Millətlər liqasında “ay-ulduzlular”ımızın rəqibləri bilinib

Bu gün UEFA-nın yeni layihəsi olan millətlər liqasının ilk mövsümünün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, qitənin ali futbol qurumuna üzv olan 55 ölkənin millisi 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyıblar.

Yığmaların UEFA əmsalına görə yarış iştirakçıları 4 dəstədə qüvvəsini sınayacaq. “A” liqasında yer alan ən güclü 12 komanda kubok və medallar üçün mübarizə aparacaq. “B”-də 12, “C”-də 15, “D” liqalarında 16 kollektiv mücadilə edəcək.

Bütün liqalarda komandalar 4 qrupa bölünüb. “A”-da qrup qalibləri mükafatlar uğrunda yarımfinal və finalda oynamaq imkanı qazanacaqlar. Digərlərində qrup birinciləri 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək. “A”, “B” və “C” liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə oynamaq məcburiyyətində qalacaq.

Qrup mərhələsinin nəticələri təkcə yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AÇ-2020-nin seçmə mərhələsinin püşkatması zamanı komandaların səbətlərə bölünməsi məhz millətlər liqasının nəticələrinə görə gerçəkləşəcək. Bundan başqa, hər dəstədən 1 milli AÇ-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

Reytinqə görə UEFA-nın 40-cı komandası olan Azərbaycan yığması “D” liqasında yer alıb. Millimiz ən zəif 16 komanda sırasında 1-cidir. 2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq qrup mərhələsinin iştirakçıları püşkdən öncə səbətlərə bölünüb. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız “D” liqasının 1-ci səbətində qərarlaşıb.

“A” liqası

1-ci qrup: Almaniya, Fransa, Niderland
2-ci qrup: Belçika, İsveçrə, İslandiya
3-cü qrup: Portuqaliya, İtaliya, Polşa
4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya

“B” liqası

1-ci qrup: Slovakiya, Ukrayna, Çex Respublikası
2-ci qrup: Rusiya, İsveç, Türkiyə
3-cü qrup: Avstriya, Bosniya və Hersoqovina, Şimali İrlandiya
4-cü qrup: Uels, İrlandiya, Danimarka

“C” liqası

1-ci qrup: Şotlandiya, Albaniya, İsrail
2-ci qrup: Macarıstan, Norveç, Bolqarıstan, Kipr
3-cü qrup: Sloveniya, Yunanıstan, Finlandiya, Estoniya
4-cü qrup: Rumıniya, Serbiya, Çernoqoriya, Litva

“D” liqası

1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino
3-cü qrup: Azərbaycan, Farar adaları, Kosovo, Malta
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq

Püşkün qaydalarına əsasən, iki cütlük eyni qrupda yer ala bilməz. Ölkələr arasında münasibətləri nəzərə alan UEFA “B” liqasında Rusiya və Ukrayna, “D” liqasında Azərbaycanla Ermənistanı ayrı qruplara salıb. Lakin pley-offda oynamalı olacaqları halda, bu rəqiblərin də qarşıdurması qaçılmazdır. Püşk nəticəsində “D” Liqasında aşağıdakı qruplar formalaşıb. Millimiz isə Farer adaları, Kosovo və Malta ilə bir qrupa düşüb.

 

Həmin kateqoriyadan