Məşqçilərin 1-ci forumu nə ilə yadda qaldı?

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə təşkil edilən “İdman həftəsi” çərçivəsində tədbirlərə martın 2-dən start verilib. Allsport.az saytı xəbər verir ki, həftənin ilk tədbiri olaraq bu gün məşqçilərin I forumu keçirilib. Açılışda öncə dövlət himni səsləndirilib, ardınca ümummilli öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Forumda Menecment və biznes, kineziologiya üzrə fəlsəfə doktoru, Maribor və Lyublyana universitetlərinin professoru Edvard Kolar (Sloveniya) “İdmançıların hazırlıq və performansının ekspert modelləşdirilməsi – “Məğlubedilməz Azərbaycan” layihəsinin əsası kimi” mövzusunda təqdimatla çıxış edib.

İlk dəfə olaraq tədbirdə xarici mütəxəssislərin çıxışları zamanı tərcümə süni intellekt vasitəsilə aparılıb. Tədbir panel iclasları ilə davam edib. “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer?” mövzusu üzrə 1-ci panel müzakirələrdə “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, 2-ci panel müzakirələrdə isə olimpiya çempionu Namiq Abdullayev və Azərbaycan badminton millisinin baş məşqçisi Murtuza Validarvi iştirak ediblər.

3-cü panel müzakirələrdə isə Azərbaycan milli antidopinq agentliyinin icraçı direktoru Təhminə Tağızadə, tibb və fəlsəfə doktoru, fiziki məşq fizilogiyası üzrə professor, Yaxın Şərq Universitetinin idman elmləri mərkəzinin direktoru Əli Heydər Dəmirəl (Türkiyə) iştirak ediblər.

Forumda Sloveniya iqtisadiyyat, turizm və idman nazirliyinin idman ombudsmanı, atletika üzrə məşqçi Rozl Prezel “Şəxsiyyətin qorunması (Safeguarding)” mövzusuna toxunub.

Forumun davamında inklüzivlik və sosial təsir üzrə təşəbbüskar, voleybol üzrə olimpiya oyunlarının 2-qat gümüş medalçısı Yelizaveta Brax-Tisçenko (İsveçrə) “İdmаnda qadınlar, məşqçilik və liderlik”, tətbiqi kineziologiya üzrə fəlsəfə doktoru, böyüklər üçün psixi sağlamlıq mərkəzində klinik psixologiya üzrə mütəxəssis Maya Smrdu “Şəxsiyyətin qorunması” mövzusu barədə fikirlərini bölüşüblər.

Sonda mütəxəssislər Namiq Bədirxanov, Rozl Prezel və Maya Smrdu təqdimatla çıxış ediblər.

Həmin kateqoriyadan