- Baxış sayı: 47
- 31 Dekabr 2025 22:22
- Baxış sayı: 47
- Dekabr 31, 2025
- 0

Azərbaycan idmanında özbaşınalıq, fəlakət, durğunluq, görüntü və azğınlıq sonda etimadsızlığa yol açıb. Artıq federasiyalar yavaş-yavaş gənclər və idman nazirliyinin çevrəsindən çıxmağa başlayıb. İlk addım cüdo federasiyasından gəlib. Öncəki ACF rəhbərlikləri – Füzuli Ələkbərov –Asif Əsgərov – Zair Məmmədov – Elnur Kələntərli – Elnur Camalxanov birliyinin və Rövnəq Abdullayev – Sadıq Sadıqov – Elmar Babanlı komandasının etimad göstərdikləri əsasən yerlilərdən ibarət məşqçi heyətinin qurduğu yüksək səviyyəli işin nəticəsində Paris-2024-də 2 qızıl medal əldə edən Rəşad Nəbiyev – Rəşad Rəsullu, Elnur Məmmədli – Natiq Bağırov ittifaqı, bundan bəhrələnərək artıq öz əbədi, toxunulmaz səltənətini yaradaraq ağayana qərarlar verir, qanuna zidd hökm çıxarırlar. İdman ictimaiyyətində yayılan məlumata görə, nazir Fərid Qayıbov ona ünvanlanan şikayətlər müqabilində çətin və çıxılmaz duruma düşüb.
Bəli, ACF – yeganə federasiyadır ki, GİN-in bayrağı altında təşkil olunan ölkə çempionatına KİV üçün qeydiyyat elanı edir, nazirliyin vahid medal dəstlərini bəyənmir, özünə qarşı güclü müxalifət yaradıb, haqqında ən çox şikayət var, qalmaqalların tən ortasındadır, “qara siyahı”sındakılara düşmən gözü ilə baxır, ən çox büdcəyə malikdir, əsas millilərdə ən çox əcnəbi çalışdırıcıya sahibdir, yerli məşqçilərə dəyər vermir, “arzu etmədiyi” idmançıları, mütəxəssisləri, hakimləri və jurnalistləri təlim-məşq toplanışlarına, yarışların ön hissələrinə, beynəlxalq tədbirlərə və məşq zallarına buraxmır. Budurmu ictimai birlik? Nəsə gerçəyə bənzəmir. Son nə olacaq? Yaxşıya ümid yoxdur. Etiraz dalğası daha böyüyəcək.
Dekabrın 26-da ilin idman yekunlarına həsr olunan tədbir keçirilib. Ölkə başçısı, eləcə də Milli olimpiya komitəsinin rəhbəri İlham Əliyev mərasimdə iştirak edib. O, toplantıda geniş nitq söyləyib və sonda idman ictimaiyyətinin öncülləri ilə ayrı-ayrılıqda əl verib salamlaşıb, səmimi söhbətləşib, deyib-gülüb zarafatlaşaraq hər zaman onların yanında olduğunu açıq nümayiş etdirib. Onun çıxışında bir məqam xüsusi diqqət şəkib: “Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir”.
Dövlət başçısının sözündən belə qənaətə gəlmək olur ki, gənclər və idman nazirliyi, milli olimpiya komitəsi və idman federasiyaları daim çox sıx əlaqəli şəkildə fəaliyyət götərməli, onun kimi bu qurumlar da idman adamlarının arxadayağı olmalıdırlar. Necə ki, qalib ali baş komandan çıxışını “Əziz idmançılar. Əziz dostlar” kəlmələri ilə başlayıb. Bu sözlərdə çox məntiq, fəlsəfə və hikmət var! Arifə bir işarə də bəs edir. Anlamayan isə, çox güman, bir gün başında “Dəmir yumruq” görəcək…






