Murad Ağakişiyev: “Bütün rəqibləri eyni səviyyədə görmək lazımdır”

“Kəpəz”in qarşıdakı mövsüm üçün heyətinə qatdığı futbolçulardan biri də Murad Ağakişiyev oldu. Allsport.az xəbər verir ki, Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarında, eləcə də yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacaran yarımmüdafiəçi Nizami yurdunun təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

Klubun mətbuat xidmətinə açıqlama verən Ağakişiyev “Kəpəz”dəki vəziyyətindən məmnunluğunu ifadə edib: “Komanda yenidən qurulsa da, hər şey yüksək səviyyədədir. Baş məşqçimiz və klub rəhbərliyi futbolçular üçün əlindən gələni edir. Bura yığışdığımız ilk gündən verilən tapışırıqları yerinə yetirməyə çalışırıq. Başımızı aşağı salıb üzərimizə düşən işi görürük”.

Futbolçu Premyer Liqanın startı haqda da fikirlərini bölüşüb: “İlk turda kiminlə oynayacağımız məlumdur. Rəqibimiz “Neftçi”dir. Ümumiyyətlə, çempionatın ilk turu rəqibin kimliyindən asılı olmayaraq həmişə çox çətin olur. Güclü və ya zəif olmasına baxmayaraq bütün rəqibləri eyni səviyyədə görmək lazımdır. Çempionata yaxşı hazırlaşmışıq. Bizim kimi məşqçilər korpusu da hazırlığımızın daha yaxşı olması üçün durmadan işləyir”.

Murad Ağakişiyev karyerasında ikinci dəfə “Kəpəz”də oynamaq imkanı qazanıb. Bir neçə il bundan öncə müəyyən səbəblərə görə debüt etmədən komandamızdan ayrılan orta xətt oyunçusu bu dəfə ki, keçidinin uğurlu alınacağına ümidlidir: “Allahın köməyi ilə bu mövsüm mənim üçün “Kəpəz”də uğurlu olar. Gəncə klubu ölkənin sayılıb-seçilən komandalarındandır. Tarixi kökü, titulları var. Həmişə göz qabağında olan klubdur. Hamımız çalışacağıq ki, “Kəpəz”i layiqincə təmsil edək”.

Həmin kateqoriyadan