, canlı insanların dəyərini pulla ölçməyə nifrət edirəm, amma müasir futbolun, və bəlkə də dünyanın reallığı budur. Qaçılmazdır bu müqayisə. Və ona görə hesab edirəm ki, alqışlanmalıdır “Qarabağ”. Bütün bu bahalı oyunçulara qarşı göstərdiyi yüksək səviyyəli oyununa görə alqışlanmalıdır. Alqışlandı da.
Oyunun sonunadək ağdamlılar dəfələrlə əla təşkilatlanmış, bəzən isə mən deyərdim ki, nəfis oyun göstərirdilər ki, yerli şərhçilərin yazdığına görə, “qonaqlar yaratdıqları şanslardan yaxşı istifadə etsəydilər, qələbəni onlar bayram edəcəkdilər”.
Amma şansları yaxşı istifadə etmək üçün hücumçunun adı Reynaldo yox, Ronaldo olmalıdır. Düzdür, Qurban Qurbanovun özü də pis deyildi bu işdə vaxtı ikən. Amma Qurban müəllim meydanın kənarında durub durub, komandasının oyununu necə gücləndirəcəyi barədə düşünürdü. Və çarəsizlikdən (başqa izah tapa bilmirəm buna) ehtiyatda olan yeganə hücumçunu meydana buraxdı.
Armenterosu görəndə Nağı kişi “sən öl, bu, rayonumuzun keçmiş polis rəisindən də kökdür” dedi. Həmin polis rəisini tanımadığımdan, mübahisə etməyi düzgün saymadım. Ola bilsin ki, Azərbaycan çempionatı səviyyəsində elə canlı hücumçu rəqib mudafiəsinə təzyiq üçün istifadə edilə bilər.
Amma “Tottenhem”in səviyyəsi tamamilə başqadır və nəticədə Armenteros oynadığı 27 dəqiqə ərzində londonluların cərimə meydançası yaxınlığında topa, səhv etmirəmsə cəmi iki dəfə toxuna bildi. Sonda isə Lamela daha bir qol vurdu və meydan sahiblərinin qələbəsini 3:1 hesabı ilə rəsmiləşdirdi.
“Qarabağ” bu oyunda bacardığını göstərdi. Və bacardığı doğrudan da yüksək səviyyəli futboldur. Düzdür, Almeydanın uşaq səhvi olmasaydı, bəlkə də oyunun taleyi başqa olacaqdı. Amma futbolda “bəlkə də” olmur. Və “Qarabağ”ın səviyyəli futboluna qarşı səviyyəli futbolçuları qoyan “Tottenhem”in qələbəsi şəksizdir.
Oyundan sonra londonluların məşqçisi Maurisio Poçettino Qurban Qurbanova yaxınlaşıb, qucaqladı. İndiyə kimi onun heç bir məşqçiyə belə yanaşdığını görməmişdim. Şəxsən mən bunu bir ustanın başqa bir həmkarının işini gördükdən sonra, ona göstərdiyi iqrar kimi başa düşdüm. Demək, “Qarabağ”dan daha yaxşı nəticələr gözləməyə dəyər.